Mətbuatın korrektura problemi

Zeynal Məmmədli: “Bəlkə kompyuterin düyməsini basmaq üçün də əlavə işçi tutaq?!”
Aydın Quliyev: “Bakı-Xəbər”in fəaliyyət göstərdiyi 12 il ərzində hər zaman korrektoru olub”


İdrak Abbasov: "Bu gün hər bir sayt bir ləhcə, hətta şivə ilə yazılır”

Səxavət Sahil: "Hər halda bir sözün bir neçə variantda yazıya düşməsi jurnalistlər üçün yaxşı haldır”

(əvvəli ötən sayımızda)

Azərbaycan mətbuatında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri korrektura şəbəkəsinin sıradan çıxmasıdır. Xüsusən son dövrlərdə əksər qəzet və saytlarda korrektor işi heç də qənaətbəxş hesab edilmir. Məsələn, millət vəkili Aqil Abbas deyir ki, bu gün müxbirlər redaksiyaya nə göndərirsə, onu olduğu kimi mətbuatda verirlər.

Daha ağına-bozuna baxmırlar ki, orada nə yazılıb, necə yazılıb. Çünki əksər media qurumlarında nə korrektura, nə də ədəbi redaktə var. Ona görə də deputat hesab edir ki, bu problemi həll etmək üçün redaksiyada mütləq təcrübəli korrektorlar olmalıdır. Yəni redaktorlar həm də korrektorun işini görməməlidir.

Digər millət vəkili, "Azərbaycan” qəzetinin redaktoru Bəxtiyar Sadıqov da redaksiyalarda korrekturanın ləğv olunduğunu, ədəbi redaktənin yox dərəcəsində olduğunu deyib: "Baxırsan ki, yazıların çoxunda cümlələr baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır. Ona görə də bu hallar aradan qaldırılmalıdır. Dilimizin norma və qaydalarına əməl olunmalıdır”.

Qələm adamlarından biri korrektorları futbol komandasının qapıçısına bənzədib. O deyib ki, müdafiə nə qədər güclü, hücum xətti nə qədər peşəkar olsa da, qapıçının hər hansı balaca səhvi komandanı məğlubiyyətə düçar edə bilər. Təcrübəli korrektorlar da peşələrinin vacib və məsuliyyətli olduğunu düşünürlər. Hesab edirlər ki, bu peşədə mütaliə bazasının zəngin olması əsas amildir. Eyni zamanda dilin incəliklərinə bələd olmaq da önəmlidir. Amma media ekspertləri əsl korrektorların yoxluğundan şikayət etdikləri kimi əsl korrektorlar da həqiqi və peşəkar jurnalistlərin azlığından, təcrübəsiz qələmlərin çoxluğundan gileylənirlər. Deyirlər ki, fikirlərini ifadə etməyə çətinlik çəkən savadsız jurnalistlər çoxdur. Onlar Azərbaycan dilinin bütün qaydalarını pozurlar. Özəlliklə xarici mənbələrdən tərcümə zamanı biabırçı vəziyyət yaranır. Başdansovdu tərcümələrdə xəbərlə mübtədanın yeri dəyişik düşür, Azərbaycan sintaksisi darmadağın edilir. İşlərinin məsuliyyətli olduğunu vurğulayan korrektorlara görə, gündəlik qəzetin korrektəsi də çox ağırdır. Çünki onlar adətən orfoqrafik səhvlərlə yanaşı, üslub xətalarını da düzəltməli olurlar. Həmçinin, redaktorların gözündən yayınan redaktə səhvləri də olur. Korrektorlar Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Məsələn, "sanki”, "bəlkə” sözləri cümlədə işləndikdə, hər iki tərəfdə vergül qoyulmalıdır. Ruscadan və ya ingiliscədən mətbuat dilinə keçən yeni terminlər də problemlərə səbəb olur. Əvvəllər "kompüter” yazırdıq. Yeni qaydalarda isə bu termin "kompyuter” kimi təsdiqləndi, amma niyəsini heç kim bilmədi. Köhnə qaydalara görə, vəzifə adları kiçik hərflə yazılırdı. Yalnız Baş prokuror sözündə "Baş” sözü böyük olurdu. Amma indi bir çox vəzifə adları böyük hərflə yazılır. Bu cür dəyişikliklər çaşqınlıq yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır. Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir?

