Mənfur xislətləri hər yerdə ifşa olunur

Ermənilərin Qazaxıstanda törətdiyi cinayət təsadüfi hadisə deyil
"Rəsmi İrəvanla Astana arasında ciddi gərginlik var. Xüsusən də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin siyasəti fonunda bu gərginlik daha artıq müşahidə olunmaqdadır"

Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc ermənilər tərəfindən qətlə yetirilib. Yerli sakinlər gəncin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər. Karakandada toplaşan yüzlərlə insan erməni vəhşiliyinə etirazını bildirib. Aksiya iştirakçıları qətl hadisəsinə görə erməni diasporunu ittiham ediblər. Hadisə ölkə üzrə geniş rezonans doğurub və ermənilərə qarşı hiddəti artırıb.

Ermənilərin növbəti vəhşiliyini "Şərq”ə dəyərləndirən millət vəkili Tahir Kərimli deyib ki, ermənilər dünyanın hər yerində tədricən ifşa olunmaqdadır. Deputatın sözlərinə görə, Rusiya çarlığı və sovet imperiyası öz siyasətlərinin bir parçası olaraq İran və Türkiyədə məskunlaşmış erməniləri, sadəcə, Qafqazda yerləşdirməklə kifayətlənmirdilər. İmperiya düşünülmüş xətlə erməniləri həm də Orta Asiya ərazisində məskunlaşdırır, onlara hərtərəfli münbit şərait yaradırdı: 

"Bu, imperiya siyasəti idi, məqsəd ermənilərdən yararlanmaq idi. Hətta vəziyyət o həddə çatmışdı ki, Mərkəzi Asiyadakı sovet respublikalarına rəhbərlik edən şəxslərin ermənilərlə qohumluqları olurdu. "Yuxarılar” həmin şəxslər sayəsində kimlərin Moskvaya "yararlı”, kimlərin isə "yararsız” olduqlarını üzə çıxarırdılar. Bölgədəki türk respublikaları müstəqillik əldə etdikdən sonra erməni siyasətini anladılar. Başa düşdülər ki, ermənilərin bölgəyə yerləşdirilməsində məqsəd başqadır. 25 il ərzində Qazaxıstanda, Özbəkistanda və Qırğızıstanda olan ermənilər sadəcə zərər veriblər, ikili münasibətləri gərginləşdiriblər. Türk xalqları buna dözmək istəmir və haqlı olaraq erməni vəhşiliyinə etiraz edirlər. Ermənilər açıq-aşkar təxribat törədir, türklərin slavyanlarla olan dostluq münasibətlərini qısqanır, həzm edə bilmirlər. Ona görə də cinayət əməlləri həyata keçirərək terrora əl atırlar”.

Parlament üzvünün sözlərinə görə, erməni diasporası aşağıların əli ilə təxribat törədir: 

"Ermənilər tarix boyu böyük ölkələrə nökərlik ediblər və xəyanətlə ad çıxarıblar. Qazaxıstanda baş vermiş bu hadisəni təsadüfi saymıram. Baxmayaraq ki, XİN rəhbərləri müəyyən qədər razılaşmaya gəlməyə çalışırlar, ancaq baş verən hadisə ermənilərin növbəti dəfə ifşası deməkdir. Qazaxlarda milli şüur getdikcə güclənməkdədir. Vaxt var idi ki, ölkədə qazaxların sayı 40 faiz idi, lakin indi 65 faizdən yuxarıdır. Dövlət postlarında milli kadrlar çoxalmaqdadır. Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev erməni baş nazir Nikol Paşinyanı dəfələrlə sərt tənqid edib, Azərbaycanı isə müdafiə edib. Düşünürəm ki, indi Orta Asiyada baş verənlər bizim xeyrimizədir”.

Politoloq Tofiq Abbasov da "Şərq”ə bildirib ki, Qazaxıstanda baş verən hadisə birbaşa İrəvandan idarə olunub: 

"Rəsmi İrəvanla Astana arasında ciddi gərginlik var. Xüsusən də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin siyasəti fonunda bu gərginlik daha artıq müşahidə olunmaqdadır. Nursultan Nazarbayev hər zaman prinsipial mövqe tutaraq, ədalətli mövqe sərgiləyib. Qazaxıstan prezidenti çıxışlarında, sadəcə, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə kifayətlənmir, eyni zamanda Ermənistan hökumətini də tənqid edir. Nazarbayevin Belarusla birgə Azərbaycanı müdafiə etməsi erməniləri ciddi surətdə qıcıqlandırır. Hətta o səviyyədə hiddətlənirlər ki, nəticədə bu kimi qətllərə, cinayətlərə əl atırlar”. 

Analitikə görə, Qazaxıstan çoxmillətli dövlətdir. Ölkədə yüzdən artıq millətin nümayəndəsi yaşayır:

 "Heç bir xalqın nümayəndəsinə basqı, təzyiq yoxdur. Ancaq ermənilər qərəzli şəkildə Qazaxıstandakı multikultural dəyərlərə zərbə vururlar, milli ədavəti qızışdırırlar. Cinayətləri də məqsədyönlü törədirlər. Mən hadisənin təsadüf nəticəsində baş verdiyini zənn etmirəm. Qətlin arxasında erməni diasporası və ermənilərin siyasi ambisiyası durur. Cinayəti törədənlər də təlimatı İrəvandan alıblar”.

İsmayıl