Məşhəd və Kərbəla ziyarətinə gedənlərin işi asanlaşacaq

Bu məsələni Dini Komitənin nəzarətə götürməsi müsbət qiymətləndirilir



Şirkətlər bundan sonra Ümrə, Məşhəd və digər ziyarətgahlara səfərlər təşkil etmək üçün lisenziyanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alacaqlar.

Bunu DQİDK sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlaması zamanı bildirib. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi Həcc ziyarəti ilə bağlı Komitənin rəyinə ehtiyac olmayacaq.

İlahiyyatçı-ekspert Hacı Atif İsmayılov aidiyyəti dövlət qurumları tərəfindən belə bir addımın atılmasını müsbət qiymətləndirir: "Çünki vətəndaşların ən çox getdiyi yerlər Məşhəd, Kərbəla ziyarətləridir, Burada da söhbət zəvvarlara ziyarətgah xidmətlərinin tənzimlənməsindən gedir. Əksinə, bunu ziyarətgahlara getməyin qarşısının alınması kimi hesab etmək olmaz. Sadəcə belə məsələlər tənzimlənir və münasibətimiz də mənfi deyil. Həm də ziyarətgahlara gedən şəxslərin əzab-əziyyət çəkməsi ziyarətə də təsir edir. Bu baxımdan Komitə bu məsələlərin tənzimlənməsini öz üzərinə götürsə, düşünürəm ki, normal qaydada məsələlər həll edilə bilər”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, xarici ölkələrə dini ziyarətlərin təşkili üçün lisenziyanın verilməsi qaydalarının dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

Vüqar Şahinoğlu