Qaliblərə mükafatı Çingiz Qurbanovun atası təqdim edib
Aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında turnir keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Kikboksinq Federasiyası və "Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnirdə ölkəmizin peşəkar kikboksinqçiləri qalib adı uğrunda 7 çəki dərəcəsində yarışıb. Turnirin açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsi və Şəhidlər Xiyabanında Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.
Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, Prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində idman çox inkişaf edib:
"Azəbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi inkişafın göstəricisidir. Gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bunlar Prezident İlham Əliyevin yeritdiyi siyasətin nəticəsidir. Qusar rayonu qəhrəmanların və idmançıların ən başlıca məskənlərindən biridir. Çingiz Qurbanovun valideynləri əmin olsunlar ki, övladlarının qanı yerdə qalmayacaq”. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Bildirilib ki, bu, ölkəmizdə idmana, idmançılara dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev isə deyib ki, Milli Qəhrəman Çingiz Qurbanov rəşadəti ilə bugünkü gənclərimizə əsl örnəkdir:
"Gənc nəsil onun kimi oğullardan nümunə götürməli, Ç.Qurbanovun xatirəsi əbədi yaşadılmalıdır. Peşəkar idmançıların güclərini sınayacağı kikboksinq yarışı da bu amala xidmət edir. Milli Qəhrəman Çingiz Qurbanov da vaxtilə kikboksinq idmanı ilə məşğul olub. Bölgədə keçirilən bu yarış vətənpərvərlik təbliğatı ilə yanaşı, regionda idmana marağın daha da artmasına xidmət edəcək”. Federasiya prezidenti Ç.Qurbanovun valideynlərinə vətənpərvər oğul böyütdükləri üçün təşəkkür edib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini diqqətə çatdırıb. Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib və qaliblər mükafatlandırılıb. Qaliblərə mükafatı Çingiz Qurbanovun atası təqdim edib.
İsmayıl