Əli Məsimli: “Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər”
Milli Məclisdə bankların özbaşınalığından danışdılar
Zahid Oruc: “Nazir demişdi ki, pullar evdə saxlansa, oğurlanacaq, elə də oldu”
Əli Məsimli: “Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər”
Əli Məsimli: “Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər”
Deputatlar 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini qəbul edib
Ötən gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. İclasa 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqlar da qatılıblar. Parlamentin sədri Oqtay Əsədov onları təbrik edib. Toplantıda iştirak edən uşaqlar isə spikerin təbrikinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, İctimai Televiziyanın layihəsi əsasında Milli Məclisə gətirilən uşaqlar bağça və məktəb yaşlılar olub.
İclasda Hümbət Səlimovun Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sözügedən hakimin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə müraciət daxil olub.
Onun sözlərinə görə, Hümbət Qamuna oğlu Səlimov məhkəmə sistemində özünü doğruldan hakimlərdən biridir və hazırda Balakən Rayon Məhkəməsində hakim vəzifəsinə təyinat alıb. Məsələ səsverməyə qoyularaq qəbul edilib.
"Neftin qiymətinin 3 dəfə aşağı düşməsi mənfi təsirini göstərib”
Dünən həmçinin "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında” sənəd də müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib. O qeyd edib ki, 2015-ci ildə iqtisadi inkişafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir: "Ötən ildə büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015 də 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək. Yaxın gələcəkdə Qəbələ də dotasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Dövlət büdcəsinin kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb. Bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir. Azərbaycan büdcə sistemi artıq oturuşub”. Deputat deyib ki, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib: "2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 milyon manat təşkil edib”.
İclasda Hesablama Palatasının rəyi də dinlənilib.
"Az qala millət vəkillərinin evlərinə oğurluğa girsinlər”
Qanun layihəsi ətrafında müzakirələrə qoşulan millət vəkilləri bəzi dövlət orqanlarının ünvanına irad bildiriblər. Deputat Zahid Oruc hökumətdə struktur və idarəetmə islahatlarının həyata keçirilməsinin zəruri olduğunu söyləyib. O deyib ki, ölkəni elektrik enerjisi ilə təmin edən "Azərenerji” ASC-nin dövlət borcu bir milyard manata yaxınlaşır: "Artıq bu vəziyyət bizi vadar edir ki, belə bir qurumun idarə edilməsinə yenidən baxmaq lazımdır. Bu qurum özəl idarəetməyə verilməlidir. Mən həmçinin yarımçıq qalmış layihələrin başa çatdırılmasının vacibliyindən danışmaq istəyirəm. Anlayıram ki, indiki iqtisadi çətinlik dövründə hökumət gəlirlərinə qənaət edir və başlanmamış layihələri gələcəkdə həyata keçirəcəyini bəyan edir. Bu, başadüşüləndir. Amma elə kəndlər var ki, ora qaz xətti çəkilib və işin demək olar ki, 90 faizi görülüb, materiallar ortalıqdadır. Hökumət heç olmasa bu yarımçıq layihələri başa çatdırmalı və oradakı vəsaitlərin xarab olmasına imkan verməməlidir”. Millət vəkili manatın devalvasiyasından sonra ölkədə cinayət hallarının artdığını da diqqətə çatdırıb: "Bir müddət əvvəl maliyyə naziri Samir Şərifov devalvasiya baş verəndə xalqa tövsiyə etdi ki, pulunuzu evdə deyil, banklarda saxlayın. Əks təqdirdə, bu pullar oğurlanacaq. Bəli, artıq son dövrlərdə sosial cinayətlərin sayı artıb. Artıq az qala millət vəkillərinin evlərinə oğurluğa girsinlər. Ona görə də təklif edirəm ki, hökumət dollarizasiya prosesini başa çatdırmalıdır”.
Büdcə oğurluğu ilə bağlı da danışan Z.Oruc vurğulayıb ki, təkcə cəzaların ağırlaşdırılması ilə bu sahədə effektli nəticə əldə etmək mümkün deyil: "Onun üçün də struktur və idarəetmə sahəsində islahatlar sürətləndirilməlidir. Bununla yanaşı, mən son dövrlərdə ölkədən Gürcüstana axan maliyyə resursları barədə də narahatam. Gürcüstan bizdən zəif ölkədir. Amma bu ölkədə iqtisadi cəlbedicilik o qədər yaxşıdır ki, maliyyə bu ölkəyə axır. Maliyyə təkcə Azərbaycandan deyil, eyni zamanda Türkiyədən də Gürcüstana gedir. Bunu araşdırmaq lazımdır”.
