Nabatəli Qulamoğlu: “Bu, zamanın zərurətidir”
Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı fənlərin sayının azaldılması təklif olunur. Təhsil Problemləri İnstitutunun "12 illik təhsilin struktur və məzmun məsələləri” mövzusunda keçirdiyi toplantıda məlum olub ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı 11-dir.
Bu səbəbdən təklif olunub ki, fənlərin sayı azaldılsın və riyaziyyatla informatika inteqrativ bir fənn kimi birlikdə keçirilsin. Bundan başqa qeyd olunub ki, ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan 17 fənnin sayı 13-ə endirilsin. Tam orta təhsil səviyyəsi üzrə tədris olunan 14
fənnin sayı isə 9 olsun. Həmçinin təmayüllər üzrə istiqamətlərdə humanitar (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, xarici dil), texniki (riyaziyyat, informatika, fizika), Təbiət elmləri (fizika, kimya, coğrafiya, biologiya) və digər istiqamətlər üzrə fənlərin sayının azaldılması fikirləri də ortaya atılıb.
Təklifi dəyərləndirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirib ki, ibtidai və orta məktəblərdə tədris olunan fənlərin sayının azaldılması zəruridir: "Doğrudur, fənlərin sayı çoxdur. 2-3 ölü fənn mövcuddur ki, onları ixtisar etmək olar. Buna rəğmən bəzi məsələləri diqqətdən kənarda saxlamaq olmaz. Əhəmiyyətli fənlərin tədris saatını daha da yüksəltmək lazımdır. Məsələn, riyaziyyat və informatika mütləq ayrılıqda tədris olunmalıdır. Bunun əleyhinə çıxan adamların qanında milli çatışmazlıq hissləri mövcuddur. Necə ola bilər ki, bu fənlər birgə tədris olunsun? Riyaziyyat və informatika həyatımızda generator rolunu oynayır. Belə olan halda o fənləri necə birləşdirə bilərik? Bunu iddia edənlər gərək desinlər ki, tarixlə coğrafiya, Azərbaycan dili və ədəbiyyat da birgə keçirilsin”.
Ekspertin sözlərinə görə, riyaziyyat və informatika dünyanın aparıcı fənləri sayılır: "Düzdü, ölkəmizdə əmək təliminin adını dəyişib texnologiya qoyublar. Amma ad dəyişməklə heç nə dəyişmir. Açığı, hazırda nə əmək təlimi, nə də bədən tərbiyəsi dərsi normal şəkildə tədris olunur. "Həyat bilgisi” adlı fənn var. O nəyə gərəkdir? Amma riyaziyyat və informatikanı birlikdə tədris etmək heç doğru deyil. Bu fənlərin birgə keçirilməsi gələcəyimizin böyük şübhə altına alınması deməkdir”.
12 illik təhsil sisteminə keçidin əhəmiyyətinə toxunan N.Qulamoğlu onu da diqqətə çatdırıb ki, bu təhsil sisteminə keçid dünyanın səsinə səs verməkdir: "Bu, zamanın zərurətidir”.
Ayyət Əhməd