Məişət zorakılığının qarşısı alınacaq – qanuna dəyişiklik edildi





Milli Məclisin bugünkü iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci maddəsinin 4-cü bəndinə dəyişiklik layihəsi müzakirə olunub. 

Sherg.az bildirir ki, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Təklifə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir - "Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir”.

Bununla da məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi hal və onun mühafizəsi ilə bağlı tədbirlərin təxirə salınmadan, daha sürətlə həyata keçirilməsi mexanizmi tətbiq olunur. Layihə səsə qoyularaq qəbul olunub.