"Bu, bankçılıq deyil, soyğunçuluqdur”
Millət vəkili Əli Məsimli bildirib ki, 2015-ci ilin büdcəsi bir sıra məqamlara görə qənaətbəxşdir: "2015-ci il ağır keçən illərdən biridir. Amma büdcənin qorunub saxlanması asan iş deyil və bunu müsbət qiymətləndirmək lazımdır. 2015-ci il 21 fevral devalvasiyasından sonra yeni situasiyanın yaranması nəticəsində qum saatı işə düşüb. Bütövlükdə vahid maliyyə-pul-kredit siyasətinin həyata keçirilməsi vaxtıdır. Ölkənin bu böhranlı vəziyyətdən tez çıxması üçün koordinasiya gücləndirilməlidir. Maliyyə, pul-kredit siyasəti manatın sabitliyi, inflyasiyanın aşağı saxlanması üçün deyil, həmçinin yeni iş yerlərinin açılması üçün də əhəmiyyətli olmalıdır. Kredit problemlərini həll etmədən bank sisteminin sağlamlığına nail olmaq mümkün deyil. Təkliflər hazırlayıb aidiyyəti strukturlara göndərmişik. Bir ay keçib və cavablar gözləyirik”. Deputat son zamanlar bəzi bankların insanların borclarını qaytarması üçün soyğunçuluq və qeyri-insani davranışlara əl atdığını da söyləyib: "Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər. Bununla yanaşı, ailə başçılarını itirən şəxslərə dövlət tərəfindən verilmiş müavinətlərini də yüz faiz almağa başlayıblar. Bu, qanuna və insanlığa uyğun deyil. Məhkəmələrdə banklara kredit borcunun qaytarılması üçün əmək haqqından 50 faizdən artığını tutmağa icazə verilmir. Bəzi banklar bu addımı atır. Bu, bankçılıq deyil, soyğunçuluqdur”.
"Eyni funksiyanı icra edən qurumlar, şöbələr birləşdirilməlidir”
Xanım millət vəkili Elmira Axundova qeyd edib ki, qanun layihəsi çox şəffaf hazırlanıb. Deputat həmçinin layihənin müsbət tərəfləri ilə yanaşı, çatışmazlıqların olduğunu da dilə gətirib: "Ötən il
ölkəmizdə neft gəlirlərinin azalması arzuolunmaz olmasa da, qeyri-neft sektorunun inkişafına təsir göstərdi. Belə ki, ötən il qeyri-neft sektorundan gələn gəlirlər 16.3 faiz artıb. Bu, çox müsbət rəqəmdir. Bütün bunlar göstərir ki, dövlət vəsaitləri daha səmərəli, effektli və qənaətli sərf edilməlidir. Respublikada eyni funksiyanı icra edən qurumlar, şöbələr birləşdirilməlidir. Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən bu prosesə artıq start verilib və davam etdirilir. Ötən ilin büdcəsinin icrasına baxdıqda elə sahələr var ki, onlar üzrə vəsaitlər sərf olunmayıb. Misal üçün, səhiyyə. Təhsil sahəsində vəsaitlər 10 faiz istifadə edilməyib. Bu məsələlərə diqqət etməliyik. Ölkəmizin inkişafında mühüm olan digər sahə kənd təsərrüfatıdır ki, bu sahəyə daha da diqqət etməli, onun inkişafına dəstək verilməlidir”. E.Axundova xarici ölkələrdə çalışan diplomatların pensiyaların artırılması təklifini də irəli sürüb. O bildirib ki, xaricdən qayıdan diplomatların pensiya məsələsi əsas problemlərdən biridir. "Başqa ölkələrdə çalışan səfirlərimiz ölkəmizə qayıdıb pensiyaya çıxanda məlum olur ki, onların pensiyaları yaşayış minimumundan bir az artıq olur. Bilirsiniz ki, səfir işi o qədər də asan deyil. Onlar uzun illər ailədən uzaq düşür, respublikanın imicini şərəfli qoruyur, dövlətimizə ləyaqətlə çalışırlar. Ümumiyyətlə, ölkəmizdə Xarici İşlər Nazirliyinin işçilərinə az təqaüd ayrılır. Bu, xoşagəlməzdir. Ölkəmizdə pensiyalar əhəmiyyətli dərəcədə artmaqdadır. Deputatlar, dövlət qulluğunda, hərbi sahədə çalışanlar yüksək pensiya alır. Bu baxımdan düşünürəm ki, diplomatiya sahəsində çalışanların da pensiyaları yüksək olmalıdır”.