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, tanınmış media eksperti Zeynal Məmmədlinin fikrincə, redaksiyalarda korrektura şöbəsinin olması zəruri deyil: "Əgər medianı bir avtomobil saysaq, korrektura onun təkəri yox, sadəcə olaraq rəngi və görünüşüdür. Ancaq

bizim üçün önəmli olan maşının hərəkət etməsidir, xarici görünüşü deyil. Yəni korrektura hərəkət mexanizmi sayılmır. Ona görə də korrekturanın rolunu şişirtmək olmaz. Daha çox önəmli olan mənim hər hansı məqalədə gerçəkliyi yazmağım, yaxud əksinə, həqiqəti təhrif etməyimdir. Hətta yanlış yazsam, orfoqrafik səhvlərə yol versəm belə, ən vacib məqam obyektivlikdir”.

Professor deyir ki, əgər hansısa redaktor "korrektura mənim işim deyil” söyləyirsə, deməli, o, redaktorun funksiyalarını bilmir: "Düzdür, redaktorun əsas missiyası materialı dəqiqləşdirmək, dolğunlaşdırmaq və zənginləşdirməkdir. Amma eyni zamanda redaktor universitet bitirmiş ali təhsilli jurnalist kimi mətndəki orfoqrafik səhvləri də aradan qaldırmalıdır. Bunun üçün əlavə işçi lazım deyil. Ümumiyyətlə, əlavə işçi məsələsi çox yanlış yanaşmadır. Bəlkə kompyuterin düyməsini basmaq üçün də əlavə işçi tutaq?!”.

Z.Məmmədlinin sözlərinə görə, sovet dövründə korrektura adətən 4 pillədən ibarət idi. Lakin o korrektorların işi təkcə hərf səhvlərini tapmaq deyil, eyni zamanda informasiyalara nəzarət mexanizmini həyata keçirmək idi: "O vaxt korrektorlar bir növ senzuranın tərkib hissəsi idi. İndiki sistemdə korrektorun yerini düz tapmaq lazımdır. Redaksiyada çalışan jurnalist və redaktorların bəlli bir təhsil səviyyəsi varsa, onlar niyə düzgün yaza bilməsinlər ki? Müəllifdən tutmuş redaktora kimi hər birinin borcu mətndəki yanlışları aradan qaldırmaqdır”.

Ekspert bildirib ki, orfoqrafiyaya nəzarət edən proqramlar korrektura işini asanlaşdırır: "Amma problem ondadır ki, bu proqramların özündə ciddi qüsurlar var. Bəzən kompyuterdə sözü düz yazırsan, amma altından qırmızı xətt çəkilir ki, guya, səhv yazmısan”.

Z.Məmmədli yayım prosesinin nəzərə alınmasını da zəruri sayıb: "İndi biz daha çox yeni informasiya kommunikasiya texnologiyalarından istifadə edirik. Belə şəraitdə səhvləri düzəltmək imkanını başqasına da verə bilərik. Görürsüz, bəzi saytlarda məqalənin altında yazılır ki, əgər mətndə səhvlər varsa, xahiş olunur saytın redaktoruna bildirəsiniz. Belə variantların olduğu yerdə əlavə işçiyə ehtiyac duyulmur. Çünki bu, maddi itki deməkdir. Redaksiyaların durumu hamıya bəllidir. Əgər imkanlı mətbu orqanlar varsa, bilikli korrektor tapıb çalışdırsınlar”.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə korrekturanın hər media qurumu üçün önəmli olduğunu düşünür: "Şəxsən mən illərdir bu ənənəni qoruyub saxlayıram. "Bakı-Xəbər”in fəaliyyət göstərdiyi 12 il ərzində hər zaman korrektoru olub. Çünki korrektura işini çox vacib hesab edirəm. Ən azı oxucuların "gözünə tullanan” orfoqrafik səhvlərin olmaması üçün korrektor ştatı vazkeçilməzdir. Təəssüf ki, bu gün bir çox qəzetlər korrekturaya ikinci dərəcəli məsələ kimi baxırlar. Xüsusən saytlarda gedən materialların içərisində elə orfoqrafik səhvlər görürsən ki, adam dəhşətə gəlir. Ona görə də mən istəyirəm ki, mətbuat və elektron media korrekturaya çox ciddi yanaşsınlar”.

