Milli məclisdə qalmaqal...
Bu dəfə spikerlə Sabir Rüstəmxanlı arasında mübahisə yaşandı
Oqtay Əsədov: "Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki?”
Sabir Rüstəmxanlı: "Mən danışmaq üçün təkid etdim”
Dünən Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. Toplantıda ilk öncə Binəqədi rayonu ərazisində hündürmərtəbəli binanın yanmasından söz açılıb. Parlament sədri Oqtay Əsədov bu barədə danışaraq xatırladıb ki, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı Dövlət Komissiyası yaradılıb: "Prezident də hadisəni nəzarətə götürdü. Dövlət Komissiyası isə yüksək səviyyədə çalışır ki, problemlər aradan qaldırılsın. Cənab prezident bir də belə hadisələrin olmaması üçün lazımi tapşırıqlarını verib”. Həmçinin yanğında həlak olanların xatirəsi iclasda bir dəqiqəlik sükutla yad edilib.
"Deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa”
Daha sonra millət vəkilləri, onları narahat edən problemlərdən danışıblar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Birinci Avropa Oyunlarından danışaraq deyib ki, çox qısa müddətdə Azərbaycan hökuməti tədbirə yüksək səviyyədə hazırlaşıb. Deputat göstərilən səylərə görə, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Təşkilat Komitəsinin sədri, deputat həmkarımız Mehriban Əliyeva başda olmaqla, bu istiqamətdə xidməti olan hər kəsə təşəkkür edirəm”.
Q.Həsənquliyev Milli Şuranın bu günə təyin etdiyi mitinqə də münasibət bildirib: "Mitinqə qatılmayacaq insanları təhqir edirlər. Onları qorxaqlıqda ittiham edirlər. Belə olmaz. Bu bir şantajdır. Bu adamlar bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Onlar özləri üçün utana bilərlər.
Milli Şura sədri Cəmil Həsənli indi elə sözlər danışır ki, inanmağın gəlmir. O, dəfələrlə bizimlə bərabər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla tanışıq. Ona görə də, deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa. AXC hakimiyyətində Əli Kərimli güc strukturlarını kurasiya edirdi. Lakin Gəncə hadisələrində Surət Hüseynovun etdiklərini hamı gördü. İndi belə insanlara niyə etimad edilməlidir ki? İnsanları təhqir edirlər ki, qorxaqsınız, qürurunuzu qoruyun və s. Bir özünüzə baxın, sonra danışın”.
"Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik”
"Avropa Parlamentinin sədri Martin Şults iyunun 10-da heç vaxt olmamış "İdman və insan haqları” mövzusunda tədbir keçirəcək. "İyun ayının 12-də Avropa Oyunlarının açılışı olacaq. Amma bunlar belə bir tədbir keçirirlər. Azərbaycanda keçirilən belə bir tədbirə bu cür reaksiya verirlərsə, bizə belə bir Avropa dəyərləri lazım deyil”. Bu sözləri isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, Şults kimilərinin öyrətdikləri adamlardır ki, bu gün mitinq keçirmək istəyirlər: "Həmin insanlardır ki, Azərbaycana oyunlarla bağlı adam gəlməməsinə çağırış edirlər. Budur, bunların ədaləti?! Mən Martin Şultsu tərəfsiz olmağa çağırıram. Bununla bir daha Şultsun özünün maskası cırılıb, üzə çıxmağa başlayıb. Bu adam guya sosial demokratları təmsil edir. Amma öz dəyərlərinə xəyanət edərək belə bir yolu tutub”.
S.Novruzov vurğulayıb ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib: "Şults insan hüquqlarını müdafiə edirsə, ilk növbədə Azərbaycanın 1 milyon qaçqın düşən və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxar, o zaman sənin ədalətli müdafiəçi olduğuna bəlkə inana bildik. Lakin gördüklərimiz ikiüzlülük, satqınlıqdır. Xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa
Oyunları çox yüksək səviyyədə keçiriləcək və onların niyyətləri bir daha baş tutmayacaq”. Deputat Azərbaycan xalqının ölkə prezidentinin ətrafında birləşdiyini söyləyib: "Bizim böyük, kiçik qardaşımız yoxdur. Hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir”.
Spiker isə deyib ki, deputat Siyavuş Novruzovun çıxışı zamanı Şults sözünü işlətməsi ona "Uzaq sahillərdə” filmindəki Şultsu xatırladıb: "Mən dərinə getmək istəmirəm. Amma belə şeylər var, bu həqiqətdir”.
