“Millətin heysiyyatı ilə oynamaq olmaz”

Əjdər Tağızadə: “Aksiyaların əsas gözəlliyi bundan ibarətdir ki, davasız-qansız özlərinin milli- mədəni haqlarını tələb edir, haqq səslərini dünyaya çatdırırlar”
“Tehran gənc fəalları zindana salmaqdan ehtiyat edir”


İranda azərbaycanlıların dövlət televiziyasında təhqir olunmasına qarşı etirazlar səngimək bilmir. Kütləvi etiraz aksiyası demək olar ki, Güney Azərbaycanı bürüyüb. Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində "Biz istəyirik diri qalaq”, "Mən türkəm” və digər yazılı plakatlar tutaraq "Haray, haray, mən türkəm”, "Ölüm olsun faşizmə”, "Azərbaycan milləti, çəkəmməz bu zilləti” kimi şüarlar səsləndirib, etiraz mitinqləri keçirirlər.

Etirazlara səbəb isə bu günlərdə İranın "Tərh-i No” qəzetində türklərin təhqir olunaraq "bədbəxt”, "pis irq” kimi təqdim olunmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb.

Güney Azərbaycandakı aksiyalarla bağlı "Şərq”ə danışan Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sabiq sədri Əjdər Tağızadə Azərbaycan türklərinin fars şovinistləri tərəfindən təhqir olunmasının çox ağrılı və dərin bir problem olduğunu deyib: "Bunun da səbəbi Güney Azərbaycandakı Milli Oyanış Hərəkatının günü-gündən artan qüdrətini gözlərinin götürməməsidir. Pəhləvi sülaləsindən üzü bu yana güneyli soydaşlarımız təhqir olunur, hüquqları tapdanır, dili qadağan olunub. Millətin başının üstündə əli qılınclı dayanıb, azadlıqlarını məhdudlaşdırıblar. Fars şovinistlərinin Azərbaycan türklərini təhqir etməsi ilk dəfə yaşanmır. Dəfələrlə bunun şahidi olmuşuq. Əslində İran adlanan yerdə fəaliyyət göstərən bütün televiziyalar fars rejiminin nəzarəti altındadır. Orada heç bir müstəqil işləyən telekanal, azad media yoxdur. 2-ci kanalda türklərin təhqir olunması birbaşa rejimin əli və göstərişi ilə həyata keçirilib. Ancaq rejim təhqirlərin belə effekt verəcəyini gözləmirdi. Məsələ burasındadır ki, fars kanalları təkcə azəriləri yox, əsarətdə saxladıqları digər millətləri də təhqir edirlər. Sonra da çıxıb həyasızcasına deyirlər ki, "balaca zarafat etmişik”. Millətin heysiyyətinə toxunan məsələdə zarafat olmaz.

Sizə onu da deyim ki, Milli Oyanış Hərəkatının bu qədər güclənməsi fars şovinistlərinin özlərini də məəttəl qoyub. Ağızlarından bir kəlmə xoşagəlməz söz çıxan kimi xalq küçələrə axın edir. Onlarda təəccüb doğuran da budur ki, biz Azərbaycan türkləri haqqında illər boyunca bu cür təhqiramiz ifadələr işlətmişik, səsləri çıxmırdı. İndi necə olur ki, hər sözümüzə qarşı böyük aksiyalar keçirirlər. Onlar hardan bilsin ki, artıq bu millət özünə, milli kimliyinə qayıdır. Fikir verirsinizsə, son zamanlarda Tehran rejimi məsələni dərinləşdirməkdən, Oyanış Hərəkatının fəallarını həbs edərək zindana salmaqdan ehtiyat edir. Bu cür aksiyaların əsas gözəlliyi bundan ibarətdir ki, davasız-qansız özlərinin milli-mədəni haqlarını tələb edir, haqq səslərini dünyaya çatdırırlar. İran rejimini ən çox narahat edən bir gecənin içində bir milyon Azərbaycan türkünün küçələrə axın etməsidir. İran adlanan bir yerdə heç bir daxili və ya xarici qüvvə, hətta rejim özü belə bir günün içində bu qədər insanı küçəyə toplaya bilmir.

