Meyxanaçı Kərim ağır vəziyyətdən çıxdı

Özünü də tanıyır, yaxınlarını da


Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mətbuatda yazılan məlumatlara görə, meyxanaçının vəziyyəti ağırdı, hətta yaddaşını itirib. Meyxanaçı yaxınlarını, dostlarını çətinliklə tanıya bilir. Kərimin səhhəti ilə bağlı bacısı oğlu Rüstəm "Şərq”ə danışdı:

"Dayım Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dayımın şəkəri olduğundan bir müddət əvvəl də beyninə qan sızmışdı. İndi artıq kritik vəziyyətdən çıxıb. Şükür Allaha ki, ağır durumda deyil. Bilirsiz, mətbuatda dayımın vəziyyəti barədə o qədər yalan məlumatlar yayılıb ki, bu da ailə üzvlərini narahat edir. Biri yazır ki, yaddaşının itirib, biri yazıb iraq, artıq dünyasını dəyişdi. Kim isə saytı üçün oxucu yığmaq istəyirsə, bunu Ağakərimin səhhəti üstündən edərək oxucu ilə oynamasın. Düzdü, dayım hələ də reanimasiyadadı. Amma yaddaşını, huşunu itirməyib. Bizi tanıyır. Mən bir az öncə yanına keçdim. 

Dedi, məni evə apar. Amma həkimlər bir müddət həkim nəzarəti altında olmasını məsləhət görürlər. Əgər yaxşı olsa, inşallah, bir neçə günə palataya keçiriləcək. Sadəcə, dayımı istəməyən insanlar da var ki, onlar dayım barədə yalan məumatlar yaymağa maraqlıdırlar. Şükür ki, ağır vəziyyətdən çıxıb. Özünü də tanıyır, yaxınlarını da. Dayımın səhhəti ilə maraqlanan, bizə telefon açan, xəstəxanaya gələn bütün dostlara da təşəkkür edirəm. Sadəcə çox xahiş edirəm ki, dayım barədə yalan məlumatlar yazmasınlar”.

Tahirə