"Mənim Akif Çovdarovla bağlı yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdu» -Manaf Ağayev




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Real MTK”-nin təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. İ.Qasımov özünü təqsirli bilmədiyini, buna görə də ifadə vermək istəmədiyini deyib.
İclasda zərərçəkmiş şəxs qismində Mehriban Hüseynova ifadə verib. O bildirib ki, qiyməti 72 min manat olan evi almaq üçün İ.Qasımova 53 min manat ödəyib. Lakin sonradan "Real" MTK-nin vəziyyətinin yaxşı olmadığını görüb, evi satmaq qərarına gəlib və İ.Qasımova bu barədə məlumat verib. İ.Qasımov isə evi başqasına satıb, amma onun pulunu verməyib. M.Hüseynova ona dəymiş ziyanın ödənildiyini, hər hansı şikayətinin olmadığını bildirib.
Digər zərərçəkmiş Sahib Muradov da ev almaq üçün 76 min manat pul verdiyini, sonradan evin İ.Qasımov tərəfindən satıldığını, pulu isə ala bilmədiyini deyib. O, dəymiş ziyanın ödənilməsini də istəyib. Proses oktyabrın 7-də davam edəcək.
Bu iş üzrə müğənni Manaf Ağayevin də şahid kimi dindiriləcəyi bildirilir. Məhkəmə prosesində iştirak edən Manaf Ağayev «Şərq»ə ifadəsi ilə bağlı açıqlama verdi: «Mətbuata hər zaman hörmətim olub. Amma bəzən həqiqətən yanlış məlumatlar olanda təəssüf hissi keçirirəm. Mətbuat yazır ki, Akif Çovdarovun məhkəməsində Manaf Ağayev də ifadə verəcək. Yanlışdı. Əvvəla o məhkəmə hərbi prokurorluqda olur, onun mənə heç bir aidiyyəti ola bilməz. Mən imAkif Çovdarovla heç vaxt əlaqəm olmayıb ki, onun məhkəmə prosesində də iştirakçı olum. İlk əvvəl buna aydınlıq gətirmək istədim. Qaldı bu gün İlham Qasımovla Gülağa Tənha arasında gedən mülkü məhkəmə prosesinə, bəli, o məhkəmədə mən həm İlham Qasımovun qohumu kimi, həm də şahid olaraq iştirak etmişəm. Real MTK-nin tikdiyi binada yaşayan digər sakinlər kimi mən də məhkəməyə dəvət olunmuşam. Sadəcə mənim tanınmış olmağım yəqin ki, dərhal diqqət çəkib. Mən ifadəmdə də bildirdim ki, həmin binada mənim iki qaraj yerim var. Satmamışam da. Dağıtmayıblar da. Məhkəmədə iştirak etməyimə gəlincə isə, o binanın digər sakinləri kimi məni də məhkəməyə dəvət ediblər. İştirak etmişəm. Eyni zamanda bir daha qeyd edirəm ki, mən İlham Qasımovun qohumuyam. Qohum olaraq mənəvi dəstək üçün məhkəmədə iştirak etmişəm. Bunu bu qədər böyütmək nəyə lazım idi? Mən ifadəmdə də bildirdim ki, İlham Qasımovla bağlı heç bir şikayətim yoxdu. Bunu ifadəmdə də bildirmişəm. Bir daha mətbuatdan da xahiş edirəm ki, adımı hallandıranda diqqətli olsunlar. Mənim Akif Çovdarovla bağlı yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdu».

Tahirə