Davudoğlu əliboş döndü, gözlər yenidən CHP-yə çevrildi
Türkiyədə koalisiya hökuməti qurulması çərçivəsində növbəti önəmli görüş keçirilib. Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.
Baxçalının Böyük Millət Məclisindəki kabinetində keçirilən görüş 1 saat 45 dəqiqə davam edib. MHP lideri qonaqları kabinetinin qapısında qarşılayıb.
MHP koalisiyadan imtina edib
Milliyyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib. Baxçalı ilə görüş keçirən Davudoğlu qarşı tərəfdən rədd cavabı aldıqlarını açıqlayıb. Baş nazir deyib ki, Baxçalı onlara hökumət ortaqlığı içərisində təmsil olunmayacaqlarını bildirib: "Bizə qarşı göstərdikləri qonaqpərvərlik üçün çox təşəkkür edirəm. Çox dostcasına və səmimi bir mühitdə görüşdük. Son dərəcə mühüm bir görüş oldu. Qarşılıqlı təbrikləşmələr sonrasında Türkiyənin siyasi durumu ilə bağlı müzakirələr apardıq. Amma hörmətli Baxçalı əvvəlki sözünü təkrarladı və hər hansı koalisiyada təmsil olunmaq istəmədiklərini dedi. Əlbəttə, bu, onların fikridir, biz hörmət edirik. Əslində hər iki tərəf Türkiyənin hökumətsiz qalmamasını istəyir. Ona görə də qərara aldıq ki, nümayəndələrimiz görüşləri davam etdirsinlər”. Xatırladaq ki, MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır: - AKP-CHP koalisiyası. İki partiya arasında yaxın günlərdə keçirilən növbəti görüşlər bu koalisiyanın da aqibətini ortaya qoyacaq.
"Prezident səlahiyyətləri müzakirə olunmayıb”
Görüşü dəyərləndirən Davudoğlu hər partiya ilə eyni məsafədə dayandıqlarını deyib: "Biz heç bir partiyaya fərq qoymuruq. MHP sədri ilə Türkiyə daxilindəki bütün prosesləri geniş müzakirə etdik. Hörmətli Ərdoğanın səlahiyyətləri və Prezident sarayı ilə bağlı hər hansı məsələ gündəmə gəlmədi. Əslində siyasətin heç bir hesaba sığmayan yönləri var. Ölkənin taleyi gündəmə gələndə, kritik vəziyyət olanda hamı mövqeyini nəzərdən keçirməlidir. Hələlik MHP-nin yanaşması hökumətdə təmsil olunmamaqdır. Amma biz görüşlərimizi eyni prinsiplərlə davam etdirəcəyik”.
"Qarşılıqlı etimad yaratmağa çalışdıq”
Baş nazir Davudoğlu ötən gün CHP sədri Kılıcdaroğlu ilə keçirdiyi görüş barəsində də danışıb. AKP sədri deyib ki, Kılıcdaroğlu ilə görüşü həqiqətən səmimi və dostluq şəraitində baş tutub: "Çalışdıq ki, müzakirələrin ilk turunda prinsipial mövqelərlə bağlı etimad mühiti yaradaq. Cənab Kılıcdaroğlu ilə onu müşayiət edən heyətin bəyan etdiyi 14 prinsip, bizim qeyd etdiyimiz 9 prinsip, həyata keçirəcəyimiz 10 maddənin təfərrüatlarına toxunmadan fikirlərimizi çatdırdıq. Tez bir zamanda güclü bir hökumətin qurulmasını arzu etdiyimizi ifadə etdik. Eyni şəkildə, qarşılıqlı inam üzərində onlar da təkid etdilər. Niyyət və qarşılıqlı anlayış çərçivəsində danışıqların davam etməsi qərarına gəldik. Bu, yekun görüşümüz yox, ilk müzakirəmiz idi”. Davudoğlu CHP rəhbəri ilə də prezidentlik məsələsinin müzakirə olunmadığını deyib: "Məni vəzifələndirən məqamın legitimliyini müzakirə edə bilmərəm”.
Məlumat üçün bildirək ki, AKP-nin növbəti görüşü kürdləri təmsil edən HDP ilə olacaq. Siyasilər bu görüşün daha çox nəzakət xatirinə olacağını deyirlər.
İsmayıl