“Mətbuatın üzərinə böyük vəzifələr düşür”

Prezident İlham Əliyev Mətbuat Şurasının üzvləri ilə görüşüb
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə, dövlətimizin başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub. Milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edən Prezident İlham Əliyev bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu bildirib:
"Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə senzura ləğv edilib və bu addım mətbuat tarixində yeni dövr açıb”. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlət başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirib. Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət rəhbəri İlham Əliyev bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını bəyan edib: "Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır”. Son illərdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən Prezident xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını söyləyib. Buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. Bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir: "Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu sahədə medianın rolunun artırılması çox vacibdir. Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək. Bununla bağlı mətbuatın üzərinə böyük vəzifələr düşür”. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı zamanı milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Dövlət başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən yüksək qiymətləndirildiyini deyən Ə.Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından dövlətimizin başçısına minnətdarlıq edib. MŞ sədri Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə, Prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu deyib və mükafatı dövlətimizin başçısına təqdim edib. Mətbuat Şurasının sədri milli mətbuatın 140 illiyi ilə bağlı yubiley hədiyyəsini də Prezidentə təqdim edib. Daha sonra çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Dövlət başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda Prezident İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı Sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.
İsmayıl