Məsələ çox ciddidir “Facebook”da informasiyaların oğurlanması bir dərs olmalıdır

Osman Gündüz sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırdı



ABŞ Federal Ticarət Komissiyası milyonlarla istifadəçinin şəxsi məlumatlarının yayılması faktı ilə əlaqədar "Facebook” haqqında təhqiqata başlayıb. Komissiya sosial şəbəkənin istifadəçilərin gizli məlumatlarının müdafiəsini necə təşkil etməsini yoxlayacaq.

Qeyd edək ki, ötən həftə "Facebook” şirkəti 50 milyard dollar itirib. Sosial şəbəkənin səhmlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb "Cambridge Analytica” şirkətinin 50 milyon "Facebook” istifadəçisinin şəxsi hesablarına daxil olması və Donald Trampın seçki kampaniyasına dəstək üçün istifadə etməsi barədə informasiyalar göstərilir.

Bütün bunlar ölkəmizdəki istifadəçilərə də təsirsiz ötüşmür. Şəbəkədə şəxsi məlumatlarını yerləşdirən hər kəsi informasiya təhlükəsizliyinin nə dərəcədə qorunması maraqlandırır.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq”ə açıqlamasında baş verənlərin ciddi məsələ olduğunu deyib:

"Feysbuk rəhbəri Markın açıqlamalarından görünür ki, vəziyyət olduqca gərgindir. Biz hansısa sosial şəbəkədə, mobil operatorda, böyük internet resurslarında qeydiyyatdan keçib şəxsi məlumatlarımızı ora daxil edirik. Zaman-zaman bizimlə bağlı məlumatlar çoxalır. Artıq həmin internet resurs sahibinin əlində çoxlu sayda insanların dünyagörüşləri, maraqları, fikirləri, rəyləri, bütün məlumatları var. Bu informasiyalar da bəzi məqamlar üçün olduqca əhəmiyyətlidir. Sabah hansısa bir mesaj göndərmək, ictimai fikir formalaşdırmaq lazımdırsa, onda bilinir ki, məlumatı oğurlanmış şəxsə necə təsir etmək olar. Vətəndaşlarla bağlı toplanan informasiya çox qiymətlidir, ölkəmiz və Amerika qanunvericiliyi bu informasiyaları qoruyur. Qanun şirkətlərə, operatorlara, provayderlərə tapşırır ki, məlumatları 3-cü tərəfə vermək olmaz, əks halda artıq bu, qanunsuzluqdur”.

O.Gündüzün sözlərinə görə, baş verənlərdən nəticə çıxarmaq lazımdır. Ölkəmiz üçün çıxardığımız nəticə isə budur ki, sosial şəbəkələrdə və sosial mediada qeydiyyatdan keçərkən diqqətli olmaq lazımdır: 

"Hansı informasiyaları qoyuruq, yerləşdirdiyimiz informasiya vacibdir, ya yox? Bütün bunlara diqqət etmək lazımdır. Bu, bizim üçün ibrət dərsidir. İkinci ibrət dərsi ondan ibarətdir ki, deyək ki, bu cür resurs sahibləri Azərbaycanda da var. Mobil operatorlar, şirkətlər, ayrı-ayrı qurumlar informasiyaların qorunması və 3-cü tərəfə verilməməsində ciddi olmalıdır. Eyni zamanda hökumətlə bağlı müəyyən mesajlar var. Dövlət də öz növbəsində müəyyən tədbirlər görməlidir. Məsələn, vətəndaşlarının informasiya təhlükəsizliyinin qorunmasının qayğısına qalmalı, maarifləndirici işlər aparmalı, vətəndaşlar üçün bunun mənfi və müsbət tərəfləri ilə bağlı mesajlar verilməlidir”.

Yeganə Bayramova