Əməkdar məşqçi Yaqub Abdullayev: “Bütün Avropanın diqqəti hazırda Azərbaycana yönəlib”
"Sambo üzrə milli komandamız "Bakı-2015” I Avropa Oyunlarına hazırlıq məqsədi ilə 23 nəfərlik heyətlə Şəmkir Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır”.
Bu barədə məlumatı sambo üzrə milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev "Şərq”ə açıqlamasında bildirdi. Onun sözlərinə görə, hazırlıq prosesinə 57, 74, 90, +100 kq çəki dərəcələrində olan və onlara kömək məqsədilə yığmanın digər ən güclü idmançıları cəlb olunub. Baş məşqçi toplanışın 14 gün davam edəcəyini qeyd etdi: "İyunun 9-da təlim-məşq
toplanışı yekunlaşacaq. Məqsəd samboçularımızın hazırlığını maksimum səviyyəyə qaldırmaqdır. İdmançılarımız Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən vitaminlərlə təmin olunublar. Məşqlər mütəmadi olaraq həm federasiya rəhbərliyinin, həm də GİN-in nəzarətindədir. Bakıya qayıdandan sonra Oyunlaradək idmançıların yüklənməsi azaldılacaq və bərpa prosesinə üstünlük veriləcək. İyun ayının 21-də çəki mərasimi, 22-də isə sambo üzrə yarışlar keçiriləcək. Bütün imkanlarımızı səfərbər etmişik ki, idmançılarımız I Avropa Oyunlarında uğurla çıxış edib, ən yüksək nəticələr əldə etsinlər. "Bakı-2015”də samboçularımızdan yüksək nəticələr gözləyirik”.
İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə də münasibət bildirən Yaqub Abdullayev "Azərbaycan güclü dövlət olduğunu artıq dünyaya göstərir. Dövlət başçımızın uğurlu siyasəti, ölkənin iqtisadi gücü Azərbaycanın güclü dövlət olduğunun göstəricisidir. Azərbaycan həm də idman ölkəsi olaraq artıq dünyada tanınmağa başlayıb. İlk Avropa Oyunlarına ev sahibi olmaq isə hər ölkəyə nəsib olmur. Bunun üçün dövlətin həm potensial idman bazası olmalıdır, həm də bu dövlət Avropada nüfuz sahibi olmalıdır ki, belə irimiqyaslı idman yarışınıa ev sahibliyi edə bilsin. Avropa artıq Azərbaycanın gücünə bələddir ki, 1-ci Avropa Oyunlarına ev sahibliyi Azərbaycanda baş tutur. Biz idmançılar üçün bu xüsusi əhəmiyyət daşıyır. Gənclərimizin idmana marağı artır. Onlar dövlət tərəfindən qayğı və diqqət görürlər. Ona görə də biz idmançılar bizə göstərilən bu diqqətə qələbələrimizlə qarşılıq verməyə borcluyuq. Bir çox dünya ölkələrində yarışlarda iştirak etmişik. Məşhur idmançıları tanıyırıq. Onların Azərbaycana gəlişi də böyük uğurdu. Bütün Avropanın diqqəti hazırda Azərbaycana yönəlib. Doğma arenada idmançı üçün rinqə çıxmaq, döyüşmək böyük məsuliyyətdi. Düşünürəm ki, hər bir idmançımız bu məsuliyyəti dərk edir. Maksimum dərəcədə hər bir vətəndaşımız ilk Avropa Oyunları keçirilən müddətdə diqqətli olmalı, qonaqlarla xoş ünsiyyət yaratmalıdır. Burdan gedən qonaqların Azərbaycan haqqında təəssüratları yüksək olmalıdır”.
Qeyd edək ki, "Bakı-2015” I Avropa Oyunlarının sambo yarışları Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Yarışlarda Avropanın ən güclü 77 samboçusu mübarizə aparacaq.