Millət vəkili Bob Blakmana təşəkkür etdi

“Allah eləsin, onların dedikləri söz olaraq qalmasın”


Böyük Britaniya Parlamentinin son iclasında Dağlıq Qarabağ münaqişəsi və bir milyon azərbaycanlı qaçqının problemi qaldırılıb. Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Blakman parlament müzakirələrində çıxış edərək münaqişənin unudulduğunu deyib:

"Təəssüf ki, Ermənistan, Rusiya və onların müttəfiqlərinin mövqeyi ümumi duruma kömək etmir. Bu il parlament üzvlərimiz qaçqınlar üçün salınmış düşərgələrdən birinə səfər ediblər. Onlar günahkar olmadıqları halda çox əziyyət çəkirlər. Vacibdir ki, dünyanın həmin bölgəsində insan hüquqları və ümumbəşəri dəyərlər bərpa olunsun”. 

Münaqişənin nüfuzlu İngiltərə parlamentində gündəmə gətirilməsinə münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında britaniyalı deputat Bob Blakmana təşəkkürünü bildirib: 

"Allah eləsin, onların dedikləri söz olaraq qalmasın. Biz əməli fəaliyyət görmək istəyirik. 15 ildir mən özüm, o cümlədən ölkəmizdəki digər rəsmilər, qeyri-rəsmilər, hamımız deyirik ki, problemin taleyi sadəcə üç ermənipərəst dövlətdən asılı olmamalıdır. Qoy, ATƏT-in Minsk Qrupunun formatını dəyişsinlər. Böyük Britaniya da prosesə qoşulsun, onların da söz haqqı olsun. Başqa ədalətli mövqedə olan inkişaf etmiş dövlətlər də münaqişənin həlli prosesində sözlərini desinlər. Görürsüz, kifayət qədər güclü ölkə olan İngiltərə münaqişə ilə bağlı ədalətli mövqeyini ortaya qoyur. Biz Britaniya parlamentinin yanaşmasını alqışlayırıq. Yaxşı olardı ki, Böyük Britaniya dünya siyasətində sözü keçən bir ölkə kimi beynəlxalq təşkilatların tədbirlərində də fikirlərini səsləndirsin və təkliflərinin həyata keçməsi üçün əməli addımlar atsın. ABŞ, Rusiya və Fransa başda olmaqla hamı deyir ki, "biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, hörmətlə yanaşırıq”. Amma real iş görən yoxdur. Bizə konkret nəticə lazımdır”.

İsmayıl