"Oqtay müəllim, başqa məsələlərdə müzakirə üçün yarım
saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi parlamentdə müzakirə olunmasın?”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə məmurları tənqid edib. O, binaların üzlənməsinə külli miqdarda vəsait xərcləndiyini söyləyərək deyib ki, binalar yararsız materialla üzlənib: "Sonra da camaatı odun içinə atıblar. Oqtay müəllim, başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi parlamentdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”. Deputat onu da qeyd edib ki, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə qarşı çox böyük hörmətsizlik edilir: "Dünən Respublika Günü qeyd edildi. Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma o büstün başına çuval keçirilib. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsinə bənzəyir. Əgər Gəncə şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Yoxsa, zəhmət çəkib onun yeni büstünü qoysun”.
"Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız”
Millət vəkilinin çıxışı spiker Oqtay Əsədovun narazılığına səbəb olub: "Siz hər dəfə parlamentin iclası başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi”.
S.Rüstəmxanlı da spikerə yerindən cavab verib: "Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın” .
Bu sözlər spikerlə deputat arasında gərginliyin daha da artmasına səbəb olub. "Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”.
"Sabir müəllimin ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş
etsin və o parkı təmir etdirin”
Gəncədən millət vəkili olan Musa Quliyev isə həmkarı S.Rüstəmxanlının Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. Deputat bildirib ki, həmkarının abidənin başına çuval keçrilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: "Ümumiyyətlə, Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu, həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir müəllimin ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirin. Gəncə İcra Hakimiyyətinin balansında "İstiqlal” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gözəl istirahət edir”.
M.Quliyev əlavə edib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələr öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə: "Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. S.Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur.”
İTV-nin Yayım Şurasının yeni tərkibi müəyyənləşdi
Dünənki iclasda həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər barədə məsələ müzakirəyə çıxarılıb.
Məsələ barədə məlumat verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin dövri olaraq ictimaiyyət qarşısında hesabat verməsini zəruri sayıb.
Millət vəkili Fazil Mustafa da bu təklifi dəstəkləyib.
Müzakirələrə qoşulan millət vəkili Sabir Rüstəmxanlı televiziya sahəsinin peşəkarı olmayan insanların İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürməsinin düzgün olmadığını bildirib.
"Azərbaycanda İctimai Televiziya yarandığı gündən cəmiyyətin buna çox böyük dəstəyi oldu. Amma təbii ki, çatışmazlıqlar, nöqsanlar mövcuddur”.
Bu sözləri isə deputat Fuad Muradov deyib. O bildirib ki, İTV-nin Yayım Şurası hər il hesabat dərc edir: "Bu hesabatda televiziyada gedən proseslər öz əksini tapır”.
F.Muradovun sözlərinə görə, neqativ proseslər narahatlıq yaradan amillərdəndir. Onun fikrincə, problemləri həll etmək üçün nəzarət mexanizmi gücləndirilməlidir: "İctimai Televiziya yeganə qurumdur ki, orada ictimaiyyət nümayəndələri var. İctimai Televiziya modeli digər televiziyalar üçün istifadə oluna bilər”.
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da bildirib ki, Azərbaycan televiziyalarında bayağı verilişlərin sayı çoxalır: "Yaxşı olardı ki, bayağı verilişlərlə bağlı məsələ tənzimlənsin. Bu sahədə ciddi problemlər mövcuddur”.
Daha sonra İTV-nin Yayım Şurası ilə bağlı məsələ səsverməyə çıxarılıb. Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər. Onlar artıq müddətləri bitmiş Namiq Məmmədovun, Fuad Muradov və Zərifə Salahovanın yerlərinə seçiliblər.
Milli Məclisin dünənki iclasla yaz sessiyası öz işini yekunlaşdırıb. Spiker Oqtay Əsədov qurumun ötən və bu ilə olan fəaliyyəti haqqında danışıb.
O deyib ki, yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub. Bu müddət ərzində 70-ə qədər nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub.
"Hesab edirəm ki, yaz sessiyası uğurlu keçib”. İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə bağlı elan olunub. Bununla da deputatlar yay tətiliniə gediblər.
Qeyd edək ki, bu il üçün növbədənkənar sessiya çağırılmayacaq.
Anar Bayramoğlu