
Milli Məclisdə dinləmələr keçirilib
Valeh Ələsgərov: “Bizimlə təzyiq dilində danışmaq mümkün deyil”“Azərbaycan başqa ölkələrdən fərqli olaraq, müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur”

Dünən Milli Məclisdə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı dinləmə keçirilib. Parlamentin sədr müavini, Azərbaycan-Avropa Parlamenti əməkdaşlıq qrupunun həmsədri Valeh Ələsgərov deputatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə deyib ki, Avropa Parlamentinin qərəzli mövqeyi anlaşılmazdır: "Bizim üçün ən təəccüblüsü odur ki, Avropa Parlamentinin bəzi üzvləri Azərbaycana qarşı qarayaxma kampaniyalarına qoşulurlar. Həm də bunu silsilə şəkildə həyata keçirirlər. Hesab edirəm ki, bu, hansısa mərkəzdən idarə olunan davamlı prosesdir.
Son zamanlar vətən xaini Əlikram Hümbətovu Avropa Parlamentinə dinləmələrə dəvət ediblər. Cəbhəni tərk edən hər hansı bir xaini ora dəvət etmək hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycan başqa ölkələrdən fərqli olaraq, müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasət aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, onu tənqid, tərif etməsi üçün kifayət qədər platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik”. V.Ələsgərov vurğulayıb ki, "Şərq Tərəfdaşlığı” adlı bir missiya var: "Orada Avropanı təmsil edən 60 deputatla yanaşı, tərəfdaş ölkələrin hərəsindən 10 deputat da var. Adını tərəfdaş qoysalar da, bizimlə bərabər hüquqda danışmaq istəmirlər. Təzyiq dilində danışırlar. Avropa Parlamentinə dəfələrlə bildirmişik ki, Azərbaycanla bağlı nə iradınız varsa, gəlin bir tədbiri də Bakıda keçirib, burada aydınlaşdıraq. Amma üz-üzə gəlmirlər. Türkiyə 60 ilə yaxındır Avropa Birliyinə qəbul olunmur. NATO-ya dərhal qəbul etdilər, çünki söhbət öz təhlükəsizliklərindən gedirdi, amma humanitar, iqtisadi məsələlərdə Türkiyəni yaxın buraxmırlar. Çünki onlar üçün din, etnik mənsubiyyət əsas amildir”.
Millət vəkili Azay Quliyev isə söyləyib ki, müəyyən qüvvələr Avropa Oyunları ilə bağlı Azərbaycan əleyhinə kampaniya aparır və son vaxtlar bu, intensivləşib: "Bu yaxınlarda APA İnformasiya Agentliyində çox yaxşı araşdırma getdi və bu qüvvələrin mənbəyi, niyyəti açıq ortaya qoyuldu. ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent aparılan kampaniyada iştirak edir. Biz bu kampaniyaya səssiz qala bilmərik”.
"Təbii ki, biz qərəzli mövqe ilə üzləşəcəyik. Avropa Parlamenti qondarma Talış Muğan Respublikasının lideri Əlikram Hümbətovu da öz dinləmələrinə dəvət etdi. Biz onlara dedik ki, "Talış Muğan Respublikası”nın Azərbaycandakı vəziyyətlə nə əlaqəsi var? Heç biri bu sualımıza cavab verə bilmədi”. Bu sözləri isə deputat Fuad Muradov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda bu cür dinləmələrin sayı çoxalmalıdır. Onun sözlərinə görə, Azərbaycan QHT-ləri stimullaşdırıb xaricdə tədbirləri genişləndirməlidir. F.Muradov qeyd edib ki, Azərbaycandakı QHT rəhbərlərinin, media nümayəndələrinin Avropa Birliyinin ölkəmizdəki səfirinin qəbuluna düşməyə tam ixtiyarları var: "Ona suallar ünvanlanmalıdır. Diqqətinə çatdırılsın ki, Azərbaycana yalvarırsınız ki, Riqa sammitində iştirak etsin. Səfirin qarşısında konkret suallar qoyulmalıdır. Azərbaycana qarşı aparılan kampaniyanın əksinə ciddi addımlar atılmalıdır. Onun fikrincə, mətbuata dəstək olmaq lazımdır ki, media xaricdə təbdirlər keçirə bilsin. Azərbaycanda olan müzakirələr yüksək səviyyədədir. Bizim Brüsseldə, Vaşinqtonda müəyyən informasiya mərkəzlərimiz olmalıdır ki, məlumatları oradakı insanlara çatdırsınlar. Avropa Parlamentinin deputatı Ulrike Lunaçikin öz seçiciləri ilə axırıncı dəfə nə naxt görüşdüyü heç bəlli deyil. Biz isə seçicilərimizlə bir gün görüş keçirməyəndə təsəvvür edin ki, nələr olar. Lunaçik Azərbaycanı mütəmadi olaraq tənqid edir və bundan başqa öhdəliyi, işi-gücü yoxdur. Sabah da deputat seçiləndə onun Azərbaycan haqqındakı çıxışları əsas gətiriləcək. Buna görə də biz Avropa insanlarını mütəmadi olaraq məlumatlandırmalıyıq”. Deputat onu da əlavə edib ki, Avropa Parlamentində Azərbaycana yaxşı münasibəti olan deputatlar da az deyil.
