Millət vəkilləri nazirləri gözdən salır

"Çünki Nazirlər Kabinetinin yenidən formalaşması barədə qərar hazırlanır"




Bu günlərdə Milli Məclisin iclasında millət vəkili Yevda Abramov hökumət üzvlərinin, nazirlərin televiziyalara çıxmaması məsələsini gündəmə gətirib. Deputat qeyd edib ki, nazirlərin əvəzinə televiziyalarda müğənnilərin didişməsi və xörəklərin təbliği göstərilir. Maraqlıdır, bəs hökumət üzvləri televiziyalarda çıxış etməkdən niyə qaçırlar? Buna səbəb nədir?

Suallarımızı cavablandıran "Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev qeyd edib ki, Azərbaycanda nazirlər çox qapalıdırlar: 

"Onların adını "koridor müsahibələri” qoymuşam. Çünki bizim nazirlərə yalnız hansısa tədbirdən çıxarkən foyedə tutub, sual vermək olur. Yəni məcbur qalıb danışırlar. Əslində heç biri mətbuata danışmaqda maraqlı deyil. Məsələn, mən şahidi olmamışam ki, hansısa nazir mətbuat konfransı keçirsin və KİV nümayəndələrinin sualına cavab versin. Cəmiyyət qarşısında hesabat açıqlasın. Biz nazirlərimizdən bunları görməmişik. İstənilən nazir heç olmasa, 3 ayda bir dəfə hesabat verməlidir. Jurnalistlərin önünə çıxıb cavablar verməlidir. Bu, normal olardı. Media olaraq vaxtı ilə biz həmin təklifləri verirdik. Bu proqramı işləyib hökumətə təqdim etmişdik. Təəssüflər olsun ki, təkliflərimiz bu vaxta qədər həyata keçirilmədi. Ona görə də, hökumət üzvləri ilə bağlı belə problemlər ortaya çıxır. İctimaiyyət nazirliklər haqda dolğun informasiya əldə edə bilmir. Bu da həmin strukturların günahıdır”.

M.Əliyevin sözlərinə görə, hökumət üzvlərinə qarşı çıxış edən millət vəkilləri tapşırıq əsasında danışırlar: "Onlara belə tapşırıq verilib ki, Nazirlər Kabinetini, nazirləri gözdən salın. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin yenidən formalaşması barədə qərar hazırlanır. Məncə, millət vəkillərinin danışması da bundan irəli gəlir”.

Ayyət Əhməd