Ziyafət Əsgərov: “Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq”Siyavuş Novruzov: “Döyüşlər erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı”
Ötən gün Milli Məclisin iclası cəbhədə şəhid olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclasa sədrlik edən spiker Oqtay Əsədov əvvəlcə son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirib. O qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: "Əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi.
Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi”. O.Əsədov ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid edib: "Artıq Minsk Qrupuna heç bir ümidimiz qalmayıb. Onların toplanmasından da heç nə gözləmirik. Cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir. Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.
"Gənclərimiz xarici dillərdə sosial şəbəkələrdə fəal olmalıdırlar”
Xanım deputat Qənirə Paşayeva təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranan gərginlikdən, dünyadakı erməni lobbisinin təsirlərindən danışıb. Millət vəkili Azərbaycanın xaricdəki diaspor təşkilatlarına çağırış edib. Həmçinin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmə təşəbbüsü irəli sürüb.
O, Azərbaycanın xaricdəki diaspor təşkilatlarını, xüsusilə xaricdə yaşayan azərbaycanlı gəncləri fəal olmağa çağırıb. Deputat bildirib ki, dünya birliyinə obyektiv məlumatın çatdırılması, obyektiv qiymətin verilməsi məhz xaricdəki diaspor hərəkatından asılıdır: "Erməni diasporu, lobbisi və dəstəkçiləri son hadisələrlə bağlı yenə Azərbaycana qarşı yalanlarla dolu təbliğata başlayıblar. Buna imkan verməməliyik. Diasporumuz yaşadığı ölkələrdə diqqətli və duyarlı olmalıdır. Gənclərimiz xarici dillərdə sosial şəbəkələrdə fəal olmalıdırlar. İnformasiya müharibəsində də qələbə bizim üçün çox vacibdir. Buna da xüsusi diqqət göstərməliyik”. Deputat Silahlı Qüvvələrə Yardım Fonduna maaşının bir qismini köçürəcəyini də söyləyib.
"Ermənilərə əlavə müraciətə ehtiyac yoxdur”
Millət vəkili Qüdrət Həsənquliyev cəbhədəki durumla əlaqədar Ermənistanda vahimə yarandığını diqqətə çatdırıb. Q.Həsənquliyev bildirib ki, bu vəziyyətdən istifadə etmək vacibdir: "Ermənistan xalqına və dünya ictimaiyyətinə müraciət edək ki, gənclərin ölümünü istəmirik. Ermənilər başqa dövlətlərin əlində alətə çevrilmiş Sərkisyan rejimindən xilas olmalıdırlar”.
Q.Həsənquliyev də əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini bildirib və həmkarlarını da bu təşəbbüsə qoşulmağa çağırıb.
O.Əsədov deputata cavabında qeyd edib ki, Ali Baş Komandan "erməni ölmək istəmirsə, bizim torpaqlardan çıxsın” deyib: "Bu səbəbdən, əlavə müraciətə ehtiyac yoxdur”.
"Döyüşləri davam etdirmək, torpaqlarımızı azad etmək lazımdır”
"Şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan sakinlərə güzəştlər edilməlidir”. Bu təklifi isə deputat Vahid Əhmədov verib. O deyib ki, bu kateqoriyadan olan vətəndaşlarımızın kredit borclarının silinməsi məsələsinə baxmaq mütləqdir: "Bu barədə danışıqlar gedir. Bir neçə bank artıq belə addım atıb. Bundan başqa, Ağdərə və Ağdamda bir çox evlər dağıdılıb, əhali zərər görüb. Azərbaycan şirkətləri, dövlət qurumları onlara xüsusi diqqət göstərməlidir”. Deputat bildirib ki, hazırda Azərbaycan əhalisinin döyüş əzmi yüksəkdir: "Hamının ürəyi ordudadır, hamı vuruşmaq, torpaqlarımızı azad etmək istəyir. Bu baxımdan istər dövlət, istər xalq olaraq hər bir köməyi etməyə hazırıq. Lazım olan hər şey Azərbaycanın Ali Baş Komandanı tərəfindən həyata keçirilir. Buna baxmayaraq ayrı-ayrı şirkətlər, dövlət qurumları əllərindən gələni əsirgəməməlidirlər”. V.Əhmədov nazirlərin cəbhədə olmasını müsbət qiymətləndirib: "Bu məqamda nazirlərin cəbhə bölgəsində olması təqdirəlayiqdir. Onlar cəbhədə olur, həmçinin yaralılarla görüşürlər. Bu, Azərbaycanın bütövlüyü üçün çoxdan gözlədiyimiz məqamdır ki, torpaqlarımızı azad edək. Bəzi dövlətlər, o cümlədən xarici beynəlxalq təşkilatlar atəşkəsi bərpa etməyə və döyüşləri saxlamağa çalışırlar. Mən hesab edirəm ki, döyüşləri davam etdirmək, torpaqlarımızı azad etmək lazımdır. Bunun üçün Azərbaycan ordusunun kifayət qədər imkanları var. İstər orduda, istərsə də əhalidə böyük ruh yüksəkliyi var”.