Xanım millət vəkili Məlahət İbrahimqızı isə Avropanın aparıcı nəşrlərinin korrupsiya faktlarından yazmasına toxunub, bunu qərəzli yanaşmalar adlandırıb: "Avropa ölkələri Yaxın Şərqdə yeni münaqişə ocaqları yarandıqdan sonra qaçqınların axını ilə bağlı referendum keçirilib. Bu referendumun nəticələrinə görə, bir nəfər də miqrant Avropa məkanına buraxılmamalıdır. Avropa təsisatları bir dəfə də olsun Aralıq dənizində ölən miqrantlarla bağlı müzakirələr aparmır. Halbuki, bunu müzakirəyə çıxarmaq onların borcudur. Çünki Orta Şərqdə Avropa Birliyinə daxil olan ölkələrin hərbçiləri mübarizə aparırlar”. Deputat təklif edib ki, Avropadakı nüfuzlu təşkilatlara Azərbaycanda tanınmış QHT-lərin təşəbbüsü ilə müraciət göndərilməlidir: "Onsuz da Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlara ümidi qalmayıb. Amma yenə də bir işıq ucu ola bilər”.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkli kampaniya aparırlar. O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: "Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır”.
Deputat Çingiz Qənizadə cinayət törətməyən və hansısa ab-havaya qoşulub Azərbaycandan Avropaya mühacirət edənlərlə sıx əməkdaşlıq qurulmasını tövsiyə edib: "Onlar onsuz da Azərbaycan üçün yanırlar, vətən həsrəti ilə yaşayırlar. Eyni zamanda, orada yaxşı təşkilatlanırlar. Biz onlarla əməkdaşlıqdan fayda görə bilərik. Bunda onların özləri də maraqlıdır”.
Millət vəkili Asim Mollazadə isə xarici mətbuatda Azərbaycana qarşı 4500-ə yaxın məqalə dərc olunduğunu söyləyib: "Bunlar təkcə insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər. Bunun da səbəbi beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Qərb ölkələrindən gələnlər Azərbaycandakı inkişafın şahidi olub, bu kampaniyanın yalan olduğunu görürlər. Bu kampaniyanı aparanlar beynəlxalq erməni təşkilatlardır. Ermənilər Ukrayna məsələsindən sonra anlayırlar ki, Dağlıq Qarabağ problemi dünyaya açılmalıdır. Vaxtilə "Human Rights Watch”un azərbaycanlı əsirlərin orqanlarının ermənilər tərəfindən çıxarılması ilə bağlı hesabatı bütün saytlardan yığışdırılıb. Çünki həmin təşkilatın tərkibinə ermənilər daxil olub. Təklifim odur ki, biz bu işləri Avropada aparmalıyıq. Onları yerində ifşa etməliyik”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bu il yanvarın 7-də Parisdə "Charlie Hebdo” jurnalının redaksiyasına basqın və sonrakı hadisələr sonucu 14 nəfərin öldürülməsindən danışıb. O bildirib ki, bu hadisə bütün Avropanı ayağa qaldırıb: "Doğrudan da dəhşətli idi. Amma həmin hadisədən bir neçə gün sonra Nigeriyada Boko Haram terrorçularının 2 minədək insanı öldürməsi kimsənin tükünün belə tərpənməsinə səbəb olmadı. Avropa öz ərazisində 14 nəfər üçün matəm elan etdi, Nigeriyaya Allahın bir başsağlığını belə çox gördü. Bunun adı ikili standartdır. Bütün məsələlərdə olduğu kimi insan haqları məsələsində də Avropa ikili standartı iş başındadır”. A.Həsrət deyib ki, Beynəlxalq Amnistiya təşkilatının məlumatına görə, Avropa Birliyi ölkələri özəlliklə də Afrikadan gələn köçkünlərin qitəyə girişini əngəlləmək üçün 1 il ərzində 2 milyard avrodan artıq vəsait xərcləyir. Köçkünlərin şəraitini yaxşılaşdırmaq üçünsə cəmi 700 milyon pul ayrılır: "Son günlər aralıq dənizində Afrikalı köçkünləri daşıyan bərənin batması sonucu 900-dək insanın həlak olması bir daha göstərir ki, Avropa Birliyi onlardan yaxa qurtarmaq üçün ən qəddar şəraitin yaradılmasından belə çəkinmir.
