“Məmurun məsuliyyəti olduğu kimi, jurnalistin də məsuliyyəti var”

Əli Həsənov: “Bu günlərdə bir nazir mənə zəng edərək qəzetlərdən birində onun təhqir olunduğunu bildirdi”
“Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var”


Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin "18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələrdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib. "İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edən Ə.Həsənov deyib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, insan hüquqları sahəsində mühüm nailiyyətdir.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib, soyqırım törədib, 1 milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salıb, insan hüquqlarını kütləvi surətdə pozub: "Təəssüf ki, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən hələ də çəkinir”.

"2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb”

Prezidentin köməkçisi vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xaos aradan qaldırılıb, sabitlik bərpa edilib: "Bu dövrdən başlayaraq, beynəlxalq sənədlərdə insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla, qanunlarımız qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi. Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. Sonradan Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla İnsan Hüquqları Günü kimi qəbul edilib. 2006 və 2011-ci ildə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. İnsan hüquqları söz və sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Sərbəst toplaşmaqla bağlı yerli icra hakimiyyəti orqanları rayonlarda açıq və qapalı yerlər müəyyən edilib. Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2,5 milyon vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib”.

"15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır”

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan danışan Ə. Həsənov söyləyib ki, ölkədəki QHT-nin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtsaslaşıb: "2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərinin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən başlayaraq icra orqanları yanında İctimai şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında "KİV haqqında” qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar. Mətbuat Şurası , Milli Televiziya və Radio Şurasının yaradılması, Prezident İlham Əliyevin medianın inkişafına diqqətlə yanaşmasının nəticəsidir. Ölkə başçısı KİV-in qlobal məkana inteqrasiyasına daim dəstək verir. 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fond tərəfindən ötən dövr ərzində medianın inkişafına 30 milyon manat ayrılıb. Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5 mindən çox KİV qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir. Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı 1,2 milyon nəfəri ötüb”.

"O jurnalist özünü dəli oğlanlığa vurub”

Mətbuatla bağlı danışarkən Prezidentin köməkçisi medianı məsuliyyətli olmağa çağırıb. Ə.Həsənov bu yaxınlarda onunla bir nazirin arasında olan dialoq haqqında danışıb: "Bu günlərdə bir nazir mənə zəng edərək qəzetlərdən birində onun təhqir olunduğunu bildirdi. Həqiqətən də həmin yazı başdan-ayağa böhtan idi. Mən də ona təklif etdim ki, məhkəməyə müraciət etsin. O da dedi ki, "işimi-gücümü atıb məhkəməyə müraciət etməyəcəm ki...”. Ə.Həsənov həmin jurnalistin adının daha 15 məhkəmə işində hallandığını söyləyib: "Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var. Nə edək, bu adam özünü dəli oğlanlığa vurub. Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi, jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir”.

Təssəvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, "mən buranı bağlayıram. Çünki buranı yoxlayacam”

"İnsan hüquqları hüdudu olmayan bir anlamdır. Bu məsələyə digər rakursdan baxsaq, istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür” - deyən Prezidentin köməkçisi bildirib ki, istehlakçıların hüquqlarını müdafiə etdiyimiz instansiyadan baxdıqda onların da insan hüquqları ilə bağlı öz baxışları var: "Onların da hüquqları qorunmalıdır. Təssəvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, "mən buranı bağlayıram. Çünki buranı yoxlayacam”. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumların hamısı bu vəziyyətdədir. Bilirik ki, belələri də var. O rakursdan baxanda istehsalçıların, istehlakçıların da özlərinə nəzarət edən qurumların hüquqlarının müdafiəsinə ehtiyac var. Bu yaxınlarda Azərbaycan Prezidenti sahibkarlıq subyektlərində yoxlamaların 2 il aparılmasını qadağan etdi. Bundan istifadə edən işbazların hərəsi bir QHT adı ilə müəssisələrə gedib yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamağa cəhd edir. Demirəm ki, burada vəziyyət acınacaqlıdır. Bu baxımdan QHT-lərin, medianın da fəaliyyəti şəffaflıq tələb edir”.

"Dövlət strukturlarından və cəmiyyətdən daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk”

Ə.Həsənov qeyd edib ki, insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır: "İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Davranış normalarının ortaq xətti məhz insan hüquqlarının təmin olunması üçün dolğun şəraitin yaradılmasıdır. Hakimiyyət qanadı olaraq, həm qanunverici orqan olaraq daxil olan təşəbbüsləri və təklifləri ümumiləşdirib ümumi ictimai davranış qaydaları səviyyəsinə qaldırıb qanunvericilik təsviri kimi həyata keçiririk. Biz icra orqanları maksismum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış, vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətdəki məsələləri həll edək. Məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşların məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməli, insanların icra, qanunvericilik strukturundan və QHT-lərdən şikayət etmək hüququnu dolğun təmin etməlidir”. Prezidentin köməkçisi vurğulayıb ki, cəmiyyətdə şəffaf müzakirə mühiti yaradılmalıdır: "Düşünürəm ki, parlamentin bu təşəbbüsünün gələcəyi var və bunu davam etdirmək lazımdır. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturlarından və cəmiyyətdən daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır”.

Anar Bayramoğlu