Ekspertlər hesab edir ki, onların istirahəti valideynlərdən asılıdır
Bir müddətdir ki, Azərbaycanın orta məktəblərində dərslər başa çatıb. Təhsil müəssisələri "gedin istirahət edin” deyərək şagirdləri yay tətilinə buraxıb. Maraq doğuran məqam odur ki, dövlət təhsil ocaqları məktəblilərə tətil müddətində hansı işlə məşğul olacaqlarına dair heç bir göstəriş verməyib.
Əslində isə məktəblər "biz şagirdlərin istirahətlərini əllərindən ala bilmərik” deməklə kifayətlənməli deyillər. Çünki bu proses inkişaf etmiş bir sıra ölkələrdə fərqli şəkildə aparılır. Yəni şagird düşərgələri salınır və məktəblilər həmin düşərgələrə cəlb olunurlar. Orada onlar üçün əyləncə tədbirləri ilə yanaşı, intellektual səviyyələrinin yüksəldilməsinə dair təlimlər də təşkil edilir. Bəzən isə, başqa bir ölkəyə ekskursiyaya yollanıb, həmin ölkənin tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olurlar ki, bu da onların dünya görüşlərinin zənginləşməsinə xidmət göstərir.
Beləliklə, həmin şagirdlər tətil müddətindən səmərəli faydalanmış olur. Maraqlıdır, görəsən, bu təcrübə ölkəmizdə niyə tətbiq olunmur?
Məsələyə aydınlıq gətirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, yay tətilinin məktəblərə aidiyyəti yoxdur. Ekspertin sözlərinə görə, şagirdin yay tətilində nə ilə məşğul olması valideyndən asılıdır: "Bununla yanaşı, düşünürəm ki, hər bir müəllim şagirdə yay tapşırıqları verməlidir. O tapşırıq təbiətlə tanışlıq, humanitar və bədii ədəbiyyat oxumaqdan ibarət olmalıdır. Amma şagirdləri və ya tələbələri istirahət müddətində çox yükləmək də olmaz. Çünki onlar yeni dərs ilinə, güclü enerji ilə gəlməlidirlər. Bir sözlə, istirahət vaxtı onlar dincəlməlidirlər. Onların necə dincəlmələri isə ailədən, valideyndən asılıdır. Bunun üçün heç bir rəsmi qərar yoxdur. Sadəcə, ənənədən gələn iş üslubudur”.
Sosioloq Asif Bayramov isə söyləyib ki, hazırda dünyada bizim iradəmizdən və istəyimizdən asılı olmayan qlobal proseslər gedir. Həmin proseslər daha çox mənəvi, psixoloji sahəni əhatə edir: "Bir çox hakim dövlətlər yetişən gəncliyə ideoloji, mənəvi təsir rıçaqları uğrunda mübarizə aparırlar. Özümüz də hiss etmədən mübarizə meydanında onların hədəflərinə çevrilmişik. Bu səbəbdən hesab edirəm ki, milli kimliyimizi qurban verməmək üçün milli kimlik şüurunun mənimsədilməsi istiqamətində öz gənclərimizlə iş aparmalıyıq. Bunun üçün onların asudə vaxtlarında milli şüuru gücləndirən ədəbiyyatların mütaliəsinə yer ayrılmalıdır. Milli kimlik düşüncəsini cilalayan filmlər və proqramlar hazırlanıb, onların istifadəsinə verilməlidir. Xüsusi istirahət düşərgələri salınmalı, orada milli dəyərlərimiz və milli dövlətçiliyimizi sevdirə biləcək proqram həyata keçirilməlidir. Əks halda, virtual aləm və müasir elektron informasiya vasitələri gənclərimizi əlimizdən alacaq”.
Müsahibimizin fikrincə, son zamanlar Azərbaycan gəncliyində milli kimlikdən uzaqlaşma prosesi güclənməkdədir: "Bu hal onların milli dəyərlərimizə baxışlarında özünü daha qabarıq göstərir. Zənnimcə, milli kimlik düşüncəsinin aşılanması istiqamətində məktəblilərlə iş aparsaq, bu sahədə daha çox uğur qazana bilərik”.
Ayyət Əhməd