Mənzil bazarında canlanma var

“Uzunmüddətli dövr üçün qiymət artımları qaçılmazdır”



İpoteka kreditlərinə qoyulan tələblərin yüngülləşdirilməsinin mənzil bazarında canlanmaya səbəb olduğu iddia edilir. Əvvəlki şərtlərlə az qism insanın bu xidmətdən yararlanmaq imkanı var idisə, məbləğin 40 faizini ödəyə bilən və ipoteka ödənişi qabiliyyəti olan vətəndaşlar da mənzil sahibi ola bilirlər.

Bu isə öz növbəsində alqı-satqı bazarında canlanmaya səbəb olub. Şərtlərin sadələşdirilməsi mənzil bazarında tələbatı artırıb. Xüsusi olaraq da vətəndaş ilkin ödənişin 40 faizini ödəyə bilirsə, ondan tələb olunan sənədlərə qoyulan şərtlər də yüngülləşdirilir. Dəyişiklikdən sonra xidməti müqaviləylə çalışan şəxslər üçün də ipoteka kredit xətti daha əlçatan olub.

Belə ki, artıq xidmətlə məşğul olan sahibkarların orta aylıq gəlirliliyinin 40 deyil, 70 faizi nəzərə alınır. Belə olan halda isə həmin şəxslərə də kredit xəttinin ayrılması üçün qoyulan tələb də ödənmiş olur.

"MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov isə mənzil bazarındakı canlanmanın tək səbəbinin ipoteka kreditlərinə qoyulan tələblərin yüngülləşdirilməsi olmadığını deyib: 

"Son bir ayda mənzil bazarında müşahidə olunan canlanmaya bu amilin müəyyən qədər təsiri olsa da, tək səbəb bu deyil. Payız mövsümünün yaxınlaşması da əsas səbəblərdən biridir. Təbii ki, ipoteka şərtlərinin yumşalması mənzil bazarına təsirsiz ötüşə bilməz. Ekspert hesab edir ki, ipoteka bazarında aktivlik aşağı düşüb, müraciətlərin sayı azalan zaman şərtlərdə müəyyən yumşalmalar edilir ki, müraciətçilərin sayı stabil qalsın”.

Ekspertin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il mənzillərin qiyməti nisbətən bahalaşıb və o, bunun təbii olduğunu deyib: 

"Mənzillərin qiymətində ötən illə müqayisədə 5,44 faiz artım var. İlin sonuna kimi bu rəqəmin 8-dən yuxarı olacağı gözlənilir. Mövcud qiymətləri keçmiş SSRİ dövlətlərinin paytaxt şəhərləri ilə müqayisə etdikdə deyə bilərəm ki, Bakı 9-cu yerdə dayanır. Ümumilikdə götürdükdə isə uzunmüddətli dövr üçün qiymət artımları qaçılmazdır. Buna isə özlüyündə bir neçə amil təsir edir”.

Şəymən