Metroda gediş haqlarının qaldırılması sual altındadır

Cəfər İbrahimli: “Əgər həqiqətən metroda bir sərnişinin daşınması 50 qəpiyə başa gəlirsə, amma gediş haqqı 20 qəpikdirsə, əlbəttə, bu absurd görünür”



Metroda gediş haqları qaldırıla bilər. İqtisadçıların proqnozlarına inansaq, yanvar ayından etibarən metroda gediş haqqı 50 qəpiyədək qalxacaq. İqtisadçı Qubad İbadoğlu bu fikirdədir ki, yeni ildə növbəti bahalaşma dalğası olacaq və bu özünü, ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqlarının artmasında da göstərəcək. İqtisadçı bildirib ki, qiymət artımı üçün müəyyən zəmin iyulun 15-dən sonra - elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı.

"O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. 2017-ci ilin büdcə layihəsinə görə metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il büdcədən ayrılacaq subsidiya, bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılır. Beləliklə də, yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”. İqtisadçı sərnişinlərə hər ehtimala qarşı yanvarın 1-nə "hazır” olmağı məsləhət görür.

"Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev isə gediş haqlarının qaldırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən bunları deyib: "Bunun üçün Tarif Şurasına müraciət olunmayıb”.

Tarif Şurası isə ənənəvi qaydada susmaqdadır.

Metroda gediş haqlarının qalxacağı nə dərəcədə realdır?

İqtisadçı Cəfər İbrahimli "Şərq”ə açıqlamasında böyük şirkətlərin bazar şərtləri ilə işləməli olduğunu dedi:

- Azərbaycanda böyük şirkətlər, müəssisələr dövlətin sütununu təşkil etdiyi halda, onların iş mexanizmi, maliyyə resursları hələ də sual altındadır. İri dövlət müəssisələri, qapalı və açıq səhmdar cəmiyyətlər daim dövlət büdcəsindən ayrılan subsidiyalarla işləyə bilməz və işləməməlidir. Bu şirkətlər özünün idarəetmə prinsiplərini müəyyənləşdirməli, maliyyə əldə etmək yollarını öyrənməlidirlər. Mən böyük müəssisə və təşkilatların bazar şərtləri ilə, real biznes qaydaları ilə işləməsinin tərəfdarıyam. Əgər həqiqətən metroda bir sərnişinin daşınması 50 qəpiyə başa gəlirsə (bunu iddia edənlər var), amma gediş haqqı 20 qəpikdirsə, əlbəttə, bu absurd görünür. Və burada hər hansı iqtisadi inkişafdan danışmaq da yersizdir. Yəni, gəlirlər və xərclər real qaydada açıqlanmalıdır. Bilinməlidir ki, "Bakı Metropoliteni” QSC-də sərnişindaşıma həqiqətən neçəyə başa gəlir, kəsir nə qədərdir, sərnişinləri yükləməmək üçün nələr edilə, hansı addımlar atıla bilər. Bilirsiz, bu, son bir ilin, ya da yarım ilin məsələsi də deyil. Bazar şərtlərinə uyğunlaşma olmalıdır.

Məlahət Rzayeva