Mətbuat Şurasında seminar keçirilib




Bu gün Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün seminar keçirilib. Seminarda İsveçrənin tanınmış media eksperti, pedaqoq Aleksandra Stark əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusuna toxunub.

Sherg.az xəbər verir ki, toplantıda əvvəlcə iştirakçıları salamlayan MŞ-nın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov A.Stark barədə məlumat verib, ekspertin çox illik təcrübəsinin Azərbaycan jurnalistləri üçün faydalı tərəflərinə diqqət çəkib. 

Şura sədri həmçinin rəhbərlik etdiyi qurumla İsveçrənin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığının davamlı olacağını deyib. O, İsveçrədən Azərbaycana, Azərbaycandan da İsveçrəyə jurnalist səfərlərinin təşkilinin vacibliyini əsaslandırıb: 

"Bu günkü seminar ilk addımdır. Hesab edirəm ki, İsveçrə kimi media təcrübəsinə malik ölkədən öyrənilməli çox məsələlər var. Ölkənin Azərbaycandakı Səfirliyi də buna uyğun olaraq təşəbbüslər irəli sürür. Bu, sevindirici haldır”.

 Deputat onu da bildirib ki, xanım Stark aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri üçün də seminar keçəcək”.
Ə.Amaşov həmçinin ölkəmizdə olan media problemlərinə də toxunub. Əsas problemin jurnalistlərin ixtisaslaşması ilə bağlı olduğunu deyən şura sədri keçirilən seminarın gənc jurnalistlərin üçün müsbət tərəflərindən danışıb.

İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder də çıxışında rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığından söz açıb, məsələnin faydalı tərəflərini vurğulayıb. O, eyni zamanda bildirib ki, son 20 ildə internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir.
Səfir İsveçrədə media qurumlarına xas göstəricilərdən danışarkən vurğulayıb ki, 4 rəsmi dili olan ölkənin media palitrası da kifayət qədər zəngindir. Belə ki, İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri var. 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin mövcudluğu diqqət çəkir.

Açılış nitqlərindən sonra seminar başlayıb. KİV təmsilçilərinin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Yeganə Bayramova