Nəsir Əhmədli:"MŞ yaradılmasının əsas məqsədlərindən biri də jurnalistlərin canını məhkəmələrdən qurtarmaq idi"İlham Quliyev:"İlkin dövrdə MŞ-nın fəaliyyətinin effektiv olub, olmayacağı ilə bağlı şübhələr var idi. Zaman keçdikcə Şura özünü təsdiq edə bildi”
Məmməd Gülməmmədov:"Şəxsən mənim üçün Mətbuat Şurasının 15 illik fəaliyyəti xalqın və KİV nümayəndələrinin mənafeyini müdafiə edən bir qurum kimi yadda qalıb"
Bu il martın 15-də Mətbuat Şurasının (MŞ) yaranmasının 15-ci il dönümü qeyd olunacaq. Məlumat üçün bildirək ki, martın 10-da keçirilən jurnalistlərin VII qurultayında millət vəkili Əflatun Amaşov yenidən MŞ sədri seçilib və İdarə Heyətinin yeni tərkibi elan olunub. Eyni zamanda qurultayda gələcəkdə Mətbuat Şurasının atacağı addımlardan, fəaliyyət istiqamətindən bəhs edən qətnamə də qəbul olunub. Biz də "Sherg.az" olaraq Şuranın 15 illik fəaliyyətini nəzərə alıb, bu qurumun ölkə mediasının tərəqqisində oynadığı rol və göstərdiyi xidmət barədə tanınmış jurnalist və media kapitanlarının fikirlərini öyrəndik.
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Nəsir Əhmədli "Sherg.az"a bildirdi ki, Mətbuat Şurası yarandığı dövrdə Azərbaycan üçün tamam yeni bir qurum idi:"Bu qurum mətbuatın özünü tənzimləməsi üçün əhəmiyyətli mövqedədir. Həmin vaxt mətbuatın çox problemləri məhkəmə yolu ilə həll olunurdu. MŞ yaradılmasının əsas məqsədlərindən biri də jurnalistlərin canını məhkəmələrdən qurtarmaq idi.
Mətbuat Şurası 15 ildir fəaliyyət göstərir. Tərkibində çalışan müxtəlif komissiyalar öz işini görür. "Reket jurnalist"lərə qarşı mübarizə, şikayətlərə baxılması kimi məsələlərdə müsbət addımlar atılır. Üzdə olan problemləri dinc yolla həll etməyə çalışırıq ki, məhkəməyə qədər gedib çıxmasın”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qeyd etdi ki, MŞ yaranana qədər ölkəmizdə mətbuatın idarəsi dövlət səviyyəsində, icra strukturlarının əlində idi. Onun sözlərinə görə, MŞ Azərbaycan jurnalistlərinin özlərini idarə etməsi üçün yaratdığı qurumdur:
Jurnalistlərin ilk qurultayından 7-ci qurultayına qədər hamısında iştirak etmişəm. Şuranın ilk qurultayda necə qaynar müzakirələr şəraitində yaradıldığını xatırlayıram. Həmin ərəfədə xeyli təkliflər də səsləndirildi. Bütün bu proseslərin nəticəsində Şura yaradıldı. İlkin dövrdə MŞ-nın fəaliyyətinin effektiv olub, olmayacağı ilə bağlı şübhələr var idi. Zaman keçdikcə Şura özünü təsdiq edə bildi”.
Baş redaktor diqqətə çatdırıb ki, Mətbuat Şurası həm də Azərbaycan jurnalistləri və dövlət qurumları arasında körpü rolunu oynayır:
"Ötən illər ərzində dəfələrlə şahidi olduq ki, müxtəlif məsələlərlə Mətbuat Şurası mətbuatla qanunverici orqanlar və digər qurumlar arasında vasitəçi kimi çıxış edib. Nəticə olaraq, hər iki tərəf üçün münasib olan ortaq məxrəcə gəlinib.
Mətbuatımızın üz qarasına çevrilmiş "reket jurnalist"lərlə mübarizə sahəsində Şuranın addımları danılmazdır. Son vaxtlar bu mübarizə daha da konkretləşib, artırılıb.
Azərbaycan jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətin atdığı addımlardan ağız dolusu danışırıq. Prezident yanında KİV-ə Dəstək Fondunun gördüyü işlər, jurnalistlərin evlə təmin olunması kimi addımların atılmasında Mətbuat Şurasının xüsusi rolu olub.
Ümumiləşdirmə aparsaq, Mətbuat Şurasının Azərbaycan mediasının inkişafında xüsusi rolu olduğunu birmənalı qeyd edə bilərik”.
"Ölkə.Az” xəbər portalının baş redaktoru Məmməd Gülməmmədov da Mətbuat Şurasının fəaliyyətini yüksək dəyərləndirib. Baş yazarın sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan Mətbuat Şurası böyük yol qət edib:"Məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarət olan Mətbuat Şurası qarşıya qoyduğu vəzifələrin öhdəsindən çox uğurla gəlməyi bacarıb. Ötən illər ərzində Mətbuat Şurası KİV-lərlə ayrı-ayrı qurumlar arasında körpü rolunu oynayır, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Son illər MŞ jurnalistlərin problemlərinin yüksək instansiyalara çatdırılmasında da mühüm rol oynayır. Təbii ki, dövlətimizin media sahəsində həyata keçirdiyi uğurlu işlərdə Azərbaycan Mətbuat Şurasının da töhfələrini söyləməmək olmaz.
Şəxsən mənim üçün Mətbuat Şurasının 15 illik fəaliyyəti xalqın və KİV nümayəndələrinin mənafeyini müdafiə edən bir qurum kimi yadda qalıb. Martın 15-də Azərbaycan Mətbuat Şurasının 15 yaşı tamam olacaq. Fürsətdən istifadə edib bütün həmkarlarımı, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşovu da təbrik edirəm. Əflatun müəllim bu yaxınlarda Azərbaycan Mətbuat Şurasının növbəti dəfə sədri seçilib. Ona növbəti fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm".
Aysel Aslan