Mətbuat tarixi tədqiqatçısı Mehdi Gəncəli “Şərq”in qonağı oldu

“Azərbaycanın inqilabdan əvvəlki mətbuat dövrü diqqətimi çəkir”
Türkiyədə yaşayan həmyerlimiz, Marmara Universitetinin müəllimi, türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəli "Şərq” qəzeti redaksiyasında yaradılmış Mətbuat Tarixi guşəsini ziyarət edib.
Marmara Universiteti Türkiyat Araşdırmaları İnstitutunda Ədəbiyyat fakültəsində təhsil almış Mehdi Gəncəli Azərbaycan romantizminin görkəmli simalarından biri - Məhəmməd Hadinin həyatı və yaradıcılığından bəhs edən kitabın müəllifidir. Məhəmməd Hadinin gözəl publisistikasının olduğunu diqqətə çatdıran M.Gəncəlinin sözlərinə görə, dil və üslubiyyatı özünəməxsus olduğuna görə böyük mütəfəkkiri tədqiq etmək həddən artıq çətindir:
"Bu işə başladıqda Kamal Talıbzadə ilə görüşdüm və ona Məhəmməd Hadi haqqında araşdırma aparmaq istədiyimi bildirdim. O gülərək dedi ki, onu heç biz anlamırıq, gəl başqa mövzu işlə.
Azərbaycanda orta məktəbi bitirdikdən sonra Marmara Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinə qəbul olundum. Bundan sonra yenə eyni universitetdə magistratura və doktorantura təhsilimi davam etdirdim. Təxminən 5 ildir bitirdiyim universitetdə türk ədəbiyyatı müəllimi işləyirəm.
Yazdığım yazılarda və araşdırmalarda Azərbaycanın inqilabdan əvvəlki dövrünə aid hissə diqqətimi çəkdiyi üçün bu yöndə tədqiqatlarımı davam etdirməyə qərar verdim. Həmin dövrün mətbuat dilini də öyrəndiyimdən bu sahə mənə daha maraqlı gəldi.
Evimizdə atamın böyük kitabxanası var idi. Həmişə evimizdəki kitabları oxuyurdum. Onların içərisində görkəmli ədəbiyyatşünas, tənqidçi Əziz Mirəhmədovun "Məhəmməd Hadinin seçilmiş əsərləri” kitabı da var idi. Oxuduqda həmin şeirləri başa düşmürdüm. Kitabın giriş hissəsində Ə.Mirəhmədov yazıb ki, Məhəmməd Hadi 1910-cu ildə İstanbula gedib və burada qəzet və jurnallarda işləyib. Sonradan mən onları araşdırdım.
Mənim anamın atası 30-cu illərdə Türkiyəyə mühacirət edib. Anam 1969-ci ildə atasının Türkiyədə yaşadığını öyrənib və o müddətdən sonra 20 il Türkiyə ilə məktublaşmağımız olub. Ona görə həmişə evimizdə Türkiyə marağı hiss olunub.
Orta məktəbdə oxuduğum müddətdə istəyirdim ki, Türkiyəyə gedib, Məhəmməd Hadinin işlədiyi qəzet və jurnallardakı yazılarını oxuyum. Magistraturada isə Məhəmməd Hadinin türk mətbuatındakı yazılarını tədqiq etməyə başladım və onun şeirlərini, məqalələrini tapıb nəşr edirdim.
Türkiyədə Hüseyn Cavid haqqında məqalənin də müəllifiyəm. Onun İstanbulda tələbə olan müddətdə Qurbanəli Şərifzadəyə göndərdiyi məktubları tapıb, təhlil etdim.
Bundan əlavə, 1906-cı ildən 1923-cü ilə qədərki Türkiyə dövrü mətbuatında Hüseyn Cavidin çap olunan şeirlərini yığıb, "Osmanlı mətbuatında Cavid imzası” adlı yazı dərc etdirdim.
Həmçinin azərbaycanlı ziyalılardan olan Hacı Əbdürrəhim Talıbov və İrəvanda yayımlanan "Leylək” jurnalı haqqında yazılarım dərc olunub”.
M.Gəncəlinin sözlərinə görə, Məhəmməd Hadinin mütəmadi olaraq yazdığı, 1911-ci ildə 15 sayı çıxan "Mehtap” jurnalı ilk mühacirət mətbuatı sayıla bilər: "M.Hadi yazılarını Azərbaycanda "Həyat” jurnalına da göndərirdi. Onun "İqbal” qəzetində dərc olunan "Qaçma” adında şeiri sütunun adına uyğun şəkildə təqdim olunub. Qəzetdə şeirin dərc olunduğu sütunun adı "Baharı-efkar” olub və Ə.Mirəhmədov şeirin adını da "Baharı-efkar” şəklində təqdim edib. Şeirin aşağı hissəsində isə qeyd edilmiş "Qardaşım Məhəmməd Əmin Rəsulzadəyə ithaf” yazısı da verilməyib.
1914-cü ildə İsmayıl Qaspralı vəfat etdikdə Məhəmməd Hadinin ona yazdığı şeiri də çap olunan seçilmiş əsərləri arasında yoxdur. Həmin kitab M.Hadinin yaradıcılığının üçdə biridir”.
Aysel Aslan