"Məktəblərə dəmir barmaqlıqlar yox, dəmir qayda tətbiq edilsin !" - AÇIQLAMA

"Məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması problemin həlli yolu deyil.”.
Bu sözləri "Sherg.az”a açıqlamasında təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu deyib.
Ekspertin sözlərinə görə, neqativ halların aradan qaldırılması üçün ilk növbədə məktəb rəhbərliyi müvafiq şərait yaratmalıdır:
"Cəmiyyətdə müxtəlif hadisələr vaş verə bilər. Məktəb də cəmiyyətin bir hissəsidir. Hansısa qızı zorla istəmədiyi bir oğlana nişanlayırlar. Sonra da həyət-bacanı bağlayırlar ki, qız qaçmasın. Məktəblərdə dəmir barmaqlıqların quraşdırılması da buna bənzəyir. 
Məktəb rəhbərliyi qayda-qanun, tərbiyə yarada bilmir, daha doğrusu özləri məktəbdə tərbiyəsizliklə məşğul olurlar. Tam əminliklə deyirəm, müəllim, direktor, direktor müavinlərinin işi pul yığmaqdır. Öz gözlərimlə belə hadisələrin şahidi olmuşam. Təbii ki, bunu hər kəsə aid etmirəm.
Düşünürəm ki, məktəblərdə belə tədbirlər sadəcə olaraq cəmiyyətin gözünə kül üfürmək kimi bir şeydir. Məktəblərə dəmir barmaqlıqlar tətbiq etmək nədir axı? Belə tədbirlərlə neqativ halların qarşısını almaq olmaz. Təhsil olmadan insan yaşaya bilər. Bəla ondadır ki, bizim məktəblərimiz tərbiyəsizliyi təlqin edir. Məktəblərə dəmir barmaqlıqlar yox, dəmir qayda tətbiq edilsin !"
Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində 162 nömrəli məktəbin VIII sinif şagirdinin intiharından sonra Təhsil Nazirliyi tərəfindən bütün məktəblərə qeyri-rəsmi formada yuxarı mərtəbələrin pəncələrinə dəmir barmaqlıqların quraşdırılması barədə tapşırıq verildiyi barədə məlumatlar yer alıb.
Yeganə Bayramova