Məlumatlar yalan çıxdı

“Azəriqaz”ın işçilərinə paylaşılan şəkillərdəki kimi təlimat verilməyib



"Azəriqaz” İstehsalat Birliyində "İşgüzar geyim qaydaları” ilə bağlı təlimatı sosial şəbəkələrdə yayılan şəkillər və məlumatlar yalandır. Bunu "Azəriqaz” İB ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev "Şərq”ə danışarkən söyləyib.

İ.Kərbalayev bildirib ki, belə məlumat xəbər xatirinə verilən informasiyalardır: "Belə bir geyim və saç qaydaları tətbiq edilməyib. Gələcəkdə dress-kod qaydalarının tətbiq edilib-edilməyəcəyini deyə bilmərəm, çünki bu barədə məlumatsızam”.

Qurum rəsmisi isə ümumiyyətlə hər bir şirkətdə olduğu kimi "Azəriqaz”da da qaydaların mövcud olduğunu vurğulayıb: "Lakin paylaşılan şəkillərdəki kimi təlimatlar verilməyib”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, İctimai Şuranın üzvü Sahib Məmmədovun fikrincə, dress-kod qaydaları hər bir şirkətin özünü təqdimetmə siyasətinin tərkib hissəsidir: "Yerli qanunvericiliklə belə məsələlər tam tənzimlənmir. Ona görə də Nazirlər Kabinetinin ayrıca qərarına ehtiyac var. Lakin saç düzümü ilə bağlı qaydalar müəyyənləşəndə müəyyən məqamlar nəzərə alınmalıdır. Məsələn, işgüzar saç qaydalarında saçın necə olması öz əksini tapan zaman mənim saçım olmamağına baxmayaraq saçın olması mütləqdir qeyd edilərsə, bu, qanuna ziddir və ayrıseçkilik yaradır. Həmçinin mənim saç saxlamağım irad göstərilə bilməz”.

S.Məmmədov işgüzar geyim qaydalarının müəyyənləşməsini isə normal hesab edir: "Çünki "Azəriqaz” hər hansı bir əməkdaş vulqar və ya üstündə istənilən bir şüar yazılan geyimlə işə gəldiyi zaman bu şirkətin imicinə xələl gətirə bilər. Ümumiyyətlə, dövlət və özəl müəssisələrdə istehsalat geyimləri istisna olmaqla işçilərin geyim görkəmi ilə bağlı qanunlarımıza əks olmayan qaydaların tətbiq edilməsi mümkündür”.

Məlumat üçün qeyd edək ki, fotoların Nəsimi Rayon Qaz İstismar İdarəsinin inzibati binasında çəkildiyi iddia olunurdu.

Vüqar Şahinoğlu