“Milli-mənəvi dəyərlər və müasirlik”





Azərbaycanda demokratik prinsip, vətəndaş əxlaq normaları, milli dövlətçilik ideologiyası, mənəvi və sosial-mədəni dəyərlər ölkəmiz müstəqillik əldə etdikdən sonra bərqərar olub. Bu yöndə gerçəkləşən çoxsaylı islahatlar nəticəsində ateizmdən imtina və islam prinsiplərinə qayıdış baş verib. Respublikamız milli mentalitet və dövlətçilik ənənələrinə söykənən canlı demokratik sistem qurmaq yolu seçib. İslam dini mənəvi tərəqqinin mühüm tərkib hissəsi kimi qəbul edilib.

Məlumdur ki, əsrlər boyu Azərbaycan xalqının özünəməxsus varlığı və milli ruhunun mühafizəçisi məhz onun əxlaqı, adət-ənənəsi, dini şüuru və mədəniyyəti olub. Ona görə də müstəqilliyimizin taleyi milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsindən çox asılıdır. Bu barədə ulu öndər Heydər Əliyev deyirdi ki, respublikamızda demokratik cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin tətbiq edilməsi, çoxpartiyalı sistemin bərqərar olması əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Bundan başqa, qeyd edək ki, indiki dönəmdə nəinki ölkəmizdə, bütün dünyada müasirləşmə prosesi elm, texnika və ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyə də sirayət etməyə cəhd edir. Amma heç kimə sirr deyil ki, Azərbaycan xalqının milli kimliyinin formalaşması türk təfəkkürü, islam mədəniyyəti və mənəviyyatı ilə bağlı olub. Bu baxımdan milli ideologiya konsepsiyasının tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulması fikri indi çox aktualdır. Milli ideologiya Azərbaycan dövlətinin, vətəndaşının maraqlarını ifadə edir və bu səbəbdən ölkəmizdə milli ideya, siyasi və dini dözümlülüyün tərbiyəsi vəhdət halındadır.
Milli-mənəvi dəyər adı ilə sırınmış amillər sıradan çıxmalıdır.

Mövzunun böyük əhəmiyyət daşıdığını söyləyən millət vəkili Fazil Mustafa qeyd edir ki, Azərbaycanda milli-mənəvi dəyərin özü ciddi təhlil edilməlidir: "Çünki elə məsələlər var ki, onların heç dəyər kateqoriyasına aidiyyəti yoxdur. Sadəcə ənənədir. Amma elə dəyərlərimiz də mövcuddur ki, onların yaşaması keçmişə sayğı baxımından vacibdir. Eləsi də var ki, sadəcə bu günə lazımdır. Bu 3 kateqoriyanı ayırd etmədən milli-mənəvi dəyərlər haqqında danışmaq çətindir. Bizdə bəzən elə şeylər dəyər sayılır ki, onun insanlara heç bir faydası olmur. Məncə, cəmiyyətimizdə bu təhlilin doğru aparılmasına ehtiyac duyulur. Azərbaycan cəmiyyəti adət- ənənə və milli-mənəvi dəyər adı altında sırınmış bir çox amillərdən uzaqlaşmalıdır. Yeni bir cəmiyyət formalaşmalıdır. Bunun üçün də təfəkkürümüzdə yeni təftiş aparılmalıdır”.

Parlament üzvünün sözlərinə görə, ölkəmizdə dinə dair düşüncələrimiz dəyişməlidir: "Din bizim üçün mənəvi dəyərdən daha çox mövhumat və xurafat adətidir. İki yüz il bundan əvvəl dinə yanaşma necə olubsa, indi də qalmaqdadır. Bunun üçün düşünmək gərəkdir. Rayonlarımızda hələ də ələmlə insanların başını aldadırlar. İnsanların adət-ənənə adı ilə hüzr və toy mərasimlərində özlərini sıxıntıya salmaları aradan qalxmalıdır. Faydalı olanlar ortaya çıxarılmalıdır. Biz isə hələ ki, bunu bacarmırıq”.

Müasirlik elmlə ölçülməlidir

Milli-mənəvi dəyər, müasirlik arasındakı vəhdətə gəlincə, deputat söyləyib ki, insan cəmiyyət üçün yalnız səmərəli olanı mənimsəməlidir: "Faydalı olan da elmdir. Elm deyil, saxta diplom varsa, bunun insanlarımıza heç bir əhəmiyyəti olmayacaq. Baxın, hamının diplom alması artıq bir ənənəyə çevrilib. Amma düşünmürlər ki, görək o diplomun altında hansı bilik yatır. Ona görə də Avropa və Amerikanın gəlib çıxdığı texnoloji inkişafa şərik olmaq lazımdır. Müasirlik budur. Mənəvi dəyərlərlə bağlı bizdə o fikir var ki, guya, bizim ailə sütunumuz Avropa ailəsindən daha böyükdür. Amma hazırda Azərbaycanın ailə sütunu tam deformasiyaya uğrayıb. Əslində Avropa ailəsi daha müstəqil və öz dəyərlərinə sadiq ailəyə çevrilib. Bu səbəbdən düşünürəm ki, boşuna öyünmək əvəzinə, faydalı ola biləcək faktorları mənimsəyib, boşluqlarımızı ortadan qaldırmalıyıq”.

