Məktəbli formaları bahalaşdı

“Bakı Tikiş Evi”nin şöbə müdiri qiymət artımını dollarla əlaqələndirir




"Bakı Tikiş Evi”nin (BTE) tikdiyi mək təbli formalarının qiyməti bahalaşıb. Bu barədə qurumun satış şöbəsinin rəisi Etibar Əzimov danışıb: "Məktəbli formasının qiyməti 8, 5 faiz bahalaşıb.

Dollar bahalaşdığına görə məktəbli formalarının bahalaşması da labüd idi. Biz də məktəbli formasının hazırlanması üçün düyməni, iynəni, sapı, parçanı, astarı xaricdən dollarla alırıq. Ona görə də, qiymət artımı oldu. Əslində artım heç bizə də sərf etmir”.

E.Əzimov deyib ki, aşağı siniflər üçün tikilən 26-44 ölçülü məktəbli formasının (dəst) qiyməti 34 manatdan 37 manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə 32-54 ölçülü formalar 43 manatdan 46 manatadək artıb.

Onun sözlərinə görə, ötən il tikilən formaların hamısı satılıb: "Biz yeni tikməyə başlayırıq. Bizim formalar minimum 2 il geyinilir. Ona görə əvvəlcədən dəqiq say demək olmur. Artıq tikməyə başlayıblar. Biz satışın gedişinə baxacağıq. Ehtiyac olduqca, tikiş davam etdiriləcək. Hazırda Sumqayıt, Abşeron və Bakının bütün rayonlarında cəmi 13 mağazamız fəaliyyət göstərir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu bahalaşma ilə razılaşmayıb. "Şərq”ə açıqlamasında qiymət artımının yalnız istehsalçıya faydası olduğunu diqqətə çatdıran ekspert alternativ planlar irəli sürülməli olduğunu deyib: "Bu gün hər kəsə məlumdur ki, bahalaşmanın qarşısını almaq üçün dövlət lazımi səviyyədə islahatlar həyata keçirmir. BTE-nin arxasında Təhsil Nazirliyi, nazirliyin dörd minə qədər orta məktəbi və qırx mindən çox müəllim heyəti durur. Ona görə də belə inhisarçılıq vəziyyəti yaranır. Bunun qarşısının alınması vacib məsələlərdəndir”.

E.Hüseynov bahalaşmanın qarşısını almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə də məsuliyyət düşdüyünü bildirib: "Komitə məktəbli formalarının standartlarını müəyyən etməli, istər xaricdən gətirilən formalarda, istərsə də daxildə hazırlananlarda bu norma ilə yerinə yetirilməlidir və həmin alternativ tikişlərlə qiymətin stabilləşməsi mümkün olar”.

Aysel Aslan