“Məşhurluq tənbəllik gətirir”
Qəzənfər Abbasov: “Həddindən artıq efirdə, səhnədə olmaq gənclərdə arxayınlıq yaradır”
Mənəvi yaddaşımızın möhtəşəm səs abidəsi olan Muğam -Azərbaycan musiqi sənətinin zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək, dövrümüzə gəlib çatmış unikal sənət nümunəsidir. Dərin fəlsəfi məzmuna və emosional təsir gücünə malik bu klassik sənəti yaşadan, onu nəsildən-nəslə ötürən və inkişaf etdirən, cilalayıb təkmilləşdirən ifaçılar, xanəndələrin üzərinə isə daha böyük məsuliyyət düşür. "Şərq”in budəfəki qonağı əməkdar müəllim, Milli Konservatoriyanın müəllimi, xanəndə Qəzənfər Abbasov oldu.
- Qəzənfər müəllim, bu günün gənclərinin Azərbaycan milli musiqisinə münasibəti sizi pedaqoq olaraq qane edirmi?
- Bu günün gənclərinin Azərbaycan milli musiqisinə münasibəti əslində həqiqətən fərqlidir. Əvvəllər gəncliyin milli musiqimizə biganə münasibəti var idisə, bu gün mənzərə dəyişib. Gənclərimiz milli musiqimizə, muğama maraq göstərirlər. Bunun da əsəs səbəbi Azərbaycan muğamına dövlət qayğısının, dəstəyinin nəticəsidir. Bu gün televiziya kanallarında, xarici ölkələrin səhnələrində gənc xanəndələrimiz, istedadlı müğənnilərimiz çıxış edir. Milli musiqimizin təbliği istiqamətində bu gün böyük layihələr həyata keçirilir. Bu isə gənclərimizdə stimul yaradır. Ancaq gənclərimizdə bir az tənbəllik hissi var.
- O tənbəlliyi pedaqoq olaraq hiss edirsizmi? Sanki indiki gənclərdə o məsuliyyət hiss olunmur. Bir az tanınan kimi tənbəlləşirlər, arxayınlaşırlar...
- Tamamilə doğru bir məqama toxunmuş olduz. Həddindən artıq efirdə, səhnədə olmaq gənclərdə arxayınlıq yaradır. Gənclər daha çox məşhur olmaq istəyirlər. Bu, onların yaradıcılığına da təsirini göstərmiş olur. Bir neçə dəfə efirdə olmaq hələ sevilmək, məşhurlaşmaq mənasını ifadə etmir. Bu məşhurluq tənbəlləşdirir gəncləri.
- Xanəndə olmaq daha çətindi deyirlər. Gənc xanəndələr bu məsuliyyəti hiss edirmi?
- Əslində həqiqətən xanəndə olmaq çox məsuliyyətli və çətindi. Bir muğam dəstgahını hazırlayıb səhnəyə çıxmaq üçün aylarla əmək sərf edilir. Estrada musiqisi ifa etmək çətin deyil. Xanəndənin ifasında qüsur olmamalıdır. Bunu kənardan heç kim bilmir ki, bir xanəndə bir muğam dəstgahını lentə aldırmaq üçün nə qədər əziyyət çəkir. Qan-tərə batır.
- Bu günlərdə Muğam Mərkəzində 5 dəqiqəlik səhnədə çıxışım olacaq. "Kor Ərəbin mahnısı”nı ifa edəcəm. İnanın, o qədər həyəcanlıyam. Bir aydı bu çıxışa hazırlaşıram ki, sözlər düzgün səslənsin, musiqinin ritmi yerində olsun.
- Yüzlərlə tələbəniz var. Pedaqoq olaraq onları səhnəyə hazırlaşdırırsız. Amma yenə o məsuliyyət sizi narahat edir.
- Yüzlərlə tələbənin müəllifi olsam da, məsuliyyət daşıyıram. Bu il Muğam Mərkəzində bir çox muğam konsertlərinin hazırlanmasında əməyim olub. İndiyə qədər Muğam Mərkəzində 4 solo konsert proqramı ilə çıxış etmişəm. "Şüştər”, "Bayatı-Şiraz”, "Humayun”, "Şur” muğamlarını ifa etmişəm.
- Adlarını çəkdiyiniz muğamlara gənc xanəndələrin repertuarında az rast gəlirik. Səbəb nədir?
- Həqiqətən gənc xanəndələr arasında çətin muğamlara az müraciət olunur. Daha çox asan muğamları lentə aldırırlar, daha yüngül muğamları səhnədə ifa etməyə çalışırlar. Gənc xanəndələr "Şüştər” muğamını ifa etməkdən ümumiyyətlə çəkinirlər, qorxurlar. "Bayatı qacar”ı ifa etmək xanəndədən çox böyük məsuliyyət tələb edir. Mütəllim Mütəllimov, Ağaxan Abdullayev bu muğamları ifa edib. Sonra da Muğam Mərkəzində mən bu muğamlara müraciət etmişəm. Nuriyyə xanım Hüseynova ilə duet şəklində bu muğamı ifa etdik. Dəstgah şəklində bu muğamları görmək çox çətindi bu gün. Gənc xanəndələr ehtiyatla o muğamlara üz tuta bilirlər.
- Fərdi şəkildə necə, bu muğamları ifa etmək üçün sizə müraciət edənlər olurmu?
- Olur. Elə Nuriyyə xanım Hüseynova mənə müraciət etdi. Onu hazırladım. Bir yerdə Muğam Mərkəzində çıxışımız oldu. Gənclər çalışmalıdır ki, bu muğamları mənimsəsinlər, onun bütün incəliklərini öyrənsinlər. Səslərini o muğama kökləsinlər.
- Gənc xanəndələrimiz dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurlar. Konsert proqramları ilə çıxış edirlər. Amma təəssüf ki, dil bilmədikləri üçün ifa etdikləri bu ecazkar musiqi barədə əcnəbilərə daha geniş məlumat verə bilmirlər. Amma yaxşı olardı ki, gənc xanəndə qastrol səfərlərində həm də müsahib olduğu əcnəbilərlə sərbəst ingilis dilində danışmaq imkanı əldə etsin. Muğam barədə danışanda ətraflı məlumat vermək imkanı əldə etsin.
- Əslində o qədər vacib bir məqamı vurğulamış olduz ki, həqiqətən haqlı iraddır. Bizim dövrümüzdə olan gənc xanəndələrin dil öyrənmək imkanları geniş deyildi. Bu günün gənc xanəndələrinin isə bu imkanları daha böyükdü. Amma heç bir gənc xanəndəmiz ingilis dilində danışmaq savadına sahib deyil. Yaxşı olardı ki, dil bilməklə onlar ifa etdikləri musiqi barədə qonaq olduqları ölkələrdə müsahiblərinə məlumat verə biləydilər. Bu məsələyə ciddi şəkildə diqqət verilməlidir.
Tahirə Məmmədqızı