Azər Həsrət: “Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti hər zaman milli maraqların müdafiəçisi rolunda çıxış edir”
Mətbuat ilk növbədə dövlət maraqlarını qorumalıdır
Vüqar Zifəroğlu: “Xüsusi proqramlar səviyyəsində iş görülməli və jurnalistlərin çıxışları dövlət və ictimai maraqların müdafiəsinə yönəldilməlidir”
Azər Həsrət: “Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti hər zaman milli maraqların müdafiəçisi rolunda çıxış edir”
Azər Həsrət: “Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti hər zaman milli maraqların müdafiəçisi rolunda çıxış edir”
Ölkəmizin dövlət və ictimai maraqlarının müdafiəsinə hər bir siyasi, ictimai, yaradıcı təşkilat öz töhfəsini verməlidir. Dövlətimizin suverenliyini, təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər bir fərd və ya təşkilat üçün əsas meyar olmalıdır. Xüsusilə də, ölkə mediasının dövlət və ictimai maraqların müdafiəsində rolu hər zaman diqqət mərkəzində dayanıb. KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır. Hazırkı dövrdə Ermənistanın ciddi-cəhdlə tariximizə aid olan faktları özünküləşdirərək, məhz KİV vasitəsilə dünyaya çatdırmağa çalışması, Azərbaycana qarşı Qərb tərəfindən açılan informasiya savaşları göstərir ki, bu məsələdə ən böyük yük ölkə mətbuatının üzərinə düşür.Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər. Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir.
Qeyd edək ki, Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.
Mətbuat cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. Mətbuatın ictimai həyatda iştirakının genişləndirilməsi, cəmiyyətdə baş verən istənilən hadisəyə müdaxiləsi özünü göstərir. Mətbuat ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir.
Təsadüfi deyil ki, medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq kütləvi informasiya vasitələrinin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. Mətbuat cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Mətbuat son illərdə hər bir Azərbaycan vətəndaşının fəxr edə biləcəyi inkişaf yolu keçib. Ona görə də kütləvi informasiya vasitələri ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.
Amma çox təəssüf ki, bəzi hallarda media nümayəndələri özlərinin ən mühüm funksiyalarından biri olan milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək vəzifəsindən, demək olar ki, imtina edirlər. Az da olsa, belələri var.
Bəs görəsən, media nümayəndələri, ictimaiyyət üzvləri Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində mətbuatın rolunu necə qiymətləndirir?
Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycanın dövlətçilik və ictimai maraqlarının müdafiəsində mətbuatın rolu qənaətbəxşdir:
"Onların fəaliyyəti müəyyən mənada hiss olunur. Amma bu istiqamətdə mətbuat öz fəaliyyətini bir az daha artırsa, yaxşı olar. Medianın ən kütləvi təsir vasitəsi olduğunu nəzərə alsaq, dövlət maraqlarının təbliğatı və maarifləndirilməsi baxımdan çox təsirlidir. Hesab edirəm ki, xüsusi proqramlar səviyyəsində iş görülməli və jurnalistlərin çıxışları dövlət və ictimai maraqların müdafiəsinə yönəldilməlidir. Bu gün televiziya kanallarını şou xarakterli proqramlar zəbt edib. Yaxşı olar ki, maarifləndirici, vətənpərvərlik ruhlu verilişlərə daha çox üstünlük verilsin. Dövlətçilik maraqları efir vasitəsi ilə cəmiyyətə aşılansın”.
Mətbuatın cəmiyyətə təsir imkanlarının həddindən artıq yüksək olduğunu vurğulayan V.Zifəroğlu deyib ki, media cəmiyyətə birbaşa təsir imkanına sahib olan vasitədir. Hətta Qərbi Avropa, Amerika, qardaş Türkiyə, qonşu Gürcüstan kimi ölkələrdə KİV-in birbaşa siyasi proseslərə təsir imkanları var. Media koorperasiya rəhbərləri siyasi proseslərin "kölgə”də qalan iştirakçılarına da xidmət göstərirlər. Bu mənada, medianın cəmiyyətə və ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri çox güclüdür. Biz jurnalistlər maksimum dərəcədə çalışmalıyıq ki, mediamızdan dövlətə və dövlətçiliyimizə dəstək vasitəsi kimi istifadə edək. İctimai maraqların müdafiəsi istiqamətində maarifləndirmə işini düzgün qura bilək”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət hesab edir ki, istənilən halda hər bir dövlətin ictimai və dövlət maraqları hər şeydən öncə gəlir. Bəzi həmkarlarımızın iddialarına görə, jurnalistika dövlət maraqlarının müdafiəsi ilə məşğul olmamalıdır. Jurnalistikanın vəzifəsi əldə etdiyi məlumatları oxuculara çatdırmaqdan ibarətdir. Amma Azərbaycan kimi dövlətlərdə milli maraqların jurnalistlər tərəfindən qorunması və müdafiə olunması zəruri hesab edilir. Hazırkı mərhələdə bizim torpaqlarımız işğal altındadır və müharibə şəraitində yaşayırıq. Həm millət, həm də dövlət olaraq çətin mərhələdən keçirik. 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Bütün bunlar da biz jurnalistləri vadar edir ki, yazı yazanda, açıqlama verəndə dövlətimizin maraqlarını nəzərə alaq.