Milli şüurun yüksəldilməsinə ehtiyac duyulur

Yazıçı Seyran Səxavətin fikrincə, milli-mənəvi dəyərləri qorumaq və eyni zamanda müasir olmaq çox çətindir: "Bunun çoxsaylı çətinlikləri var. SSRİ dağılandan sonra Azərbaycanın bütün qapı və pəncərələri dünyaya taybatay açıldı. Ordan da yaxşılarla yanaşı, pis amillər də gəlir. Hər şey zövqdən asılıdır. Balansı gözləmək lazımdır. Çox həssas məqamdır. Həm milli dəyərlərimizi olduğu kimi qoruyub, gələcək nəsillərə ötürmək, həm də paralel olaraq müasirləşmək mürəkkəb işdi. Bu balansı saxlamaq üçün gərək milli şüur yüksək səviyyədə olsun. Milli şüurun da yüksək səviyyəyə çatmasının kökündə təhsil dayanır. Təhsilimizin səviyyəsi yüksələrsə, milli-mənəvi dəyərlərin qorunması və eyni zamanda müasirləşməyimizdə heç bir problem yaşanmayacaq. Lakin bizdə hələ ki təhsil və milli şüurun səviyyəsi aşağıdı. Ona görə də düşünürəm ki, qoyulan mövzunun əhəmiyyəti və xeyri çoxdur”.

Müasirləşmə inkişafdır

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bildirib ki, indiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər: "Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdır. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual, dünyagörüşlü və vətənini sevən olsun. Müasirləşmə yeni innovativ biliklərə yiyələnmə, intellektuallıq və mövcud şəraiti dəyərləndirməkdir. Bu baxımdan müasirləşmənin milli-mənəvi dəyərlərə təsiri yalnız müsbət ola bilər. Çünki müasirləşmə özü-özlüyündə bir inkişafdır. Bu inkişaf isə milli-mənəvi dəyərləri inkar etmir. Cəmiyyətimizdə bəzən stereotip və milli dəyərləri qarışıq salma hallarına rast gəlinir. Halbuki bunlar fərqli məsələlərdir. Ona görə də mənəvi və milli dəyərlərimizin düzgün şəkildə təbliğatı çox zəruridir. Azərbaycanda vətəndaş cəmiyyətinin bu istiqamətdə daha çox layihələr həyata keçirməsini təklif edirəm. Çünki vətəndaş cəmiyyəti xalqın içindədir, cəmiyyətin nümayəndələrinə yaxındır.

Dəyərlərimizin qorunması xalqımızın mədəniyyətidir

G.Səfərovanın qənaətincə, xalqımız artıq əsrlər boyu milli-mənəvi dəyərlərimizi nəsildən-nəslə ötürür və qoruyur: "Dünya dəyişir, onun tələbləri və perspektivləri də dəyişir. Qloballaşan dünyada milli-mənəvi dəyəri qorumaq kimi məsələlər başqa şəkil alır. Bu gün ölkəmiz Avropaya inteqrasiya edir, beynəlxalq təşkilatlarda təmsil olunur, dünya birliyində öz mövqeyini gücləndirir. Belə olduqda xalqımız üçün vacib olan milli-mənəvi dəyərlər artıq yeni mərhələyə keçir. Burada artıq yeni informasiya vasitələri, əsasən informasiya-kommunikasiya texnologiyalarının rolu böyükdür. Düşünmürəm ki, nə vaxtsa bu mədəniyyət mövcud olmasın. Biz, Avropa məkanına məhz həmin dəyərlərimiz ilə maraqlıyıq. Dəyərlərimizi qorumaq və ona sahib çıxmaq hər ölkə vətəndaşının borcudur”.

Dövlətçiliyin qorunmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır

Təşkilat sədrinin sözlərinə görə, milli-mənəvi dəyərlər dövlətimizin, xalqımızın, millətimizin bir parçasıdır: "Hakimiyyətin mənbəyi xalqdır. Xalqın nümayəndəsi seçki proseslərində iştirak edir, seçir, dövlətçilik uğrunda mübarizə aparır və s. Bu baxımdan Azərbaycanın milli-mənəvi dəyərin qorunması işi həm də dövlətçiliyimiz ilə bağlıdır. Məhz bu dəyərlərin qorunması, eyni zamanda dövlətçilik fəlsəfəsinin möhkəmlənməsi deməkdir”.

