Sosial çarxın təqdimatı jurnalistləri də duyğulandırdı
Ötən gün paytaxtın "Flame Towers” - "Park Cinema”da "Mən azərbaycanlıyam” adlı sosial layihənin təqdimatı keçirildi. Aparıcı Zemfira Adıgözəlova, rejissor Nail Naiboğlu, ssenarist Elnurə Nağıyevanın birgə ərsəyə gətirdiyi ekran işinin ilk nümayişində Azərbaycanın tanınmış ziyalıları, sənətçilər və jurnalistlər iştirak ediblər. Təqdimatda layihənin müəllifi Zemfira çıxış etdi:
"Aprelin ilk günü Naftalanda idim. Tapqaraqoyunlu kəndi bu rayona çox yaxın məsafədə yerləşdiyindən, atəş səslərindən az qala qulaqlarımız tutulurdu. Cəbhə bölgəsindən qayıdandan sonra, yaşadıqlarımın təsiri altından çıxa bilmirdim. Yaradıcı insanlar çox həssas olurlar. 3-4 gün özümdə olmadım, yemək yeyə bilmədim. Biz Bakıda rahat yaşayarkən, təmas xəttinə yaxın kəndlərdə olan həmyerlilərimiz hər an qorxu altındadırlar. Dəhşətli səhnələrin, güllələrin səsinin şahidi olduğum an rejissor Nailə yazdım ki, biz bu fəryadı dünyaya yaymaq üçün hansısa layihə etməliyik. Biz bu hücumların qarşısını almaq və torpaqlarımızı geri qaytarmaq üçün dünyaya çağırış ərsəyə gətirdik”.
Qarabağ dərdindən bəhs olunan layihənin çəkilişləri Atəşgah məbədində baş tutub. Sosial çarx Azərbaycanın dilindən dünyaya hayqırtıdır. Və hər bir müraciətin tərcüməsi ingiliscə cümlələrdə tərcümə olunub. "Mən azərbaycanlıyam” adlı layihədə Qarabağdan bəhs edən cümləni hər bir tanınmış şəxs müxtəlif dildə səsləndirib.
Rejissor Nail Naiboğlunun ərsəyə gətirdiyi reklam rolikinin ideya müəllifi isə tanınmış teleaparıcı Zemfira Adıgözəlova idi. 25 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal edən erməni vandilizmini dünyaya bir daha sübut etmək üçün Azərbaycanın 18 tanınmış siması, idmançısı, sənətçisi, ictimai xadimi bu layihədə iştirak edərək "Mən azərbaycanlıyam” deyib möhtəşəm layihəyə imza atmış oldular. Son vaxtlar təmas xəttində yaşananlar isə bir daha ermənilərin vəhşiliyini sübut etmiş oldu. Məhz belə məqamlarda azərbaycanlıların bir arada olması, həqiqət səsimizi dünyaya çatdırmağımız vacibdir. Reklam çarxında tanınmışlar Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dilə gətirir. Bütün deyilənlər isə paralel olaraq titrlar vasitəsilə ingilis dilində də təqdim edilir. Reklam rolikinin ingilis dilində hazırlanmasında Xalq artisti Flora Kərimovanın qızı Zümrüdün əməyi olub.
"Mən azərbaycanlıyam” layihəsində Xalq artistləri Alim Qasımov, Məleykə Əsədova, Əməkdar artistlər İlqar Muradov, Aybəniz Haşımova, Ədalət Şükürov, Lalə Məmmədova, müğənni Elnur Məmmədov, Roza Zərgərli, rəqqasə Fatimə Fətəliyeva, modelyer Fəxriyyə Xələfova, paraolimpiya çempionu İlham Zəkiyev, dünya çempionu Eduard Məmmədov və digərləri çəkiliblər.
"Mən azərbaycanlıyam” layihəsi təqdim olmazdan öncə rejissor Nail Naiboğlu bu layihədə əməyi keçən hər kəsə təşəkkürünü dilə gətirdi.
Reklam çarxının ssenarisi təqdimatda iştirak edən hər bir izləyicini təsirləndirdi. Reklam çarxı təqdim olunduqdan sonra ilk söz millət vəkili Elmira Axundovaya verildi: "Belə bir reklam çarxına uzun müddətdir ehtiyac var idi. Ermənilər Sumqayıt hadisələrini qondarma ermənilərə qarşı vəhşilik adı ilə elə o zamanlar dünyaya çatdırmağa çalışdılar. Biz isə bəzən belə layihələri, reklam çarxlarını hazırlayarkən gecikmiş oluruq. İlk dəfə Heydər Əliyev adına fondun vitse-prezidenti Leyla Əliyeva Xocalıya dəstək kampaniyası çərçivəsində belə böyük bir layihəni həyata keçirmişdi. O, dünyaya səs salan ilk qaranquş oldu. Sizin bu layihəniz Qarabağ həqiqətlərini bu tərzdə çatdırmaq üçün 2-ci qaranquş oldu. Bəlkə də biz 24 ildi belə reklam çarxlarına ehtiyac duyurduq. Çox təsirləndik. Mənə elə gəlir ki, belə reklam çarxlarının, kliplərin olması vacibdi. Bu layihənin ingilis, ya da rus dilində olması o qədər vacib deyil. Bu, ilk növbədə bizə lazımdı. Uşaqlarda, gənclərdə vətənpərvərlik ruhunu yüksək tumaq üçün lazımdı. Həqiqətləri dilə gətirmək üçün lazımdı. Biz siyasətçilərdən çox siz sənət adamlarına, incəsənət xadimlərinə insanların inamı çox olur. Ona görə də sizin dilinizlə bu həqiqətlər çatdırılanda daha təsirli olur. Bu gün bu təqdimatda iştirak edən hər bir azərbaycanlı bu görüntülərdən təsirləndi. Deməli, bizim hər birimizin içində Azərbaycan yaşayır. İnşallah, biz qələbəmizi əks etdirən reklam çarxları, klipləri çəkərək təqdimatlar təşkil edərik”.
Tahirə