
Mircəfər Bağırovun qohumu “ANS”i məhkəməyə gəlməməkdə qınayır
Həmid Herisçi: “Məhkəməyə getməmişəm, getmək fikrim də yoxdur”“Axı onun günahları da az olmayıb?”

Mircəfər Bağırovun bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırov "ANS” telekanalında, yazıçı-konspiroloq Həmid Herisçinin təqdimatında yayımlanan "Şəxsiyyət vəsiqəsi” verilişinə görə bir müddətdir ki, aparıcını məhkəməyə verib. Redaksiyamıza müraciət edən M.Bağırov Həmid Herisçini Mircəfər Bağırovu təhqir etdiyi və ona böhtan atdığı üçün məhkəməyə verdiyini iddia edir.
"Şəxsiyyət vəsiqəsi” verilişində M.Bağırovun təhqir edildiyi iddiasını irəli sürən Məmmədtağı Bağırov deyib ki, verilişin Mircəfər Bağırova həsr olunan sayında Bağırov ağır ifadələrlə aşağılanıb. Aparıcı Mircəfər Bağırovu "mirqəzəb”, "Hitler” kimi ifadələrlə təhqir edib.
Guya, M.C.Bağırov Stalinə məktub ünvanlayıb ki, Azərbaycanda repressiyaya uyğun bir neçə min adam güllələnməlidir: "Bu, böyük şəxsiyyətə iftiradır... Mir Cəfər heç vaxt belə bir məktub yazmayıb və yaza da bilməzdi. Əksinə, Mərkəzi Komitənin katibi A.Jdanov ona, yəni M.C.Bağırova məktub ünvanlayaraq repressiya ilə bağlı görülən işlər baradə məlumat vermədiyini irad tutub. Halbuki, o dövrdə digər müttəfiq respublikaların rəhbərləri repressiya olunanlar barədə mərkəzə yazılı məlumat veriblər. Amma Mircəfər Bağırovun belə bir məktubu olmayıb. O məktubu kim, hardan əldə edib? Şükür Allaha ki, indi sovet vaxtı deyil. Arxivlər də açılıb, hər şey aşkarlanıb. Mircəfər Bağırov haqqında həqiqətlər üzə çıxıb. Belə şayiələr əsasında insana ləkə yaxmaq düzgün deyil. Sovet rejimində şayiə yayan xüsusi adamlar olurdu, onlara xüsusi tapşırıqlar verilirdi, kimin haqqında hansı şayiəni yaysınlar. Bəs, verilişin yaradıcıları o məktubları hardan, hansı arxivdən tapıb? Hesab edirəm ki, o verilişdə Mircəfər Bağırova böhtan atılıb, ağır ifadələrlə aşağılanıb, şəxsiyyətinə kölgə salınıb. Ona görə də mən, Mircəfər Bağırov nəslinin nümayəndəsi kimi verilişin aparıcısı Həmid Herisçini məhkəməyə vermişəm və onun məsuliyyətə cəlb olunmasını istəyirəm. İndi qoy Herisçi Mir Cəfərin yazdığı həmin məktubu mənə göstərsin, əgər belə məktub varsa, mən bir böhtançı kimi qanun qarşısında cavab verməyə hazıram.
Amma gəlmir axı məhkəməyə!!! Artıq Səbail Rayon Məhkəməsində 2 məhkəmə prosesi keçirilib. Üçüncü isə may ayının 21-də baş tutacaq. Amma Həmid Herisçi heç bir prosesdə iştirak etməyib”.
M.Bağırovun iddiasına görə, "Şəxsiyyət vəsiqəsi” verilişində Həmid Herisçinin Mircəfər Bağırova böhtan atması azmış kimi Mirşahin Ağayev də "Hesabat” verilişində onu müdafiə edərək böhtanı daha da artırıb: "Məcburam ki, bu hərəkətinə görə, Mirşahin Ağayevi də məhkəməyə verim.
Mənim ANS-lə heç bir qərəzim yoxdur. Sadəcə olaraq, Mircəfər Bağırovun Stalinə məktub yazmadığı halda azərbaycanlılar haqqında güllələnmə qərarı istəmə ittihamına səssiz qala bilməzdim. Təsadüfə baxın ki, 1956-cı il 17 mayda Mircəfərin güllələnməsi ilə bağlı hökm yerinə yetirilib, 59 il sonra 2015-ci il 17 mayda isə Mirşahin Ağayev Mircəfəri xalqı qırğına verməkdə ittiham edib, onu təhqir edir”.
Məsələ ilə bağlı "Şəxsiyyət vəsiqəsi”nin aparıcısı Həmid Herisçinin mövqeyini də öyrəndik. Yazıçı-konspiroloq "Şərq”ə açıqlamasında Mircəfər Bağırov nəslinin nümayəndəsinin nəyə görə onu ittiham etməsinin başadüşülən olmadığını deyib:
"Məhkəməyə getməmişəm, getmək fikrim də yoxdur. Çünki yersiz ittihamdı. Bu günlərdə Mirşahin Ağayev də "Hesabat” verilişində bu mövzuya toxunub, "Mircəfər Bağırov dirilibmi?” adlı bir süjet hazırlamışdı ki, jurnalistin söz azadlığı var və o, istənilən mövzuya da azad şəkildə toxuna bilər.
Əslində, mən çox istəyərdim ki, gəlib məni həbs eləsinlər. Və biz görək ki, Mircəfər Bağırov dövrünün xofu hələ də canımızda qalıb. Elmdə keçmişin qayıtmasına xronoanamaniya deyirlər. Görünür, Mircəfər Bağırovun qohumu yenə də 37-ci illərin qayıtmasını istəyir. Mirşahin Ağayevin də məhkəmə ilə hədələnməsi onu göstərir ki, biz bu insanları islah edə bilmədik. Mircəfər Bağırov haqqında öz verilişimdə çox xoş ifadələr də işlətmişəm. Amma görünür, onlar məndən Mircəfər Bağırov haqqında mədhiyyə verilişi hazırlamağımı istəyirmiş. Mənsə bunu edə bilmərəm. Axı onun günahları da az olmayıb? Hətta deyərdim ki, ilk dəfə biz təkcə Mircəfər Bağırovun təkcə günahlarını yox, xidmətlərini də göstərdik.
Stalinə yazılan məktubun yalan olması faktına gəldikdə isə mən öz verilişimdə məktubu əldə etdiyim saytın adını da çəkmişəm. Axtarıb tapa bilərlər. Həmin sənəd hazırda Rusiyada siyasi partiyalar arxivində saxlanılır”.
Şəymən