Məktəbli formaları yenə müzakirəyə çıxarılıb

Bakı Tikiş Evi ittihamlarla razılaşmır
“Valideynləri narazı salan formalar fərdi sexlərdə tikilən, Çindən kiloqramla gətiriləndir”

Təhsil naziri isə deyir ki, valideynlərin bu məsələni müzakirə etmək haqqı var


Sovet illərinin məktəbli formaları o zamanın şagird və valideynlərinin yaxşı yadındadır. Qızlar üçün mavi ətək, ağ köynək, oğlanlar üçün mavi şalvar və gödəkçə, ağ köynək. Qış formaları isə qızlar üçün qəhvəyi şal parçadan tikilərdi, adi günlərdə qara önlük, bayram, əlamətdar günlərdə isə ağ önlük taxardılar. Formaların ağ yaxalıqları da olardı ki, onun təmizliyi şagirdin səliqəsi və təmizliyə nə dərəcədə riayət etməsinin göstəricisi sayılırdı.

O zaman həqiqətən də vahid məktəbli forması tətbiq edilirdi. Bütün sovet respublikalarının şagirdləri eyni məktəbli geyimində olmalı idi. Bir məsələ var ki, bu formaları geyinən uşaqların bəlli bir ideologiyanın rəmzi sayılan qırmızı qalstuku, oktyabryat, pioner və ya komsomol nişanları da olurdu. Elə indi də məktəblilərimiz hərəsi bir rəmz gəzdirir. Bəzi təhsil müəssisələri digərlərindən seçilsinlər deyə, məktəbli formalarına öz əlavələrini edirlər. Amma fərqlilik bununla bitmir. Elə məktəblər, liseylər var ki, şagirdlərə xüsusi sifarişlə forma tikdirirlər. Bu da "sıravi” məktəbli formasından baha başa gəlir. Həm də ümumi ahəngi pozur.
Bunlar bir yana. Valideynlər hazırda təsdiq olunmuş vahid məktəbli formasının keyfiyyətindən, görünüşündən də narazıdırlar. Yeni tədris ili başlanar-başlanmaz valideynlər sosial şəbəkələri zəbt edib və hər kəs gördüyü, eşitdiyi yenilikləri paylaşır. Vahid məktəbli formasının görünüşündən narazılıq edən valideynlərdən biri feysbuk səhifəsində yazıb ki, məktəbli forması geyinən uşaqlar yesirə oxşayır.

Forma əyinlərindən tökülür elə bil. Uşağın "vid-fasonu” olmur. Qabaqkı formalar qutu kimi idi. Şagirdin əynində "şıq” qalırdı.

İndikilərsə elə bil əski parçasıdı...

Məktəbli formaları niyə "əski parçası”na bənzədilir? Məsələni vahid məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evi ilə çözməyə çalışdıq.

BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov "Şərq”ə açıqlamasında bir çox məsələlərə aydınlıq gətirdi:

- Vahid məktəbli formasının modelləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib, etalonlar təsdiqlənib və bu formaların tikilməsi hüququ bizə verilib. Bizim uyğunluq sertifikatımız var. Məktəbli formalarının tikilişində istifadə olunan parçalar Türkiyədən gətirilir. Bu parçalar da Avropa laboratoriyasının sertifikatını alıb. Yəni, parçanın keyfiyyətsizliyi söhbət mövzusu ola bilməz. Qohumlarınız, yaxınlarınız arasında məktəbə gedənlər varsa, onlardan soruşa bilərsiniz. Valideynlər BTE-nin tikdiyi məktəbli formalarından razıdırlar. BTE-nin formaları valideynlər tərəfindən bəyənilir. Bu formaları şagird minimum 2 il geyinir. Əlbəttə, əgər uşaq ölçüdən çıxmasa. Belə hallar ola bilər ki, uşaq boy atar, kökələr və ötən il geyindiyi forma əyninə kiçik gələr, o zaman valideyn yeni məktəbli forması almaq məcburiyyətində qalar. Amma normal halda uşaqlar bu məktəbli formalarını minimum 2 il ard-arda geyinə bilirlər. Rəngi solmur, parça xarab olmur. Çünki keyfiyyətli materialdandır. Valideynləri narazı salan formalar fərdi sexlərdə tikilən, Çindən kiloqramla gətiriləndir. Bilirsiz ki, çoxlu işbazlar var. Çindən kilo ilə mal vurub gətirirlər. Biz bununla bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmişik. Bu idarə Standartlaşdırma Komitəsi ilə birgə reydlər keçirib və bir neçə qanunsuz sex aşkarlayıb. Hazır formalar saxlanılan sexlər də olub, parçalar saxlanılan sexlər də.

Biz də öz adımızdan həmişə valideynlərə müraciət edirik ki, gedib "Sədərək”dən, "Binə”dən məktəbli formaları almasınlar. BTE-nin satış mərkəzləri var, onların ünvanları, harada yerləşdikləri göstərilir, qiymətlər də aydın qeyd olunur. Bəzən valideynlər ucuz mal ardınca qaçır. Məsələn, BTE-nin tikdiyi məktəbli forması 37 manatdırsa, işbazların satışa çıxardıqları bundan 5-3 manat aşağı olur. Valideyn də 5-3 manata görə, keyfiyyətsiz mala üstünlük verir. Bir dəfə yağışa düşən kimi parça büzüşür, formasını itirir. Amma biz öz mallarımıza 1 illik təminat veririk. Baxmayaraq ki, istehsal qaydalarına görə, dəyəri 100 manatdan aşağı olan mallara təminat verilmir.

E.Əzimov qeyd etdi ki, BTE-nin məktəbli formaları parçanın keyfiyyətinə, səliqəli tikilişinə görə fərqlənir. Həm də valideynlərə həmişə tövsiyə olunur ki, məktəbli formasını BTE-nin satış mərkəzlərindən alsınlar:

- Çindən gətirilən parçalar, məktəbli formaları həm keyfiyyətsizdir, həm də ziyanlıdır. Ucuz başa gəlsin deyə parçaların istehsalında zərərli kimyəvi komponentlərdən istifadə olunur. Bu da uşağın sağlamlığına ziyandır. Müxtəlif allergik reaksiyalar verir, uşağın sağlam inkişafını ləngidir.

Bəs, vahid məktəbli formalarının istehsalı yalnız BTE-nə məxsus olduğu halda, bu mallar gömrükdən necə keçirilib ölkəyə gətirilir?

E.Əzimov bu suala cavab verə bilməyəcəyini söylədi:

- Bu məsələ artıq bizlik deyil. Görünür, hansısa yolla bu malları yayındırıb keçirə bilirlər.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov da məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib.
Nazir AzTV-yə müsahibəsində deyib ki, valideynlərin bu məsələni müzakirə etmək haqqı var:
"Hər il hansısa təhsil müəssisəsi məktəbli formalarının dizaynını, yaxud formasını dəyişirsə, onda valideynlər də bu məsələni təbii ki, müzakirə etməlidir.
Bu kimi məsələlərdə fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə, yerli təhsil idarələrinə və nazirliyə müraciət edilə bilər. Belə qərarların verilməsi konsorsium nəticəsi əsasında olmalı, müzakirələrdən keçməlidir”.
Nazir söyləyib ki, məktəbli formasının tətbiqində əsas məqsəd hər kəs üçün bərabər imkanların yaradılmasıdır:
"Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq”.

Məlahət Rzayeva