- Azərbaycanlıları təhqir etməklə fars rejimi, onların nəzarətində olan media orqanları nəyə nail olmaq istəyirlər?

- Onlar şüuraltında xalqın milli mənliyini sındırmağa çalışırlar. Buna görə də şovinist rejimi hər fürsətdə azərbaycanlıları təhqir etməyə çalışır. Onlar hər zaman türkləri 3-cü dərəcəli, geridə qalmış toplum kimi təqdim edirlər. Soydaşlarımız haqlı olaraq geniş aksiya keçirdilər və rejimin cavabını verdilər. Çoxları iddia edirdi ki, guya azərilər artıq mübarizə gücünü, döyüş əzmini itirib, onların milli hissləri qalmayıb. Bəlkə də elə onlar təhqirlə bunu yoxlamaq istəyirdilər. Ancaq hadisə göstərdi ki, Azərbaycan türkləri çox şeyə qadirdir və öz köklərini unutmayıblar. Xalqlar zindanı sayılan İranda demək olar ki, bütün Azərbaycan ayağa qalxıb. Bu da onu göstərir ki, xalqın şüurunda milli məsələlər kök salıb. Həmin hissləri hansısa təzyiqlərlə, işgəncələrlə silmək mümkün deyil. Aksiyada səslənən şüarlar da göstərir ki, xalq öz milli mənsubiyyətini dərk edir. Artıq millətimizin rejimlə mübarizəsi, müqaviməti budaqdan kökə enib. Bu cür ayaqlanmalar xalqın milli şüurunu daha da təzələyir. Yəni keçən zaman bizi zəiflətmir, əksinə, gücləndirir.

- Dediniz ki, bir təhqirə görə Azərbaycan türklərinin ayaqlanması İran rejimində təəccüb doğurub. Sizcə, bundan sonra rejim azərbaycanlılara qarşı daha ehtiyatlı olacaq, yoxsa bir müddətdən sonra "təbliğat maşın”ları yenidən işə düşəcək?

- Yuxarıda da qeyd etdiyim kimi, bir ifadəyə görə, Güney Azərbaycanın səfərbər olması fars rejimini bərk narahat edir. Rejim nümayəndələri artıq hadisənin istənilən an nəzarətdən çıxa biləcəyinin fərqindədir. İranda insanlar, necə deyərlər, "bir himə bənddir”. Orada azərbaycanlılarla yanaşı, ərəblər, bəluclar və başqa çoxsaylı millətlər də var. Azərilərin ayaqlanması onları da dirçəldə bilər. Rejim ən çox bundan ehtiyat edir. Digər xalqlar da gözləyirlər ki, ilk addımı azərbaycanlılar atsın. Çünki biz İranda çoxluq təşkil edirik.

- Güneydə baş verənlərə müstəqil Azərbaycan ictimaiyyətinin reaksiyası sizi qane etdimi?

- Çox təəssüflə qeyd edirəm ki, yox. Burada söhbət insan haqlarından, milli müqəddəratdan gedir. Dövlətlərarası protokolu əsas tutaraq dövlət güney azərbaycanlılara dəstək vermir. Bu, müstəqil dövlətimizin Cənubi Azərbaycanda baş verənlərə qarşı belə biganə olması üçün başlıca əsas olmasa da, anlayırıq. Bəs QHT-lər, media, ictimaiyyət nümayəndələrinə nə olub! Ölkə ictimaiyyəti İrandakı soydaşlarımızla bağlı çox səssizdir. 1980-ci, 90-cı illərdə "Təbriz, Təbriz” deyə hayqıranların indi səsi çox zəif çıxır. İndi bütün Təbriz ayaqdadır, bəs onlar haradadır?! Biz demirik ki, xalq hamısı ayaqlansın, İrana qarşı çıxsın və s. Amma öz insanlarımızın haqlı səsinə səs verməliyik, onların səsini dünya ictimaiyyətinə çatdırmalıyıq. Gecə-gündüz Güneydən gələn xəbərləri izləyirəm. Xalq öz iradəsini ortaya qoyaraq milli haqlarının qorunmasını tələb edir. Görün, Hərəkat nə qədər güclənib ki, artıq İran rejimi fəalları zindana salaraq qarşısını almağa belə cəhd göstərmir.

Şəymən