"Bakıda Beynəlxalq Humanitar Forumların keçirilməsi artıq ənənə halını alıb. 2008- ci il "Bakı Prosesi” ilə başlayan mühüm tədbirlərın ardıcıl olaraq keçirilməsi beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, belə tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür. Onun sözlərinə görə, Bakı Beynəlxalq Humanitar Forumuna dünya dövlətlərinin və beynəlxalq təşkilatların marağının artması onunla əlaqədardır ki, hazırda dünya ölkələrinin bir araya gələcəyi və mövcud problemləri müzakirə edəcəyi Bakı kimi məkan demək olar ki, yoxdur:
"Yalnız Azərbaycanın həyata keçirdiyi unikal xarici siyasət nəticəsində ölkəmiz qlobal dialoq məkanına çevrilə bilib. Humanitar Forumun keçirilməsi və ona marağın olması üçün ilk növbədə bu Foruma ev sahibliyi edən ölkənin humanist dəyərlərə söykənən cəmiyyəti, multikultural və tolerant həyat tərzi olmalıdır. Bunun sayəsində iştirakçı ölkələr də bunu bir nümunə hesab edərək məhz humanitar problemlərin müzakirə olunduğu bir məkan kimi buraya üz tuturlar. Bu mənada Azərbaycan sözün həqiqi mənasında öz humanist dəyərləri, regionda həyata keçirdiyi sülhpərvər siyasəti ilə belə bir platformaya ev sahibliyi etməyi layiqdir.
VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” çağırışı əsasında baş tutub. Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan şərtlərə diqqət yetirsək, görəcəyik ki, 21-ci əsrdə yeni düşüncəyə sahib humanist dəyərləri, yeni siyasi mədəniyyəti mənimsəmiş insanların "yeni dünya” yaratmasına ehtiyac var. Əks təqdirdə, 20-ci əsrin sonlarından başalayaraq, bu günə qədər davam edən qarşıdurmalar, müharibələr, toqquşmalar, ksenofobiya, islamafobiya kimi radikal tendensiyalar sülhün mövcud olduğu bir beynəlxalq münasibətlər nizamını inşa etməyə imkan vermir”.
Deputat vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma böyük diqqət göstərilir. Çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar burada həvəslə iştirak edirlər: "Altıncı Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 416 xarici qonaq olmaqla, 581 nəfər nümayəndə iştirak etdi. Bu platforma təkcə beynəlxalq subyektlərin və milli aktorların dialoqu deyil, eyni zamanda buraya təşrif buyuran 86-dan çox ölkənin, o cümlədən 24-ə qədər beynəlxalq təşkilatların bir-birilə dialoq platformudur. Bu isə tədbirin əhəmiyyətini daha da artırır. Bu cür beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi həqiqətləri, həyat tərzini, tolerantlığı, multikulturalizmi, o cümlədən işğal faktını dünyaya çatdırmaqdır. Ən əsası bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun”.
Milli Məclisin üzvü bildirib ki, Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərək məhz bu həqiqətləri diqqətə çatdırıb:
"Prezident xalqımızın multukultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxundu. Azərbaycanda tarixən mövcud olan atəşpərəstliyi, xristian və islami dəyərləri, dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi. Bu gün dünyanın gözü qarşısında böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətrirdi.
Düşünürəm ki, Forum Ermənistanın işğalçı ölkə olması həqiqətini dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır”.
İsmayıl