Milli qəhrəmanın ailəsi çətinə düşüb

“Bu gün heç kimə deyə bilmərəm mənə kömək edin, oğlum şəhid olub!”“Öz təsərrüfatımı yenicə qurmuşdum, kənddə 3 imkanlı ailədən biri idim, ancaq bütün təsərrüfatım məhv oldu, qapandım evə, başladım oğlumun yükünü çəkməyə"
Orxan Şaiq Gökyay "Bu vətən kimin!?” şeirində "Bu Vətən torpağın qara bağrında, Sıra dağlar kimi duranlardır” deyib. Bəli, bu Vətən torpaq uğrunda can verənlərin, qanını bu torpağa halal edənlərin, Şəhidlərindir. Bu Vətən həm də torpaq uğrunda əzizini itirməsinə rəğmən içini yandıran acıya sinə gərib, göz yaşlarını qəlbinə həbs edərək "Vətən sağ olsun!” deyən şəhid əmanətlərinindir.
Amma nə yazıq ki, bəzən bu dediklərimiz sadəcə sözlərdə qalır. Şübhəsiz ki, Mübariz İbrahimov bu ölkədə təqdimata ehtiyac olmadan adı anılan şəxsiyyətlərdəndir. Lakin son illərdə onun ailəsinin diqqətdən kənar qaldığına dair iddialar səslənir. Təbii olaraq, bu deyilənlər ilk baxışdan əsassız bir şayiə kimi görünür. Necə yəni Mübarizin ailəsi yaddaşlardan silinib!?
O Mübariz ki, vətənin bir qarışı üçün bir an belə düşünmədən ömrünü fəda etdi. Qəhrəmanlıq nümunələri ilə zəngin olan tariximizi növbəti dəfə yenilədi!? Amma bu sözləri kənardan biri yox, elə qəhrəmanımızın atası Ağakərim İbrahimovun özü deyib. Admiral.azın "Cəbhə xətti” layihəsinin qonağı olan Ağakərim İbrahimov Mübarizin dərdi ilə baş-başa buraxılmasından gileylənib: "Həmişə deyirdim ki, Allah mənə 3 oğul verib, onlardan biri vətənə fəda olsun. Mübarizi şəhid verdiyim gün isə dedim ki, üç oğlumdan birini qurban verdim, bundan sonrası sizlikdir. Yaşadın, ucaldın onu, ancaq heç kim dediklərimi etmədi, bütün yükü mənim çiyinlərimdə qaldı. Adicə bir şey deyim, bizim adətlərimizə görə, yas yiyəsinə iş gördürmürlər, onu kənarda oturdub özləri bütün məclisi, yası yola verirlər, amma məndə belə olmadı. 6 ildir bütün məsuliyyət, bütün ağırlıqlar üstümə atılır. Mən tək qaldım, mənəvi dəstək verilmədi. Balamın bütün yükünü mənə daşıtdırırlar. Həmişə "vətən sağ olsun” dedim. Gərək əvvəlcədən dəstək olaydılar, mən gedib öz işimlə məşğul olmalı idim. Son altı ildə üç yüz min ziyanım var, qapanmışam evimə. Buna görə də incidim, içimə qapandım, bu ailəni yenə özüm ayaqda tuturam. Əslində, Mübarizlə biz də ölmüşük. Mübarizin adından istifadə etdilər, o dedi mənimdi, bu dedi mənimdi. Bütün dərdi, ağırlığı üstümə atdılar. Mənim ümumi incikliyim var, şəxsən kimsədən yoxdur. Bu gün heç kimə deyə bilmərəm mənə kömək edin, oğlum şəhid olub!”
Dövlətin öz qayğısını heç vaxt əsirgəmədiyini vurğulayan Ağakərim İbrahimov hətta Prezidentin sərəncamını da xatırladıb: "Ölkə başçısı imzaladığı sərəncamla göstəriş vermişdi ki, ailəyə istədikləri yerdə ev tiksinlər, amma bizim istəyimizi nəzərə alan olmadı. Bizə elə yerdə ev tikdilər ki, nə qonşu var, nə qaz, nə də işıq. Orda yaşamaq olmur. Yol qırağında bir onu bizə gah ev, gah da muzey adı ilə təqdim etdilər. Ancaq çıxıb konkret bu evdi, ya muzeydi deyən olmadı. Mən də onu qəbul etmədim. Bu gün mənə maddi dəstək yox, daha çox mənəvi dəstək lazımdır, amma mənəvi dəstəyi görmürəm. Öz təsərrüfatımı yenicə qurmuşdum, kənddə 3 imkanlı ailədən biri idim, ancaq bütün təsərrüfatım məhv oldu, qapandım evə, başladım oğlumun yükünü çəkməyə. Bu altı ildə bütün ölkə bu komaya axışdı gəldi, olmazdı ki, mənə insanların qabağına çıxa biləcəyim bir münasib ev verilsin?”.
