Musa Yaqub: "Orda şəhid olan cavanlarımız, gözəl oğlanlarımız mənim balalarımdır. Onların atası qədər mən də yanıram""Mən uşaq olanda, 9 yaşımda mayın axırları idi, güclü qar yağmışdı. Evdən çıxdım, qar məni ağzına alıb apardı. Yəni bu cür təbiət hadisələri həmişə olub"
Musa Yaqubu geniş təqdim etməyə ehtiyyac yoxdur. Şeirləri ilə xalqımızın könlünü oxşayan, sevgisini qazanan, əsl təbiət insanı, qocaman şairimizin bu günlərdə 79 yaşı tamam oldu. 80 illik yubleyinə bir il qalan böyük şair heç kəsdən heç nə ummur."Xalqımın sevgisi hər şeyimdir” - deyir. Bu günlərdə çoxlu təbriklər aldığını söyləyən, şair bildirir ki, onu yaşadanın da məhz şerlərindən dolayı sevilməsidir. Musa bəyi təbrik etməklə yanaşı, bir az söhbətləşmək fürsətindən də yararlanmağa çalışdım. Şair qeyd etdi ki, ad gününü sakit şəkildə, evdə qeyd edib...
-Mən ad günümü təmtəraqlı qeyd edən deyiləm. Amma sağ olsunlar, Azərbaycanın və dünyanın hər yerindən təbriklər aldım. Zəng edirlər, təbriklərini çatdırırlar. Oxucularımın bu təbrikləri məni çox sevindirdi. Dostlarım, yoldaşlarımdan zəng edənlər oldu, yanıma gələnlər oldu. Gözəl şairimiz, dostum Ramiz Rövşən, akademik Rafiq Əliyev, professor Qulu Məhərrəmli gəldi, bir yerdə oturduq, balaca məclis düzəltdilər, ad günümü qeyd etdik.
- Yazıçılar Birliyindən gələn oldumu?
- Onlar da sağ olsunlar, gəlməsələr də, zəng edib təbriklərini çatdırdılar. Bundan artıq neynəməlidirlər ki?! Mən açığı 79 yaşımı qeyd etmək istəmədim. Gələn il 80 illik yubley yaşımdı. Yaşasaq, baxarıq görək necə edirik. Bu ilki səhvimizi yəqin ki, yubley yaşımda düzəldərik.
- 80 illik yubleyinizin dövlət səviyyəsində qeyd olunacağını gözləyirsizmi?
- Mən heç vaxt belə şeyləri gözləmirəm. Ümumiyyətlə belə məsələləri adam gözləsə bədbəxt ola bilər. Gözləmək həm də yorğunluq verən bir şeydi. Ömrüm boyu mən adıma hansısa tədbirin keçirilməsini, hansısa mükafatın verilməsini gözləməmişəm. Yubleyimi etsələr də sağ olsunlar, etməsələr də. Mən bu kimi şeylərin həvəsində olan adan deyiləm. Bu qədər zənglər, təbriklər alan, sevgi görən şairin yubley tədbiri, mükafatlar yadına düşmür.
-Gənclər də sizi çox sevirlər. Gənc ədiblərdən təbriklər yəqin ki almısız...
- Əksəriyyəti telefon açdı, təbrik elədi. Hamısına minnətdaram. Məni sevdiklərinə görə var olsunlar. İstanbuldan bir cavan oğlan gəlib, gedib Buynuza. Məni tapa bilməyib. Zəng elədi, görüşmək istədi. Mən də razılıq verdim. Süleyman Muradlı adında cavan, gözəl, intellektli bir oğlandır. Başına da 2-3 dostunu götürüb görüşümə gəldi, onunla bir xeyli söhbət elədik. Suallar verdi. İnan ki, bütün yaradıcılığımdan xəbəri var. Bütün şerlərimi bilir. Onunla görüşdə, söhbət edəndə ürəyim o qədər sevindi ki... Bu sevinc, bu sevgidir məni yaşadan.
- Səhhətiniz necədir?
