“Məndən nə eşitmək istəyirsiniz?”

Zaur Rzayev: “Bu gün Cahangir Cahangirov səviyyəsində musiqi yazan varsa, mahnısını təqdim etsin, oxuyum”
“Mən az hallarda danışanam. Dediyim sözlər, irad və tənqidlər səs-küy yarada bilər. Amma bu tənqidlərdən nəticə çıxaran yoxdusa, danışmağa ehtiyac qalırmı?”

Onun ifasında səslənən bir musiqi miloynların sevgisini qazanmağına təsir edə bilib. Hər dövrün aktual mövzusu olan "cavanlıq”ın gözəlliyini, gücünü, xoşbəxtliyini bəlkə də bu ifa qədər təqdim etmək də hər sənətçinin qisməti deyil. 

Söhbət Xalq artisti Zaur Rzayevdən gedir. Repertuarında böyük maraqla dinlənən "Cavanlıq” mahnısı bu gün də ötən əsrdə olacaq qədər maraqla qəbul oluna bilir. Bəlkə də ötən əsrin sənətçiləri əslində həm də ona görə sənətkar olaraq bu gün də hörmətlə adları çəkilir ki, onların repertuarlarında bəsitliyə yol verməyiblər. Onlar səhnə məsuliyyətini istər ifalarında, istərsə də repertuar seçimlərində göstərməyi bacarıblar. Görünür, bu səbəbdən də bu gün bəstələnən musiqiləri onların repertuarında dinləmək mümkün deyil. "Şərq”in qonağı olan Zaur Rzayevlə musiqimizin bu günündən danışdıq.

- Efirlərdə az görünürsüz. Dəvət edən az olur, yoxsa hər verilişin qonağı olmaq istəmirsiz?

- Sözün düzü, mən heç vaxt şou insanı olmadığım üçün bəzi verilişlər üçün bəlkə də maraqlı olmamışam. Amma televiziya verilişlərindən dəvət gəlir. Təbii ki, mən özümə uyğun verilişlərin qonağı olmağa üstünlük verirəm. Ömrümün yarıdan çoxunu səhnədə olmuşam, tamaşaçı sevgisi qazanmışam. Bu hörməti birdən-birə əldə etməmişəm. İndi bir mənasız, şou tipli verilişə gedib şou xatirinə, görünmək üçün qazandığımı itirə bilmərəm. Amma dəvət gələndə görürəm ki, mənim yaşıma, səviyyəmə uyğundu, dəvət olan qonaqların kimliyini biləndən sonra razılaşıram.

- Bu günün səhnəsi sizi də qane etmir? Sizin dövrün sənətçiləri səhnədə olan bir çox müğənnilərin ifasını, səviyyəsini qəbul etmir.

- Hər dövrün güclü, zəif sənətçiləri olub. Amma əvvəllər efirə çıxmaq o qədər çətin idi ki, sənin təkcə səsinin olması yetərli deyildi. İfa tərzi ilə yanaşı, intellektin, dünyagörüşün, səhnə mədəniyyətin də buna imkan verməliydi. Sən efirə çıxmağın üçün televiziyada bədii şuradan keçməli idin. İndi səhnəyə, efirə çıxmağa nə var ki? Mən demirəm müasir sənətçilərin hamısı pisdi. Təbii ki, onların sırasında da yaxşı, güclü səsi olan müğənnilər də var.

- Müasir musiqini hiss edə bilirsiz?

- Mənim üçün müasir musiqi Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rəşid Behbudov, bir az da təvazökarlıqdan uzaq səslənsə də, Zaur Rzayevdi. Mən adlarını çəkdiyim sənətkarların musiqilərini dinləməyə üstünlük vermişəm. Sənətkar o deyil ki, hər gün bir mahnı oxusun, 50 il sonra isə bir ifası da yadda qalmasın. Biz hər gün bir mahnı oxumamışıq ki? 5 mahnı oxu, əsl musiqi təqdim et, sən olmayanda da yadda qalsın. Bu günün oxuyanlarına hər birinə hörmətlə yanaşıram. Amma onlardan sabah kimlərin adı tarixə düşəcək? Bu sualı bir dəfə özlərinə versələr, bəlkə də səhnədə bu qədər müğənni olmaz. Bu gün hamı oxuyur, hamı jurnalist olub, yazır, hamı şair, bəstəkar olub.

