Mental baxış dəyişməyib

Rayon rəhbərliyinə belə sahibkar qadınların sayı, fəaliyyət sahələri bəlli deyil
Özümüz şahidi olduq ki, biznesi quran da, idarə edən də qadındır, amma bütün sənədləşmə işləri ona doğma, yaxın olan bir kişinin adınadır


Azərbaycanda sahibkarlığın inkişafı üçün müxtəlif addımlar atılır. Kənd təsərrüfatı və ya iqtisadiyyatın digər sahələrində yatırım etmək istəyənlər üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Sahibkarlıqla məşğul olmaq istəyənlərə güzəştli kredit verilir. Əslində, sahibkar dedikdə daha çox kişilər nəzərdə tutulur. Ancaq etiraf etmək lazımdır ki, bu sahədə qadınların əldə etdiyi uğurlar heç də kişilərdən geri qalmır.

Qeyd edək ki, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, "Konstitusiya” Araşdırmalar Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə "Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi həyata keçirilir. Hazırda layihənin "Qadın sahibkarlığının inkişafı” komponenti icra olunur. Dövlət Komitəsindən verilən məlumata görə, layihənin məqsədi bilik və bacarıqların artırılması, institusional dəstək, təşviq və mühitin yaxşılaşdırılması tədbirləri, təkliflər hazırlanması və qanunvericilik islahatlarına nail olmaqla qadın biznesinin inkişafına dəstək verilməsidir.

Layihə çərçivəsində əsas Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati və ekspert dəstəyi ilə dövlət orqanlarında gender məsələləri üzrə məsul şəxslər üçün 3 günlük təlim kursu təşkil olunub.

Təlimdə çıxış edən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev layihə barədə ətraflı məlumat verib, mövzunun əhəmiyyətini qeyd edib. O bildirib ki, Azərbaycanda sahibkarlığın, xüsusən də qadın sahibkarlığının inkişafı istiqamətində mühüm addımlar atılır, əhəmiyyətli layihələr həyata keçirilir. Məqsəd isə qadınları bu sahəyə fəal şəkildə cəlb etmək və bu istiqamətdə maarifləndirməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu gün qadınlar üçün yaradılan geniş imkanları qeyd edərək bildirib ki, sahibkar olmaq, öz biznesini qurmaq istəyən qadınların biznes planlaşdırılması, iqtisadi sahədə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. O deyib: "Eyni zamanda, Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə hazırda "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini uğurla davam etdirir. Qadın Resurs Mərkəzlərimizdə gənc, xüsusilə həssas qrupa daxil olan qadınların cəmiyyətə inteqrasiyası, müxtəlif peşələrə yiyələnməsi üçün təlimlər təşkil olunur”.

Qadın Konsensus Mərkəzi İctimai Birliyinin rəhbəri Aynur Camalqızı isə "Şərq”ə açıqlamasında rəhbərlik etdiyi təşkilatın ötən il qadın sahibkarlığının inkişafı ilə bağlı layihə həyata keçirdiyini xatırladıb:

"Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə araşdırma apardıq və əldə etdiyimiz nəticələr o qədər də ürəkaçan deyildi. Çox təəssüflər olsun ki, hələ də sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara qarşı mental baxış dəyişməyib. Xüsusən də əyalətlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara qarşı qınaq dolu baxışlar hökm sürür. Adi bir VÖEN açdırmaq üçün aidiyyəti dövlət qurumlarına müraciət edən qadına qəribə suallar verir, qardaşının, həyat yoldaşının olub- olmaması ilə maraqlanırlar. Yəni bir qadın evlidirsə, mütləq onun qurduğu təsərrüfat sahəsi ərinin, subaydırsa qardaşının, atasının adına olmalıdır?

Araşdırma apardığımız bölgələrdə özümüz şahidi olduq ki, biznesi quran da, idarə edən də qadındır, amma bütün sənədləşmə işləri ona doğma, yaxın olan bir kişinin adınadır. Bu isə statistik məlumatlarda qadın sahibkarların sayının dəqiqləşdirilməsinə bir maneədir. Bu sahədə layihə həyata keçirən bir QHT rəhbəri olaraq, mən də konkret rəqəm deməkdə çətinlik çəkirəm”.

Bütün bunlara rəğmən ötən illərə nisbətən bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayında xeyli artım olduğunu vurğulayan A.Camalqızı deyib ki, özündə bu gücü hiss edən qadınlar asılılıqdan çıxıb müstəqil şəkildə biznes fəaliyyəti ilə məşğul olurlar. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarların əsasən hansı sahələrdə fəaliyyət göstərdiklərinə gəldikdə isə Birlik rəhbəri qida və tekstil sahəsini misal gətirib: 

"Yuxarıda da qeyd etdiyim kimi, sənədləşmə işləri kişilərin adına olduğundan konkret rəqəmlərlə danışa bilmirəm. Layihə çərçivəsində İqtisadiyyat Nazirliyi ilə də əlaqə saxladıq, amma onların da əlində dəqiq məlumatlar çox az idi. Əyalətlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların həyat hekayəsini yazmaq istəyirdik. 6-7 nəfər sahibkar xanımla ancaq söhbət apara bildik. Onları axtarıb tapmaq çox çətin idi. 

Rayon icra hakimiyyəti nümayəndələrinə belə sahibkar qadınların sayı, fəaliyyət sahələri bəlli deyildi. Qadın sahibkarlığın inkişafı baxımından aidiyyəti qurumlar tərəfindən bu sahədə ciddi araşdırmaların aparılması və real statistikanın ortaya qoyulmasına çox böyük ehtiyac var. Biznes sahəsində iştirak edən qadınların sayını bilmək bu sahəyə meyl edən digər xanımlar üçün də bir növ stimul rolu oynaya bilər”.

Şəymən