Sözün açığı, dövlət və ictimai maraqların müdafiəsində mətbuatın rolu sahəsində vəziyyətin acınacaqlı olduğunu da düşünmürəm. Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti hər zaman milli maraqların müdafiəçisi rolunda çıxış edir. Xüsusən də, ciddi media orqanlarında çalışan jurnalistlərimiz bu kimi məsələlərdə yetərincə həssaslıq nümayiş etdirir, dövlət maraqlarına zidd fəaliyyət sahələrindən uzaq gəzirlər. Amma ikinci kolonda yer alan jurnalist ordusunun da eyni mövqedən çıxış etdiyini deyə bilmərəm. Təəssüflər olsun ki, onların sayı dövlət maraqlarını müdafiə edən jurnalistlərin sayından qat- qat çoxdur. Əslində onlar özlərini jurnalistikaya sırıyıblar. Bu adamların işi-peşəsi olmayan yerdən sensasiya yaratmaq, qaşınmayan yerdən qan çıxarmaqdan ibarətdir. Belə jurnalistlər oxucu yığmaq xatirinə dövlət maraqlarını arxa plana keçirməyə, hətta ona zidd addımlar atmağa hər an hazırdırlar. Sevindirici haldır ki, son illərdə bu kolona qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Onaların maarifləndirilməsi və doğru yola cəlb edilməsi istiqamətində real addımlar atılır. Amma nə yazıq ki, dövlət bu istiqamətdə sərt addımlar atmaq səlahiyyətinə sahib deyil. Buna da səbəb dövlətin medianın fəaliyyətinə müdaxiləsinin beynəlxalq aləm tərəfindən xoş qarşılanmamasıdır. Amma biz bir media təmsilçiləri olaraq, dövlət maraqlarını gözardı edən həmkarlarımızla zaman-zaman ünsiyyətdə olub, milli maraqların müdafiəsi istiqamətində onların maarifləndirilməsinə çalışırıq. Müsbətə doğru xeyli dəyişikliklərin olduğunu da deyə bilərik.
Üçüncü qrup jurnalistlər də var ki, onların maarifləndirilməsi və doğru yola qaytarılması istiqamətində heç bir addım atmaq mümkün deyil. Həmin qrupdan olan jurnalistlər birbaşa xarici dairələrin təsiri altındadır və onların əlində bir alətə çevriliblər. Onlar ancaq sifarişlə işlədiyi üçün milli maraqların müdafiəsi istiqamətində hansısa bir addım gözləmək sadəlövhlük olardı. Onların müdafiə etdiyi maraqlar Azərbaycan dövlətinin beynəlxalq arenadakı nüfuzuna xələl gətirməkdən ibarətdir. Nə zaman ki maraqlı dairələr Azərbaycanı gözdən salmaq üçün düyməyə basır, o zaman sapı özümüzdən olan baltalar da hərəkətə keçir. Danışanda isə ağızdolusu jurnalistika prinsiplərinin müqəddəsliyindən danışır, həmin prinsipləri hər şeydən üstün tutduqlarını iddia edirlər. Hansı ki, onlar jurnalistika prinsiplərini müqəddəs hesab etdikləri üçün deyil, aldıqları sifarişləri yerinə yetirmək üçün milli maraqlarımızı gözardı edirlər. Amma onu deyim ki, son illərdə bu dairəyə aid olan jurnalistlərin sayı kifayət qədər daralıb.
Cəmiyyətə təsir imkanları baxımından milli maraqların müdafiəsində iştirak edən jurnalistlərin üstün olduğunu deyən A.Həsrətin sözlərinə görə, məsələn, "Şərq” qəzetinin dövlətə və dövlətçiliyə xidmətinə şübhə ola bilməz. Bu qəzetin reputasiyası, fəaliyyət istiqaməti, qarşıya qoyduğu məqsədləri və təbliğ etdiyi maraqlar onminlərlə oxucu kütləsi olan, lakin milli maraqlara önəm verməyən media orqanlarından üstün olduğunun göstəricisidir. İnsanlar "Şərq”də dərc olunan yazılara daha çox inanırlar. Amma reytinq xatirinə nə gəldi yazmağa üstünlük verən saytlara, qəzetləri sadəcə maraq xatirinə izləyirlər. Xarici dairələrin təsiri altında fəaliyyət göstərən media orqanlarının isə oxucu, tamaşaçı çevrəsi var. Amma onların sayı az olduğu üçün təsir imkanları da məhduddur. Onlar özləri deyib özləri eşitməklə məşğuldurlar desək daha doğru olar. İllər əvvəl həmin jurnalistlərin yazdıqlarını, dediklərini ictimaiyyət ciddi qəbul edir, onları media xidmətçisi kimi görürdü, amma son illərdə onların fəaliyyəti ilə bağlı dövlətin aşkara çıxardığı nöqsanlar həmin adamların maskalarını çıxardı. Ciddi media qurumlarının ictimai rəyə təsir imkanları digər iki qrupun birgə imkanlarından dəfələrlə yüksəkdi.
Şəymən