A.İbrahimovun narazılığı fonunda "Şərq”ə açıqlama verən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc hesab edir ki, dövlət də, xalq da öz qəhrəmanını bağrına basaraq öz qayğı və sevgisini ondan əsirgəmədi. Ola bilsin ki, atanın şikayət etməsinə səbəb müvafiq qurumlar və yerli icra orqanlarıdır:
- Mübariz İbrahimova və onun ailəsinə qarşı göstərilən biganəlik bütövlükdə Azərbaycana qarşı ünvanlanan bir addımdır. Mübariz gerçəkdən də Qarabağ müharibəsinin gedişində dönüş yaradan şəxsiyyətlərdən biridir. O heç də bir ailəyə məxsus deyil. Mübariz Ağakərim kişinin övladı olaraq xidmətə yola düşsə də, xalqın oğlu olaraq torpağa tapşırılıb. Ölkənin Ali Baş Komandanı Mübariz İbrahimovun dəfni zamanı mühüm dövləti tədbirlə qəhrəman övladına ən yüksək qiyməti vermiş oldu. Mən cənab Prezidenti heç vaxt Mübarizin dəfnindəki qədər təsirləndiyini görməmişdim. Onun üzündə qəhər vardı, eyni zamanda böyük qürur hissi keçirirdi. Mübariz səngərdən çıxaraq sinəsini ermənilərə sipər edib. Mübariz qeyri-bərabər
döyüşdə onlarla düşmən əsgərini məhv edərək adını bu günün, gələcəyin tarixinə yazdırıb. Biz Mübariz İbrahimovun adının xalqımız tərəfindən müxtəlif əsərlər, məqalələr səviyyəsində anıldığına şahidlik etdik. Onun adı dərsliklərə salınaraq qürurverici addımları, igidlikləri şagirdlərə örnək olaraq aşılanır. Hətta deyərdim ki, ötən bu müddət ərzində xalq öz qəhrəmanının obrazını cəmiyyətə daşımağa müvəffəq olub. Məgər Mübarizə bənzəmək, onun yolunu davam etmək istəyən gənclərimiz azdır? Bu mənada deyə bilərəm ki, nə Azərbaycan dövləti, nə də xalqı Mübariz İbrahimovun qarşısında borclu qalmadı. Bu gün hər kəsin ürəyində bir Mübariz sevgisi var və bu sevgi nə evlə, nə də pulla ölçüləcək dəyərdədir. Bu sevgi bütün madiyyatın üstündədir. Amma inkar edilməz faktdır ki, Azərbaycanda ayrı-ayrı qərarların icrası müxtəlif yerli qurumlar tərəfindən o səviyyədə həyata keçirilir ki, həmin qərarın xoş məramı vətəndaşa çatmır, atılan hər bir xeyirxah addım əks effekt doğurur. Doğrudanmı, Mübarizin ailəsinə yaxşı bir yerdən ev ayırmaq, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq mümkün olmadı? Axı bu adam vətən uğrunda ən əziz varlığını, övladını qurban verib! Məgər hər hansı bir mənzil şəhid qanından üstündür?
Azərbaycan müharibə şəraitindədir və biz aprelin ilk günlərində bir daha şahidi olduq ki, istənilən halda müharibə başlaya bilər. Müharibədə isə hansısa bir mənzil, ev-eşik yox, vətən qorunmalı olur. Deməli, öncə Vətəni qoruyanlar qorunmalıdır. Bu mənada deyə bilərəm ki, Mübarizin atasının bu qənaətə gəlməsinin səbəbkarı xalq və ya dövlət deyil. Görünür, konkret şəxslər onu bu cür açıqlamalar verməyə vadar edib. Hesab edirəm ki, indiki halda həmin şəxslər bu sözlərdən nəticə çıxarmalı və öz "dərs”lərini almalıdırlar. Şəhidə münasibət torpağa münasibətdir. Bu iki müqəddəs məfhumdan birinə pis, digərinə yaxşı münasibət sərgiləmək mümkün deyil. Şəhid ailəsini qapının arxasında gözlədib, ona qarşı xoş olmayan davranışlar sərgiləyib, öz borcunu və ya konkret vəzifələrini yerinə yetirməyib, onları müavinətdən asılı edib, kiçicik bir torpağı ona çox görən insanların Mübarizlərin qanı tökülən bu torpaqlarda yaşamaq haqlarının olmadığını düşünürəm. Heç imkanları da olmayacaq. Əgər torpaq qorunacaqsa, məhz Mübarizlərin qanı bahasına qorunacaq. Yoxsa ki, hansısa bir məmurun və ya mənzil fondunun rəhbərinin səngərdə heç bir izi qalası deyil. Hesab edirəm ki, müvafiq orqanlar şəhid atasının iradlarını qəbul etməli, ölkə başçısının yüksək səviyyədə verdiyi qərarları elə o cür də icra etməlidirlər. İmkan verməməlidirlər ki, onların üzündən nə gələcəkdə yeni-yeni Mübarizlərin yetişməsində əməyi keçən valideynlər küskünləşsin, nə də onların oğulları. Unutmayaq ki, örnəkverici addımlar sərgilənmədikdə, əksi baş verir.
Şəymən