2014-cü ilin fevralında İspaniya sərhəd mühafizəçiləri 250 Afrikalı köçkünün ölkəyə girişini əngəlləmək üçün silahdan istifadə etmişdi. Nəticədə 14 nəfər ölmüş, digərlərininsə ölkəyə girişinə imkan verilməmişdi. Beynəlxalq Ədalətli Mühakimə təşkilatının hesabatına görə, Avropada 2011-13-cü illərdə istintaq altında tutulan hər 5 nəfərdən 1-i müvafiq tərcümə xidmətinin təmin edilməməsindən şikayətçi olub. Eyni təşkilat eyni illərdə hər 10 şübhəlidən 1-nin hüquqları haqqında bilgi alması və həbsinin səbəblərini öyrənməsi üçün müraciətlərinin cavabsız qaldığını bildirib. Yenə də həmin illərdə şübhəli şəxslərin 13%-nin həbsdən sonra özünə vəkil tutması və ya vəkililə əlaqə saxlaması əngəllənib. Beynəlxalq Həbsxanaları Araşdırma Mərkəzi adlı təşkilatın məlumatlarına görə, Avropa Birliyi ölkələrində dustaqxanalarda yol veriləndən daha artıq dustaq saxlanılır. Örnək üçün, yunan Kiprində yüz nəfərlik yerdə orta hesabla 137,5, Yunanıstanın özündə 136,5, İtaliyada 128,8, Belçikada 124,4 Maltada 133,6 nəfər dustaq saxlanılır. Avropa ölkələrində eyni zamanda həm də dini və irqi ayrıseçkilik zəminində cinayət halları artmaqdadır. Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə islam, yəhudi dinindən olanlar, eyni zamanda dərisinin rəngi fərqli olanlar ayrıseçkiliyə məruz qalırlar. Örnək üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı. Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum sonucu 4 nəfər öldürülmüşdü. 2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü. Avropa Birliyi Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Briyaniya kimi ölkələrdə rəyi soruşulanların 75%-i antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50 faiz təşkil edib. Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur. Antisemitizmlə bərabər Avropa Birliyi ölkələrində antiislam hərəkatları da getdikcə güclənməkdədir. Bu hal o qədər sürətlənib ki, ötən ilin oktyabrında Almaniya mərkəzli PEGIDA - Patriotische Europaer gegen die Islamisierung des Abendlandes - Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı adlı təşkilat da qurulub. Bu təşkilat təkcə Almaniyada deyil, bir sıra Avropa ölkələrində şöbələrini açıb, rəsmi dövlət iznilə kütləvi tədbirlər təşkil edir. Artıq on minlərlə sözdə vətənpərvər Avropalı PEGIDA-nın müsəlmanlara qarşı açıq nifrət saçan mitinqlərinə qatılır. Və dövlətlər də onların bu çağırışlarını sakit şəkildə seyr edir. Məscid və başqa ibadət yerlərinə hücumlar da getdikcə adiləşir. Belə hallar Almaniyayla bərabər Fransada, Avstriyada, İsveçdə müşahidə edilib. Bəzən məscidlər yandırılıb, bəzən də onların qapısına kəsilmiş donuz başı qoyulub. Bununla da Qərb ölkələrində islamofobiya öz işini görməkdədir. Ən dəhşətlisi isə kiçik uşaqların zorla ailəsinin əlindən alınması Avropada getdikcə adiləşir. Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən qoparılır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Örnək üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu - Jugendamt 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır.
Anar Bayramoğlu