“Məndə inam var...”

“İlkin mərhələdə 7 rayonun azad olunmasından söhbət gedir”
“Artıq elə bir vaxt gəlib ki, Moskva mütləq Azərbaycana köməklik göstərməlidir”


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sarkisyanın görüşü gözlənilir. ATƏT Minsk Qrupunun həmsədrləri ilin sonunadək sözügedən ölkə liderlərinin növbəti görüşünü təşkil etməyə ümid edirlər. Bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, münaqişənin danışıqlar yolu ilə nizamlanmasına gətirəcək prosesin davam etdirilməsi üçün görüşlərin keçirilməsi vacibdir: "Hazırda nizamlanmanın prinsip və elementləri müzakirə edilir. Lakin tərəflər hələlik daha konkret müzakirələr mərhələsinə çatmayıb”.

Amerikalı həmsədrin təşəbbüsünü dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll açarı Qərb deyil, Rusiyanın əlindədir: "Hazırda Moskva ilə Bakı arasında intensiv danışıqlar gedir. Demək olar ki, Kreml qəzetlərə davamlı olaraq məlumatlar sızdırır ki, Ermənistan Azərbaycan torpaqlarını boşaltmalıdır. İlkin mərhələdə 7 rayonun azad olunmasından söhbət gedir. Hər halda məndə inam var ki, bu proses uğurla başa çata bilər və çatmalıdır. Çünki Moskvanın ölkəmizdən gözləntiləri var. Bu, hər iki tərəf üçün əhəmiyyətli sövdələşmədir. Artıq elə bir vaxt gəlib ki, Moskva mütləq Azərbaycana köməklik göstərməlidir. Kremlin istəyi odur ki, Azərbaycan Rusiya ilə birlikdə addımlasın. Moskva bölgənin inkişaf etmiş ölkəsi olan Azərbaycanı özünə müttəfiq kimi görür. Bir sözlə, qarşılıqlı faydalanmaya əsaslanan danışıqlarda Rusiyanın ölkəmizə böyük dəstəyi olacaq”.

Ayyət Əhməd