- Səhhətim normaldı. Düzünü deyim ki, alababatam.
- Müalicə etdirirsinizmi özünüzü?
- Həkim yazdığı dərmanlar var, mütəmadi onlardan istifadə edirəm.
- Ötən il, müalicəvi kurorta getmişdiz - Gürcüstana. Bu il də gedəcəksizmi?
- Orda Səyirmə adlı yer var. Könlümdən keçir ki, bu il də gedim. Oradakı su, hava böyrək üçün xeyirlidir. Mənim böyrəklərimdə problemlər var. Səyirmənin suyu böyrək yolunu, öd yollarını təmizləyir. Bir müddət ondan sonra yaxşı oluram. Bu il də getmək niyyətim var. Yəqin ki dostlarla bir yerdə gedib, 5-6 gün orda istirahət edəcəm.
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Yavaş-yavaş işləyirəm. Şerlər yazıram. Bir neçə şerlərim var ki, onları kitaba salmışam. Yeni şerlər də var, yəqin ki payızda yeni kitab halında çap etdirəcəm. Ürəyimdə yazdığım o qədər şerlər var ki, zaman-zaman bloknotuma köçürürəm.
- Bir çox yazıçı və şairlər daha çox payız-qışda yaradıcılıqla məşğul olduğunu deyir. Bildirirlər ki, yay aylarında məhsuldarlıqları olmur. Sizdə bu hal necədi, bütün fəsillərdə yazırsız, yoxsa siz də qış aylarında aktiv olanlardansız?
- Mən bütün fəsillərdə yazıram. Yəni beynimə, ruhuma təb gəldisə, onu kağıza köçürürəm. Amma məndə də payız aylarında məhsuldarlıq daha çox olur. Payız aylarında daha çox işləyirəm. Ağacdan yarpaq, meyvə töküləndə, elə bilirəm yerə yox, mənim ürəyimə tökülür. Sizə bir sirr də açım. Anamın dediyinə görə mən yazda yox, payız ayında doğulmuşam. Anam deyirdi ki, sən doğulanda yarpaqlar düşən vaxt idi. Özüm də hiss edirəm ki, payızda, tərəzi bürcündə doğulmuşam.
O vaxt doğulduğun vaxtı düz yazmaq imkanı az olub. Çətin dövr imiş, götürüb sənədə hansı tarixi yazırdı rəsmilər, o tarixdə də qalırdı. Mənə də pasportuma 10 may yazılıb, elə də qalıb. Hələ ayı səhv yazmaq deyirsən, bəzilərinin o vaxtlar heç ili də düz yazılmayıb.
-Ölkədəki ədəbi mühitlə bağlı fikirləriniz maraqlıdır...
- Müşahidə edirəm. Hər şey öz qaydası ilə gedir. Qəribə, çətin bir mühitdir. İqtisadi, siyasi cəhətdən də çətinliklər var. Ədəbi aləmdə də, vəziyyət ürəkaçan deyil. Ədəbiyyata diqqət azdır. Narahatlıqlarım var bu cəhətdən. İndi deyirlər kitab, qəzet oxunmur. Yalandır, razı deyiləm. Kitab oxuyanlar da var, qəzet oxuyanlar da. Sadəcə kitabın, qəzetin reklamı yoxdu. Kitab çıxır, nümayiş etdirməyə yer yoxdu. Kitabxanalar azdı. Xüsusən də əyalətlərdə kitab mağazaları demək olar ki, yoxdur. Yaxşı sanballı qəzetlər nəşr edilir, reklamı yoxdur, zəifdir. Satış yerləri məhduddur. Məncə reklam, göstəriş köməklik edər kitaba, qəzetə maraq artar.
- Qlobal iqlim dəyişikliklərinə münasibətiniz necədi Musa bəy?
- Mənim havamın çatmadığını hiss edirəmsə, iqlim dəyişikliyinə münasibətim pisdən də pisdir. Məsələn, Buynuzdan Bakıya qayıdanda, Qaradağa çatanda bilirəm ki, hava qarışdı. Buynuzun havası hara, paytaxtın havası hara?. Şəhərlərdə hava çatışmazlığı hər zaman olub. Sənayə obyektləri, maşınların çoxluğu, oksigeni dəyişir. Qlobal iqlim dəyişikliyi gedir deyirlər. Mən bilmirəm neçə ildir, iqlim dəyişikliyi gedir? Amma o vaxtlar da, maraqlı təbiət hadisələri baş verirdi. Mən uşaq olanda, 9 yaşımda mayın axırları idi, güclü qar yağmışdı. Evdən çıxdım, qar məni ağzına alıb apardı. Yəni bu cür təbiət hadisələri həmişə olub. İndi bir az hay-küy salırlar ki, yayda qar yağdı, qışda 30 dərəcə isti oldu və s. Əvvəllər də olub bu cür hadisələr. Əgər deyirlərsə ki, qlobal iqlim dəyişikliyi bir əsrdir var, o zaman bir söz deyə bilmərəm.
- Aprel ayında işğalçı Ermənistan ordusunun təxribatı nəticəsində cəbhədə vəziyyət gərginləşdi. Azərbaycan ordusunun gücü düşmənləri yerində oturtdu. İşğaldan bir neçə yüksəklik azad edildi. Şairlər əksərən müharibələrin əleyhinə olurlar. Siz aprel döyüşlərini necə qiymətləndirirsiz?
- Bu hadisə məni çox həyacanlandırdı. Fikirləşdim ki, torpaqlarımızın azad edilməsi üçün bir az da qoşunlarımız irəliləyə bilərdi. Müharibənin hər kəs əleyhinədir. Mən də istəmirəm müharibə olsun, qan tökülsün. Amma ermənilər torpaqlarımızdan çıxmırlar. İşğal ediblər, separatçılıq ediblər. Dünya da susur. Bunlara heç kim demir ki, caamatın torpağından çıxın. Biz də məcburuq axı. Ərazilərimiz işğaldan azad olunmalıdır. Könül istər ki, sülhlə, danışıqlarla problem həll edilsin. Amma Ermənistan rəhbərliyi sülhlə məsələnin həllini istəmir. Bu halda da bizim dövlət məcbur qalır ki, mənfurları ərazilərimizdən silah gücü ilə qovsun. Bizim ordumuz güclüdür, torpağını azad edə bilər. Amma buna imkan verməyən Rusiyadı. Ermənistan bu gün kürəyini Kremlə söykəyib, Azərbaycana da deyir çıxmıram torpaqlarınızdan. Rusiya cəmiyyəti, ziyalıları dövlətlərinə deməlidirlər ki, Azərbaycan haqlıdır, haqlının yanında dayanmaq lazımdı. Qarabağ probleminə görə çox narahatam. Mən torpaqlarımızın işğaldan azad edilməsini istəyirəm bir ziyalı kimi. Amma müharibə ilə yox, sülhlə. Birinci Qarabağ münaqişəsində də, davam edən bu illərdə də, sonuncu aprel döyüşlərində də cavan, gözəl oğlanlarımız şəhid oldu. Heyf olub gedir gənclərimiz. Düzdü atalar, analar deyirlər "Vətən sağ olsun", "Vətənimizi qorumaq lazımdır". Mən də onlarla razıyam. Amma o analar içlərində nə çəkirlər, o ataların qəddi necə içdən əyilir. Məsələnin bu tərəfi də var. Orda şəhid olan cavanlarımız, gözəl oğlanlarımız mənim balalarımdır. Onların atası qədər mən də yanıram. Amma neyniyək ki, düşmən torpağımızı azad etmir. Torpaq insanın, xalqın qeyrətidir. Torpağımızı işğalçılar tapdayırsa, biz başıaşağı dayana bilmərik. Qeyrətsizlik edib torpaqları bağışlamaq olmur. Bizim gənclik, bizim xalq qeyrətlidir. Ona görə də torpağını işğaldan azad etmək üçün odun-alovun içinə atır özünü. Onların ruhu bağışlasın bizi.
Anar Bayramoğlu