Metroda tum çırtlayan kişi...

Belə hallara qarşı ilk növbədə cəmiyyət məsuliyyət daşıyır
Bakı gözəl şəhərdi. Həm də çirkli. Paytaxtı çirkli edən bir çox səbəblər var. Tikinti işlərinin toz-dumanı, ortalıqdaca yığılıb qalan taxta-sement qalıqları. Bir tərəfdən də küləyin özüylə o baş bu başa sürüyüb apardığı zir-zibil. Ağac budaqlarını "bəzəyən” sellofan torbalar, boşaldılmayan zibil qutuları, iylənən məişət tullantıları.
Külək təbii hadisədir, tikinti işləri də vacibdir. Bir də var, mənim, sənin zibillədiyimiz şəhər. Ən pisi budur, çünki birbaşa özümüzdən asılı səbəblərdən baş verir.
Metro çıxışlarında, dayanacaqlarda əllərində elanlar, bukletlər paylayanları hamımız görürük. Hərdən utanıb, uzanan əli geri qaytarmır və elanı, işə dəvəti əlimizə alırıq. Oxuduqdan sonra da yerə atırıq.
Fikir vermisinizsə, küçələr, səki qıraqları belə elan parçaları ilə dolub-daşır. Uşaqlar yediyi kukuruzun paketini yerə atır, böyüklər də ağızlarını sildiyi nəm salfeti. Daha dəhşətlisi, sanki bu şəhərin əhalisinin 90 faizi vərəm xəstəsidir - dəqiqə-başı yerə tüpürürlər. Asfalt tüpürcəklərə bürünüb. Hara baxsan, insan ağzından çıxan virusdur. Bu nə xəstəlikdir, başa düşülmür. Əhali niyə hara gəldi və belə tez-tez tüpürür? Şəhərin təkcə küçələri zibillənmir. Avtobusa minirsən, salonu zibil içindədir. Hətta hər zaman tər-təmiz görməyə adət etdiyimiz metro da artıq zibillənməyə başlayıb. Dəfələrlə şahidi olmuşam ki, ana övladının əlinə bulka, peçenye, çipsi verib, uşaq da yarı qarına, yarı yerə "işləyir”. Oturacağı da zibilləyir, metro vaqonunu da. Bir-iki dəfə irad da bildirmişəm, görmüşəm, xoşlarına gəlməyib; yəni, sənin nə işinə? Özümüz bilərik. Uşağı bir yana qoyaq. Bəlkə israr edib, anası da ağlatmamaq üçün istədiyini verib. Hərçənd, bunun özü gələcəkdə mədəniyyətsizliyə yol açan şərtdir. Örnəyi bu gün yaşlı-başlı adamlarda görünür. Bir də görürsən, yekə oğlandır, vaqonun içindəcə tum çırtlayır. Bir neçə gün öncə eyni halın şahidi oldum. İşdən evə qayıdırdım, metroda da basırıq idi. Birdən gözüm tutdu ki, qarşıda, arxası mənə tərəf dayanan "kəl boyda” bir kişi tum çırtlayır, qabığını da kirimişcə (öz aləmində yəqin belə zənn edirdi) yerə atır. Kişinin ayaqlarının altı tum qabıqları ilə yavaş-yavaş dolurdu. Doğrusu, bu boyda boylu-poslu birisinə irad bildirməkdən çəkindim. Metronun içindəcə tum çırtlayıb qabığını yerə atan birisindən hər cür reaksiya gözləmək lazımdır. Səsimi çıxarmadım, amma baş verəni qismən də olsa telefonun yaddaşına köçürdüm. "Neftçilər” stansiyasında vaqon boşaldı. Yekə kişi vaqondan düşməyə hazırlaşanda, mənə sarı çöndü. Ani fürsətdən istifadə edib, əlimlə yerdəki tum qabıqlarına işarə etdim; yəni, ayıb deyil, yeri zibilləmisiniz. "Vnimaniya” vermədi, üzünü çevirib vaqondan çıxdı. Lap betəri isə bu idi ki, yarım saatdır davam edən tum çırtlamaq prosesi cavan cütlüyün gözü qarşısında baş verirmiş. Və onlar bu "mədəni” vətəndaşa heç bir irad bildirməmişdilər. Bu dəfə mən onlara irad bildirdim. "Ay xanım, bizə niyə deyirsiniz? Biz çırtlamırdıq ki” cavabı aldım. Bu insanlar etirazımın nəyə qarşı olduğunu anlamamışdılar.
