Məzarlar qaydasında olacaq, qanun hazırlanıb

“Layihədə pullu məzarlıqlar məsələsi yoxdur”



"Yas mərasimləri ilə bağlı vip-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb, hazırda Nazirlər Kabinetində baxılır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar öz əksini tapıb: "Layihədə təklif edilir ki, qəbir adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.

Məzarlıqla bağlı hazırlanan qanun layihəsinə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri hesab edir ki, bir sıra dini məsələlərə başdansovdu yanaşmaqdansa, konkret qanun layihələri hazırlamaq daha məqsədəuyğundur: "Yas mərasimlərində açılan israfçı ehsan süfrələri ilə bağlı aparılan təbliğat işi, edilən tövsiyələr müsbət nəticə vermədi və birbaşa Qafqaz Müsəlmanları İdarəsinin lehinə həll olundu. Çünki burda könüllülük prinsipi var idi. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi qəbul olunarsa, məsələyə heç kim qarışa, yəni "mən belə istəyirəm” deyə bilməyəcək. Bu baxımdan məzarlarla bağlı müəyyən standartların olması müsbət haldır. Amma bir şeyi qeyd edim ki, ümumiyyətlə, islam dinində sinədaşı anlayışı yoxdur. Sadəcə məzarın baş tərəfinə müəyyən ölçülü bir daş qoyulur və bununla da həmin yerin məzar olduğu bilinir, vəssalam, əlavə şeylərə ehtiyac görülmür. Yəni hündür başdaşı qoymaq və onun üzərinə ad-soyad yazmaq islam dininə sonradan daxil edilib. Fikrimcə, məzarlıqlar haqqında hazırlanan qanun bəzi problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Ən azından qəbiristanlıqlar müəyyən formaya düşəcək. Peyğəmbərimiz də vurğulayıb ki, qəbiristanlıqlar insanlara axirəti xatırladacaq şəkildə olmalıdır. Çünki bu halda məzarları ziyarət edib geri qayıdanlar digər insanlara qarşı xoş münasibət sərgiləyirlər”.

İsmayıl