- Yəni qeyri-peşəkarların çoxalması sizi mətbuatdan da, efirlərdən də uzaq saxlayıb...

- Mən peşəkar mətbuata hər zaman hörmətlə yanaşmışam. Sizə cəsarətli jurnalist deyirəmsə, deməli, o diqqəti qazanmısız. Birinin bu gün musiqisini oxuyuramsa, deməli, dəyərini dərk edirəm. Həsən bəy Zərdabi Azərbaycan mətbuatının yaradıcılarındandı. Mətbuat tarixini bilənlərə mətbuatın gücü, qüdrəti bəllidi. Bu gün hamı jurnalistdi, hamı müğənnidi.

- Bəlkə bu qədər keyfiyyətə önəm verən sənətkarsız deyə müasir bəstəkarların mahnılarını repertuarınızda görə bilmirik...

- Aydındı, məndən nə eşitmək istəyirsiz?. Mən də sual verirəm ki, bu gün Cahangir Cahangirov səviyyəsində musiqi yazan varsa, mahnısını təqdim etsin, oxuyum. Ramiz Mirişlinin ruhunda yazan bəstəkar varsa, müasirlərdən oxuyum. İndi yazanların da ruhuna yaxın müğənnilər var, onlar oxuya bilirlər.

- Yəni müasir bəstəkarlar ruhununza yaddı?

- Yenə deyirəm, əgər keyfiyyətli, adlarını çəkdiyim bəstəkar səviyyəsində yazan olsaydı, ifa edərdim. Mənim ruhuma bu gün yazılan musiqilər yaddı. Orda Azərbaycan musiqisinin ladları yoxdu. Tofiq Quliyevin musiqi çaları insana necə təsir edə bilirsə, o təsir bugünkü bəstəkarların yaradıcığılında yoxdusa, kimdən oxuyum. "Koroğlu” uverturasını diqqətlə dinləyəndə burda Azərbaycan canlanır. Bu musiqidə toyxana da var, çağırış da var, bayraq da, dəniz də, müasirlik də var. Bu musiqidə müharibə də hiss olunur, qələbə də. Musiqinin təsir qüvvəsi yoxdursa, o artıq musiqi deyil. İndi yazılan müasir musiqilərin bir qolu ispandı, bir qolu italyan. Mən o musiqiləri necə ifa edim? Sözlərdə bayağılıq var. İstəmirəm çox danışım. Sonra deyirlər Zaur Rzayev tənqid edir.

- Əslində sizin kimi sənətkarların tənqidinə ehtiyac var. Bəlkə nəticə çıxaranlar tapılar.

- Çətin nəticə çıxaran olsun. Mən istəmirəm bu barədə ürəyimdə olan sözləri açıb danışım. Mətbuat işçiləri bu gün səs-küylü açıqlama verən sənətkarların axtarışındadı. Bilirəm ki, siz də ona çalışırsız. Mən az hallarda danışanam. Dediyim sözlər, irad və tənqidlər səs-küy yarada bilər. Amma bu tənqidlərdən nəticə çıxaran yoxdusa, danışmağa ehtiyac qalırmı? Bir də demək istədiklərimin də hamısını deyə bilmirəm. Bircə onu bilirəm ki, əsl sənətkarlar musiqiyə fərqli yanaşırlar. Onlar səhnəni gəlir yeri olaraq deyil, müqəddəs bir məkan kimi görürlər. Sənətkarın qiymətini də xalq verir.

Tahirə