“Mən türkləri sevmirəm”

İtaliya baş konsulunun bu cavabı Xeyrəddin Qocanı özündən çıxarıb



Roma Papası I Fransiskin 1915-ci il hadisələrini erməni "soyqırımı” kimi təqdim etməsi Azərbaycan ziyalılarının da kəskin etirazına səbəb olub. Vatikan liderinin narazılıq doğuran bəyanatına münasibət bildirən tanınmış yazıçı-dramaturq Xeyrəddin Qoca "Şərq”ə verdiyi açıqlamada Papanın bu cür danışığının gözlənilən olduğunu deyib:

"2002-ci ildə İtaliyaya turist səfərinə getmək üçün sənədlərimi İstanbuldakı İtaliya baş konsulluğuna təqdim etdim. Bəri başdan qeyd edim ki, dünyanın müxtəlif ölkələrindən Türkiyəyə akkreditasiya olunan baş konsullar ayrı-ayrı tədbirlərdə, ziyafətlərdə bir-biri ilə görüşürdülər. O cümlədən mən də Azərbaycanın İstanbuldakı baş konsulu kimi onlarla birlikdə olurdum.

Xarici ölkələrə getmək istəyən azərbaycanlılar viza ilə əlaqədar bizə müraciət edəndə əməkdaşlarımız həmin ölkələrin konsulluqlarına sadəcə bir zəng vurub, kömək göstərirdilər. Yuxarıda qeyd etdiyim kimi, mən də İtaliyanın İstanbuldakı baş konsulluğuna sənədlərimi verərək xeyli gözlədim, amma heç bir cavab gəlmədi. Özüm baş konsulun görüşünə getdim. Niyə viza məsələsinin gecikdirildiyini, görüşümüzə qədər şengen vizasının verilmədiyini soruşdum. İtaliya baş konsulundan qəribə və təəccüblü cavab aldım: "Bilirsiniz, mən türkləri sevmirəm! Sizə şengen vizası yazmışdıq, sonra üstündən xətt çəkib, bir aylıq elədik”. Mən ona anlatmağa çalışdım ki, gözəl bir ölkənin baş konsulu kimi danışığında siyasi səhvə yol verir, türk torpağında oturub, türkləri bəyənmədiyini dilə gətirir, hər şeydən əvvəl bir Azərbaycan türkü kimi mənə hörmətsizlik edir, o dilləndi: "türkləri sevmirəm, vəssalam”. Onda bildim ki, İtaliya rəsmi dairələrinin Türkiyə və türklər haqqında hansı fikirləri ola bilər. İndi qəzetlər yazırlar ki, Papanın mövqeyi İtaliyanın rəsmi dairələrinin mövqeyini ifadə etmir. Məgər, Papa İtaliya rəsmi dairələrində vəzifə tutanlardan kiçik vəzifə daşıyır? Mən Türkiyədə beş ildən çox yaşayan bir insan kimi daim türk qardaş və bacılarımdan belə bir fikir eşitmişəm: "Bütün dünya müsəlmanlarını gözləri götürmür. Dünyada müsəlmanlara qarşı altdan-altdan işlər görürlər. Mənim fikrimcə, "islamafobiya” da altdan-altdan görülən işlərin nəticəsidir. Artıq, bu fikirləri bütün tribunalarda açıq-aşkar söyləməyin vaxtıdır! Necə ki, Türkiyə Cümhuriyyətinin başçısı Ərdoğan hər şeyi açıq-aşkar söyləyir...”

İsmayıl