"Əgər dondurmanı istehsal edə bilmiriksə, başqa məqamlardan danışmağa ehtiyac yoxdur”
Millət vəkili Fazil Mustafa söyləyib ki, devalvasiyadan sonra yerli istehsalın geriləməsi prosesi baş verir: "Çox sayda müəssisələr, quşçuluq fabrikləri bağlanır. Rusiyadan gətirilən dondurmalara üstünlük verilir. Əgər dondurmanı istehsal edə bilmiriksə, başqa məqamlardan danışmağa ehtiyac yoxdur. AZAL, "Azernerji”, səhiyyə müəssisələrinin özəlləşdirilməsi aparılmalıdır ki, problemlər aradan qaldırılsın. Təhsil Nazirliyinin keçirdiyi tədbirdə diqqət yetirdim, 11-ci sinif şagirdlərinin boyu 1.65 və ya 170 sm-dən yuxarı deyil. Əksəriyyətinin də beli əyridir. Sanki bu uşaqlar idmanla məşğul olmayıblar. İdman sektoruna nəzarət edilməlidir. Voleybol sahəsində ölkədə inkişaf oldu. Amma basketobulumuz, həndbolumuz öldü, yaşıl meydançalar azaldı. Xaricdən gətirilən idmançılara xərclənən vəsait aradan qaldırılmalıdır, biz bu vəsaitlə öz gənclərimizi yetişdirməliyik. İdman gənclərin sağlamlığı üçün vacib olduğu üçün hökumət bu sahəyə diqqət yetirməlidir”.
"Turistik sahəyə daha çox diqqət ayrılmalıdır”
Xanım deputat Qənirə Paşayeva isə bildirib ki, turistik sahəyə daha çox diqqət ayrılmalıdır: "Mövcud iqtisadi durumda ölkəyə turist axınına töhfə verilməlidir. Xüsusilə, qardaş Türkiyədən gələnlər üçün hava limanında sadələşdirilmiş viza qaydaları tətbiq etsək, daha yaxşı olar”. Millət vəkili həmçinin deyib ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu iyunun 2-də Almaniya Bundestaqında uydurma erməni soyqırımı məsələsinin səsverməyə çıxarılması ilə bağlı alman həmkarlarına müraciət etməlidir. Onun sözlərinə görə, verilən açıqlamalar onu deməyə əsas verir ki, Bundestaqda bu məsələ ilə bağlı hansısa ciddi addımların atılması gözlənilir: "Mən təklif edirəm ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri alman həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çağırsın. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Ona görə, belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır”.
Nazir təhsil kreditləri haqqında məlumat verdi: "İş aparılır”
Deputatların təklifləri və suallarına cavab verən maliyyə naziri Samir Şərifov deyib ki, təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır: "Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumla bağlı, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13 faizlə təshil kreditlərinin alınması əlverişli olmaz. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır. Həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasında müəyyən məlumat veriləcək”. Nazir həmçinin AZAL-ın dövlət zəmanətli borclarının həcminin 650 milyon manatdan artıq olduğunu qeyd edib: "AZAL-la bağlı məsələ daim hökumətin diqqətindədir. AZAL-a dövlət tərəfindən mütəmadi yardımlar göstərilir. Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm dövlət zəmanəti ilə kreditlərin verilməsi, müəyyən dövrlərdə borcların silinməsi daxildir. Qeyd edim ki, AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 milyon manatdan artıqdır. Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliliyinin artırılmasına şirkət tərəfindən üstünlük verilməlidir”.
Pensiyalarla bağlı yeni qanun qəbul olunacaq
Nazir həmçinin bildirib ki, dövlət borcuna xidmətlə bağlı hər hansı problem olmayıb. S.Şərifov qeyd edib ki, pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb: "Prezidentin təsdiq etdiyi pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtda Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır. Diplomatların məsələsinə gəlincə, Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif olunur ki, xaricdə çalışan zaman əmək haqqının 25 faizi pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olardı”.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.
Anar Bayramoğlu