Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinə başlanır

Niyə bu iki rayon?
Musa Quliyev: “Bu rayon və şəhərin seçilməsi təsadüfi deyil. Burada həm rayon, həm də kənd modeli əsas götürülüb”


Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb.

Bildirilir ki, rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirəcək.

Bununla əlaqədar olaraq, agentlik pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə icbari tibbi sığortanın tətbiqi istiqamətində yerlərdə hazırlıq işlərinə başlayıb.

Qeyd edək ki, pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.

Bəs bütün ölkə əhalisi icbari tibbi sığorta intizarında olduğu bir vaxtda niyə məhz Yevlax və Mingəçevir qabağa düşüb?

İcbari tibbi sığortanın öncə pilot layihə olaraq həyata keçirilməsini "Şərq”ə şərh edən millət vəkili Musa Quliyev qeyd etdi ki, belə bir təcrübə dünyada mövcuddur:

- Hansı ölkə icbari tibbi sığortaya keçibsə, öncə pilot layihə şəklində icra edilib. İcbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsində məqsəd budur ki, çatışmayan cəhətlər varsa, üzə çıxsın, əhali də maarifləndirilsin, məlumatlandırılsın. Yevlax rayonu və Mingəçevir şəhərinin seçildiyini isə yəqin ki, ekspertlər daha yaxşı izah edər. Hesab edirəm ki, bu rayon və şəhərin seçilməsi təsadüfi deyil. Burada həm rayon, həm də kənd modeli əsas götürülüb. Şəhər tipli və ya rayon tipli yerlərdə xəstələnmələr də müxtəlif olur. Əhalinin demoqrafik vəziyyətinə fikir verilir. Dövlət tibb müəssisələrinin həkim kadrları ilə təminatı, maddi-texniki baza nəzərə alınır. O cümlədən əhalinin xəstəxanalara gediş-gəlişinin asan olub-olmaması, xəstəxanaların yaşayış məntəqələrinə yaxınlığı və s. bir çox amillərə diqqət edilir.

M.Quliyev bildirdi ki, pilot layihələrin icrası, adətən 1 il müddətinə nəzərdə tutulur. Lakin bu, onu deməyə əsas vermir ki, 1 ildən sonra bütün ölkə ərazisində icbari tibbi sığorta həyata keçiriləcək:

- Bir ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq demək, risklidir. Bu iş tədricən, mərhələ-mərhələ həyata keçiriləcək. Yevlax rayonu və Mingəçevir şəhərindən sonra yəqin ki, hansısa digər bölgədə və ya şəhərdə layihənin icrası başlanılsın. İcbari tibbi sığorta mərhələ-mərhələ ölkə ərazisində icra olunacaq.

Millət vəkili qeyd etdi ki, icbari tibbi sığortanın tətbiqi üçün maliyyə resursları önəmlidir:

- Məlumdur ki, səhiyyə sisteminə maliyyə dövlət büdcəsindən ayrılır. İcbari tibbi sığortanın tətbiqi zamanı isə sığorta şirkətlərinə pul ayrılmalıdır. Əhalinin işləməyən hissəsi üçün - uşaqlar, pensiyaçılar, işsizlərə və s. dövlət maliyyə ayıracaq. İşləyənlər isə ya özləri, ya da işlədikləri müəssisə tərəfindən maliyyələşəcəklər. Burada əmək haqqının 4-5 faizi icbari tibbi sığortaya ayrıla bilər. Bunun da bir hissəsini işəgötürən, bir hissəsini də vətəndaş özü ödəyə bilər. Bu, sonranın işidir. İndilik pilot layihə həyata keçirilsin, çatışmayan cəhətlər bilinsin ki, sonradan problemlər yaranmasın.

Məlahət Rzayeva