Müsahibimizin fikrincə, hazırda gənclər milli-mənəvi dəyərlərimizi gələcəyə lazımi qaydada apara bilirlər: "Təbii ki, milli-mənəvi dəyərlərimizin inteqrasiya prosesi zamanı sintez hallarına rast gəlinir. İstənilən cəmiyyətə yeni model gəldikdə, hər iki tərəf uyğunlaşır. Burada assimilyasiya deyil, sintez-inteqrasiya prosesi baş verir. Ona görə də gənclər eyni zamanda diqqətli olmalı, ölkəmizin dəyərlərini düzgün şəkildə təbliğ etməli və qorumalıdırlar”.

Ölkəmizdə milli, dini kimlik və müasirləşmə vəhdət təşkil edir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, professor Nizami Cəfərov bəyan edib ki, islam dini Azərbaycanda yayıldıqdan sonra milli və dini kimlik məsələləri bir-biri ilə çuğlaşaraq vahid ideologiyaya çevrilib: "İstər dövlətçilik, istər mədəniyyət tariximizə nəzər salarkən islamın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini görürük. Azərbaycanda din dövlətdən ayrıdı. Bu, azərbaycanşünaslığın tərkib hissəsidi. Amma bizim müxtəlif dərsliklərimizdə islamla bağlı müəyyən məlumat verilir. Həmçinin tarix və ədəbiyyat fənlərində din mövzusuna da yer ayrılır”.

Tolerantlıq Azərbaycanın mənəvi dəyərləri ilə bağlıdır

Komitə sədri diqqətə çatdırıb ki, dini tolerantlıq müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir: "Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq yaşanır. Buna rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır”.

Mənəvi keyfiyyət yüksək olmayanda, mədəni səviyyə aşağı düşür

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət məsələləri çox vacibdir: "Əxlaqi, mənəvi vəziyyəti lazımi səviyyədə olmayan dövlət hüquqi dövlət ola bilməz. Bu təkcə mənim gəldiyim qənaət deyil. Şərq fəlsəfəsində bu məsələlərə münasibət min illərdir ki, bildirilib. Şərq mədəniyyətinin də elmi, idraki nüvəsində bu prinsiplər dayanır. Təəssüf ki, şərq siyasətçiləri, din xadimləri bu müdrikliyin xalqın mənəviyyatına keçmə mexanizminin yaranmasına mane olublar. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmanın mədəniyyət olduğu dərk olunmur. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Təəssüf ki, indi bizdə bu sahədə ciddi problemlər yaşanmaqdadır. Xalqın əsrlər boyu formalaşmış əxlaqi-mənəvi dəyərləri ciddi aşınmaya məruz qalıb. Fikir verin, məsələn, ailə zəminində qətl hadisələri nə qədər artıb! Elə başqa sahələrdə də. Buna televiziyalar, sosial mühit, rüşvətxorluq hallarının yayılması və s. hallar səbəb olur. Ona görə də böyük potensialımızın formalaşmaqda olan vətəndaş cəmiyyətinə ötürülməsində problemlər yaşanmaqdadır. Zənnimcə, hər bir milli, müstəqil dövlətin ən mühüm vəzifələrindən biri də əxlaqi-mənəvi məsələlərə diqqətin artırılmasıdır”.

Mədəni modernləşmə milli ideologiyanın və dini dəyərlərin inkişafını nəzərdə tutur

Sosioloqun fikrincə, modernləşmə elə bir prosesdir ki, bu prosesin nəticəsində cəmiyyət modern vəziyyətə gəlir: "Siyasi modernləşmə cəmiyyətdə siyasi partiyaların, parlamentin yaranmasını, obyektiv gizli səsvermə mexanizminin yaranmasını, seçki hüquqlarının dərk edilməsini və qorunmasını nəzərdə tutur. Mədəni modernləşmə milli ideologiyanın və dini dəyərlərin inkişafını, dəyişməsini nəzərdə tutur. İqtisadi modernləşmə artan əmək bölgüsü, texnologiyanın təkmilləşməsi, menecment metodlarından istifadə, kommersiya ilə məşğul olmaq üçün əlverişli şəraitin yaranması ilə xarakterizə olunur. Sosial modelləşmə isə əhalinin savadlılıq dərəcəsinin artmasını, urbanizasiyanı, ənənəvi avtoritetlərin, nüfuz sahiblərinin ortadan çıxmasını nəzərdə tutur.

Ayyət Əhməd

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.