"Bizim yol” qəzetinin əməkdaşı, tanınmış jurnalist İdrak Abbasov deyib ki, mətbuatımızın çoxsaylı problemləri ilə müqayisədə korrektura ilə bağlı qüsurlar elə də böyük görünmür: "Mən uzun illər ayrı-ayrı qəzetlərdə, müxtəlif vəzifələrdə işləmişəm, hətta redaktor da olmuşam. Amma günü bu gün də yazılarıma korrektorun əl gəzdirməsinə ehtiyac var. Redaktoru yazının mahiyyəti düşündürür və o, əslində qramatik səhvlərdən tutmuş, orfoqrafik qüsurlar və ya texniki səhvləri düzəltməli deyil. Bir çox redaktorun da əlindən bu iş ümumiyyətlə gəlmir. Korrektura ayrı bir sənətdir. Bu işlə Azərbaycanın müasir publisist dilini mükəmməl bilən şəxslər məşğul olmalıdır. Deyim ki, belə mütəxəssislər Azərbaycanda var. Şəxsən özüm "Ayna-Zerkalo” və "Bizim Yol” qəzetlərində rast gəlmişəm. Təəssüf hissi ilə deməliyəm ki, ən tirajlı və reytinqli qəzetlər də bu sayaq mütəxəssisləri dolandıra bilmirlər. Çünki qəzetlər zor-bəla ilə özlərini saxlayırlar. Nədənsə, masa arxasında səhifənin üzərində bəzən hörümçək toru çəkən, gözünün nurunu əldən verənlərə ikinci və bəzən də üçüncü dərəcəli əməkdaş kimi yanaşılır”.

Jurnalist deyib ki, əmək haqqılarının az olmasına görə, korrektorlar bir neçə işlə paralel məşğul olurlar ki, bu da işin keyfiyyətini aşağı salır: "Habelə, son illər bir çox redaksiyada avtomatik yazını korrektə edən proqramlardan istifadə edilir. Yəni, sən sözü səhv yazırsansa, altından qırmızı xətt keçir, üzərinə "tıklayanda” isə sənə variantlar təqdim edir və sən də birini seçib ora qoyursan ki, altında qırmızı xətt olmasın. Bəzən bu dəyişiklik yerində olur, amma bəzən yersiz olur və dilimizi eybəcər hala salır. Onu da qeyd etmək lazımdır ki, güclü korrektə institutunun formalaşmamasının səbəbidir ki, bu gün hər bir sayt bir ləhcə, hətta şivə ilə yazılır. Cümlələrdə türk, rus və fars sözləri də gen-bol istifadə edilir”.

"Yenilik.az” portalının rəhbəri Xanlar Xoca da mətbuatdakı korrektura probleminə çox ciddi yanaşır və nöqsanların xirtdəyə qədər olduğunu deyir: "Lakin nəzərə almalıyıq ki, biz sürətli informasiya dövründə yaşayırıq. Oxucunu indi düzgün cümlə quruluşu yox, xəbər maraqlandırır. Media da rəqibinə nisbətən xəbəri ünvana daha tez çatdırmağa çalışır və bu zaman korrektor ixtisara düşür. Nəticədə isə bugünkü mənzərə yaranır. Hər halda dilimizin qorunması üçün korrektura məsələsi nəzərə alınmalı, ümumi qaydalar gözlənilməlidir”.

"ArtPress.az” saytının baş redaktoru Səxavət Sahil mediada korrekturanın bərbad gündə olduğunu söyləyib: "Bunun əsas səbəbi maliyyə qaynağının zəif olması və media orqanlarının ucuz reytinq dalınca qaçmasıdır. Hər kəsə məlumdur ki, qəzet və saytlar cüzi büdcə ilə işləyirlər. Ona görə də burda bir neçə nəfərin işini bir nəfər yerinə yetirir. Belə olan halda o qədər də gözə çarpmayan işlər ixtisar edilir. İndi demək olar ki, bir çox media qurumlarında, xüsusən də yeni yaranan müstəqil media orqanlarında korrektor ştatı yoxdur. Bunun nəticəsi göz önündədir. Digər tərəfdən də saytlar fərqinə varmadan, oxucunun diqqətini cəlb etmək üçün ara ifadələrindən, loru dildə olan sözlərdən istifadə edirlər. Ancaq hesab edirəm ki, bunlar mənfi hallar olsa da, dilin inkişafı və zənginliyi baxımından bəyənmədiyimiz, yazılışı düzgün olmayan sözlərin də faydası var. Çünki söz yazıya necə düşürsə, elə də qalır. Hər halda bir sözün bir neçə variantda yazıya düşməsi jurnalistlər üçün yaxşı haldır”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb