“BTE, onun arxasında duran Təhsil Nazirliyi inhisarçı mövqelərindən əl çəksin”
Növbəti tədris ili üçün məktəbli formalarının qiymətində bahalaşma olacaq. Bu barədə Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. O, artımı manatın devalvasiyası ilə əlaqələndirib:
"Hələlik növbəti tədris ili üçün işlərə başlamamışıq. Amma dollar bahalaşdığından məktəbli formalarının bahalaşması qaçılmazdır. Biz əslində bahalaşmanı istəmirik. Amma geyimlərin tikilməsi üçün parça Türkiyədən dollarla alındığına görə bahalaşma olacaq”. E.Əzimov məktəbli formalarının nə qədər bahalaşacağının hələlik dəqiqləşmədiyini bildirib: "Hələlik bahalaşmanın miqdarı bilinmir. İşlərə başlanandan sonra məbləğ də açıqlanacaq”.
Məlumat üçün bildirək ki, hazırda I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagirdləri üçün 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagirdləri üçün isə 52 manat olub. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq”ə bildirib ki, məktəbli geyimlərinin qiymətini indiki qiymətlərdən 40-50 faiz aşağı salmaq olar. Bir şərtlə ki, BTE, onun arxasında duran Təhsil Nazirliyi və nazirliklə birgə olan 40 min müəllim ordusu inhisarçı mövqelərindən əl çəksin: "Əsas məsələ odur ki, formaların standartları müəyyənləşsin və həmin standartlar açıq elan olunsun. İstənilən sahibkar, istənilən ölkədə o standartlara uyğun forma tikdirib, Azərbaycan bazarlarına gətirsin. Belə olan halda qiymətlər 30-40 faiz ucuzlaşa bilər. Sadəcə olaraq adıçəkilən qurumlar azad bazar iqtisadiyyatı şəraitində yaşadıqlarını anlamalıdırlar. Özlərinin üstün mövqelərindən istifadə edib, qiymət diktə etməməlidirlər. Təsadüfi deyil ki, hələ 2011-ci ilin 16 yanvarından Nazirlər Kabinetinin müşavirəsində cənab Prezident ölkədə inhisarçılığın olduğunu dilə gətirdi və buna qarşı mübarizə aparmağı elan etdi. Təəssüflər olsun ki, bəzi dövlət qurumları, o cümlədən Təhsil Nazirliyi və başqa qurumlar cənab Prezidentin tapşırıqlarına əməl etmir. Deməli, bu məsələlər azad bazar iqtisadiyyatı şəraitinə keçməlidir. Bundan sonra bazar özü də qiyməti tənzimləyəcək və qiymətlər düşəcək”.
Ayyət Əhməd