Solmaz Tohidi:"Rəsulzadə Topçubaşovun dəfni zamanı deyib: “Vaxt gələcək, məmləkət azadlığa çıxacaq. Qədirbilən insanlar Sənin məzarını Fransa torpağından götürər, vətən torpağında dəfn edər”
" Məzarlarının Azərbaycanda olması Cümhuriyyət qurucularının özlərinin də arzusu olub. Bunları bilə-bilə məsələyə göz yuma bilmərik. Gec-tez həmin şəxsiyyətlərin məzarları Azərbaycana gətiriləcək"
"Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi ağır yolun daha dərindən araşdırılması vacibdir”.
Bunu "Sherg.az”a Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair təkliflərini səsləndirərkən AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi söyləyib.
O təklif edib ki, Cümhuriyyətlə bağlı gənclər arasında sorğu keçirilsin:
"Məsələn, həmin gənclərin Cümhuriyyətlə bağlı biliklərini yoxlamaq olar. Bu şanlı tariximizin işıqlandırılmasından nə dərəcədə razıdırlar ? Bax, bunu araşdıra bilərik. Yalnız gənclər deyil, digər ictimaiyyət nümayəndələri, müəllimlər, sadə insanlar arasında da sorğular aparıla bilər. Düzdür, demək olar bütün təşkilatlar, dövlət orqanları müxtəlif tədbirlər, konfranslar həyata keçirir, Cümhuriyyətin 100 illiyinə töhfə verməyə çalışır. Amma bu addımların insanlara nə dərəcədə çatdırılmasına da diqqət yetirilməlidir”.
S.Tohidi hesab edir ki, Azərbaycan dövlətçiliyinin əsasını qoyan şəxsiyyətlərin qəbirlərinin ayrı-ayrı ölkələrdə qalması böyük günahdır:
"Həmin şəxsiyyətlərə hər zaman borcluyuq. Onların qurduğu dövlətdə, ucaltdıqları bayraq altında yaşayan vətəndaşlar olaraq, vətən torpağında Cümhuriyyət qurucularına bir qarış qəbir yeri ayrılmaması böyük həqarətdir. Həmin şəxsiyyətlərə deyil, bizə həqarətdir ki, böyük qurucu babalarımıza qiymət vermirik.
Məzarlarının Azərbaycanda olması Cümhuriyyət qurucularının özlərinin də arzusu olub. Hətta Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun dəfni zamanı bu arzusunu dilə gətirib. Rəsulzadə deyib: "Vaxt gələcək, məmləkət azadlığa çıxacaq. Qədirbilən insanlar Sənin (Ə. Topçubaşovun) məzarını Fransa torpağından götürər, vətən torpağında dəfn edər”. Biz bunları bilə-bilə məsələyə göz yuma bilmərik. Gec-tez həmin şəxsiyyətlərin məzarları Azərbaycana gətiriləcək.
Bəzi ziyalılarımız deyir ki, Cümhuriyyət qurucularının məzarları olduğu ölkələrdə qalsın, ziyarət olunsun. Kim ziyarət edir, həmin şəxsiyyətləri? Təbii ki, kütləvi diqqət göstərilə bilmir. Amma bu məzarlar ölkəmizdə olarsa, daha çox hörmət olunar. Bu, bizim borcumuzdur"
Aysel Aslan