Məsələyə münasibət bildirən Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli isə "Şərq”ə açıqlamasında belə hallara görə ilk növbədə cəmiyyətin məsuliyyət daşıdığını dedi:
- Bizim əhalidə bir az laqeydlik var. Mənə nə dəxli var, mənim deyil ki və s. Biz cəmiyyət olaraq mənfi hallara qarşı birgə reaksiya vermirik.
Evim təmiz olsun, küçənin mənə aidiyyəti yoxdur, prinsipi ilə yaşayırıq. Ona görə də küçələrimiz zibil içində qalır. Kim hara gəldi, zibil atır. Bu insan hər şeydən öncə mədəniyyət göstəricisidir. Metroda dayanıb tum çırtlayan kişidən hansı mədəniyyəti gözləmək olar?! Belə adamların etika anlayışları sıfırdır. Bizim xalqın ən gözəl xüsusiyyətlərindən biri böyüyə, qız-gəlinə hörmətdir. Kiçik böyüyə yer verir, kişilər xanımlara. Son zamanlar bu dəyərlər itib artıq. Metroda, avtobusda gənclər böyüklərə hörmət etmir, kişilər oturur, qadınlar ayaq üstə dayanır. Çox pis haldır. Vətəndaş küçədə gedir, əlindəki kağızı yerə atır. A bala, bunu niyə yerə atırsan, zibil qutuları var, apar, ora at da. Mədəni səviyyə aşağı düşüb. Etika, mədəniyyət ölçüləri var. İnsan küçədə yemək yeməz, ağzını marçıldada-marçıldada gəzməz. Hər tərəfdə bir dönər dükanı açılıb, böyüklü-kiçikli dönər alır, küçədə gedə-gedə yeyirlər, əllərində yemək avtobusa minirlər. Belə olmamalıdır. Bu, mədəniyyətsizlikdir, etik deyil.
Biz bununla mədəni səviyyəmizin aşağı olduğunu göstəririk. Təəssüf ki, bəzi vətəndaşlarımızda ictimai rəyi nəzərə almaq meyli çox zəifdir. Bir də görürsən, biri küçənin ortasında yas çadırı qurub. 10 nəfər ölüsünə rəhmət oxuyur, 20 nəfər də söyür. Özü də söyüş yiyəsi olur, rəhmətə gedəni də urvatsızlaşır. Biz hamımız cəmiyyətin üzvü olduğumuz üçün hərəkətlərimizdə cəmiyyətin maraqlarını nəzərə almalıyıq. İnsan düşünməlidir ki, onun yerə atdığı zibili kimsə yığışdırmaq məcburiyyətində qalacaq. Bu, artıq tərbiyə, əxlaq məsələsidir. Tərbiyəli insan yerə zibil atmaz. Şəhərdə təmizliyə riayət edilməsi, ictimai maraqların müdafiəsində sosial reklamların böyük əhəmiyyəti var. Amma sosial reklamlar da az-az verilir. Uşaqlara kiçik yaşlarından bu vərdişlər aşılanmalıdır ki, küçəni zibilləmək olmaz. Yerə zibil atmaq olmaz. Bakı hamımızın ümumi evimizdir. Öz evimizin təmizliyi, gözəlliyi, qayğısına qaldığımız kimi, şəhərimizin də qayğısını çəkməliyik. Azərbaycan Avropaya inteqrasiya yolunda olan bir ölkədir. İyun ayında I Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Mədəni olmalıyıq, etik davranış qaydalarını bilməliyik.
Məlahət Rzayeva