"Sosial şəbəkələrə diqqət yetirmək lazımdır”
Parlamentin sədr müavini Bahar Muradova seçildiyi ərazi olan, hazırda döyüşlərin getdiyi Füzuli rayonundan qayıtdığını deyib. B.Muradova təmas xəttində yaşayan əhalinin yüksək əhval-ruhiyyədə olduğunu söyləyib: "İnsanlar öz işində-gücündədirlər. Onlar sosial şəbəkələrdə döyüş əməliyyatlarının nəticələri barədə yayılan qeyri-dəqiq məlumatlardan narahatdırlar. Sosial şəbəkələrə diqqət yetirmək lazımdır. Bizə tanış olmayan profillərdən yayılan məlumatlara inanmaq lazım deyil. Belə fikirlər var idi ki, guya müharibəni görməyənlər Qarabağda savaş başlayarsa, ona az maraq göstərəcəklər. Son günlər baş verənlər isə bu fikirləri alt-üst etdi. Gənclərimizdən cəbhəyə getmək üçün xeyli müraciətlər var. Bu da onlarda olan döyüş ruhunu göstərir”.
"Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişə məqsədli şəkildə uzanırdı”
Millət vəkili Siyavuş Novruzov ATƏT-in Minsk Qrupunu yarıtmaz fəaliyyət göstərməkdə ittiham edib. Deputat qeyd edib ki, artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr yaranıb: "Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı silahlı qüvvələrin sırasında döyüşməyə hazır olduğunu bəyan edir. Artıq beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil və dondurulmur. Münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər. Onlara bir daha sübut olundu ki, uzun müddət ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişə məqsədli şəkildə uzanırdı. Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, döyüş səviyyəsi aşağı düşəcək. Lakin baş verənlərdə onlar bunun tam əksini gördülər. Azərbaycan gəncləri əlində bayrağımızı tutub və hər biri döyüşə atılmağa hazırdır”.
"Döyüşə getməyə hazırıq”
Deputatın sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əhalisinin başını qatmağa çalışırdı ki, əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər məsələyə qarışacaq: "Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı. Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvvəyə malik deyillər. Bu baxımdan məsələləri ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bildirirdi ki, ordumuz post-sovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq”.
"Səbr etdik, dözdük. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik”
"Biz Ermənistanla heç vaxt imitasiya xatirinə danışıqlara getməyəcəyik, konkret olaraq, erməni silahlıları torpaqlarımızdan çıxmalıdır”. Bu sözləri isə birinci vitse-spiker Ziyafət Əsgərov səsləndirib. Z. Əsgərov bildirib ki, 1994-cü ildən indiyə qədər bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib, daim təxribatlarla Azərbaycanı təhdid edib: "Hər gün cəbhədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi faktları olub. Bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar aparırdılar. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar, cəzasızlıq vəziyyətindən istifadə edirdilər. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdi. Xüsusilə də ATƏT-in Minsk Qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədrlər əslində ermənilərə dayaqdırlar. Təəssüf ki, bu belədir, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Üzr istəyirəm, yəni "donuzu darıdan çıxarmaq” üçün güc tətbiq etmək də lazımdır”.
"Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb”
Vitse-spiker vurğulayıb ki, düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü: "Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb. Xalqımız da ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif tamamilə sabun köpüyü kimi əriyib, getdi. Bir daha sübut etdik ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil ordusu və silahı yoxdur. Onlar sadəcə, kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Baxacağıq, beynəlxalq təşkilatlar bundan sonra nə iş görəcəklər?! Bunun üçün də ayrıca qiymətimiz olacaq. Bütün xalqımız, hər bir insan dövlətin və prezidentin ətrafında sıx birləşib. Hər kəs bilir ki, onun güclü ordusu, dövləti xalqın keşiyindədir. Digər məsələ isə odur ki, güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı, yüksək səviyyədə aparıldı. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm ki, Minsk Qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb, qiymət versinlər. Çünki onlar bilir ki, kim günahkardır. Əvvəldən də məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq, bunu birdəfəlik bilsinlər”.
Anar Bayramoğlu