MHP yerində sayır: Millətçilərin yeni liderə ehtiyacı var





Türkiyədə parlament seçkisi marafonunda hakim AKP ilə gərgin mübarizə aparan əsas müxalif partiyalardan biri Milliyətçi Hərəkat Partiyasıdır. Bir müddət əvvəl seçki bəyannaməsini açıqlayan MHP-nin seçki təbliğatını qurumun lideri Dövlət Baxçalı aparır. Kampaniya başlayan gündən etibarən şəhər-şəhər gəzən Baxçalı milliyətçi kəsimi meydanlara toplayaraq, partiyasının səs faizini artırmağa çalışır. Amma MHP liderinin seçki fəaliyyəti ölkə millətçiləri tərəfindən qənaətbəxş hesab olunmur.

Baxçalını tənqid edirlər

Əksər ekspertlər də Baxçalının həm partiya idarəetməsini, həm də seçki müddətində apardığı kampaniyanı tənqid edirlər. Onların fikrincə, MHP lideri xarizma, enerji və nitq baxımından digər partiya liderlərindən, xüsusən də, baş nazir Davudoğlundan geri qalır. Məlumat üçün deyək ki, Baxçalı 1997-ci ildən MHP-nin sədri seçilib. 1999-cu il seçkilərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaradıb. Baş nazirin müavini olub. 2007-ci ildə keçirilən seçkilərdə yenidən millət vəkili seçilib.

Ərdoğan ranqda bir lider olmadığına görə, partiya bütün seçkilərdə uduzur

Lider kimi Baxçalını xarakterizə edən tanınmış siyasi ekspert Azər Rəşidoğlu deyib ki, meydanlarda güclü mübarizə aparmaq üçün MHP-nin yeni liderə ehtiyacı var: "Milliyətçi Hərəkat Partiyasında Ərdoğan ranqda bir lider olmadığına görə, partiya bütün seçkilərdə uduzur. Hakim partiyanın seçkilərdə qələbə qazanması təkcə onların proqram siyasəti ilə deyil, daha çox qurumun başında duran liderin, yəni Ərdoğanın şəxsi keyfiyyətləri ilə bağlıdır. MHP 1960-70-ci illərdə daha populyar idi. Çünki o vaxt SSRİ mövcud idi. Türkiyəyə solçu və kommunist ideyaların buraxılmasına razı olmayan ABŞ Milliyətçi Hərəkat Partiyasına dəstək verərək millətçiləri ön plana çəkirdi. Partiyanın ozamankı lideri Alparslan Türkeş isə böyük keçmişi və təcrübəsi olan əfsanəvi şəxsiyyət idi. Amma Türkeşdən sonra rəhbərlik postuna Dövlət Baxçalının əyləşməsi millətçilərin mövqeyini zəiflətdi və meydanda ciddi boşluq yaratdı”.

Yeni lider qayıdacaq və MHP AKP ilə yarışacaq

A.Rəşidoğlunun sözlərinə görə, MHP-nin tarixi inkişaf baxımından fəaliyyət dövrü artıq geridə qalıb: "Baxçalının zəif mövqeyi, siyasi səriştəsizliyi MHP-nin daha da zəifləməsinə gətirib çıxarıb. Artıq bu təşkilatın da xalq arasında nüfuzu və dayağı yoxdur. Güman edirəm ki, yaxın gələcəkdə MHP-nin yeni liderlərinin aktiv şəkildə meydanlara qayıtmasının şahidi olacağıq. Fikrimcə, növbəti seçki mübarizələri AKP və yeni MHP arasında olacaq. Cümhuriyyət Xalq Partiyası da İsmet İnönünün vaxtından başlayaraq, ölkədəki bir çox problemlərin baiskarı hesab olunur. CHP-nin indiki rəhbəri Kamal Kılıçdaroğlu da olduqca zəif fiqurdur. Ona görə də bu partiyalar AKP-yə qarşı durmaqda çətinlik çəkirlər”.

Baxçalı və Kılıçdaroğlu texnoloqlarla işləmirlər

Politoloq deyib ki, Ərdoğan siyasəti çox gözəl bilir. Onun komandasında güclü siyasi texnoloqlar var: "Prezidentin şeir deməsi, mahnı oxuması, çıxışlarında sırf ritorikaya üstünlük verməsi peşəkar texnoloqlar tərəfindən hazırlanır. Ərdoğan özü gözəl natiq olduğuna görə, ona təqdim olunan imkanlardan yetərincə faydalana bilir. Baxçalı və Kılıçdaroğlu isə texnoloqlarla işləmirlər və ənənəvi qaydada siyasi fəaliyyətə, seçki təbliğatına üstünlük verirlər. Bu baxımdan hər iki lider seçki kampaniyasında Ərdoğana hərtərəfli uduzurlar. Yəqin ki, parlament seçkisində də sürprizlə qarşılaşmayacağıq”.

"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə hesab edir ki, bu gün MHP-nin başında duracaq ən şanslı və layiqli namizəd Dövlət Baxçalıdır. Onun sözlərinə görə, MHP-nin bütün seçkilərdə dəyişməz səsi var: "Dövlət Baxçalı partiyanı bir neçə dönəm parlamentə daşıyıb: "Çox tərbiyəli, siyasi əxlaqı yerində olan adamdır. Vətənsevər, millətsevər biridir. Türkiyə üzərində oynanan bütün oyunlarda çalışdılar ki, MHP-ni iç savaşa salsınlar. Dövlət Baxçalı bunun qarşısında dayandı və buna izn vermədi. Türkiyədəki milli cameə bilir ki, MHP-nin başında məhz Dövlət Baxçalı olmalıdır”.

İsmayıl