Mitinq günlərinin dəyişdirilməsi pozitiv nəticə verməyəcək

Əliməmməd Nuriyev: “Əksinə, aksiyaların iş günlərinə salınması digər problemlərin ortaya çıxmasına səbəb olacaq”Sərdar Cəlaloğlu: “Siyavuş müəllim hüquqşünasdır. O, yaxşı bilməlidir ki, konstitusiyada bəhs edilən istirahət hüququ əmək fəaliyyəti ilə bağlıdır, avara-avara gəzməklə yox”
Azərbaycanda mitinqlərin keçirilmə günü və müddətinin müəyyənləşdirilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib. Deputat bildirib ki, bir tərəfə hər hansı hüquq veriləndə digər tərəfin hüquqları pozulur:
"Siyasi partiya, təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətindədir. Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina etsinlər və onların toxunulmazlığını təmin etsinlər”. Millət vəkili iddia edib ki, mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur: "Həmin ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nəsə danışmağına qulaq assın”. S.Novruzov "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna bu məsələ ilə bağlı müddəa əlavə olunmasını istəyib.
Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri millət vəkilinin təklifinə dəstək verməyiblər. Onların fikrincə, mitinqlərin iş gününə salınması digər hüquqların pozulmasına səbəb olacaq.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, siyasi və fundamental hüquqlarla bağlı təklif verəndə, öncə mövcud ictimai-siyasi şəraiti nəzərə almalıyıq. Həm daxildə, həm də kənarda: "Mitinq günlərinin dəyişdirilməsinin pozitiv nəticə verəcəyini düşünmürəm. Əksinə, aksiyaların iş günlərinə salınması digər problemlərin ortaya çıxmasına səbəb olacaq. Bu zaman nəqliyyatın sıx hərəkətinə, insanların işə gedib-gəlməsinə maneələr yaranacaq. İş saatı qurtarandan sonra da aksiya təşkil etmək düzgün deyil. Çünki axşam vaxtı mitinq keçirmək olmaz. Ölkədə insanların istirahət hüququ yüksək səviyyədə təşkil olunub. İstirahət üçün əhalinin seçim şansı çoxdur, hər yerdə təzə parklar salınıb”. Hüquqşünasın sözlərinə görə, hüquq-mühafizə orqanlarının işi insanların təhlükəsizliyini təmin etməkdir: "Polislər növbəli iş rejimi ilə çalışırlar və buna görə əlavə vəsait alırlar. Təbii ki, burada söhbət dinc mitinqlərdən gedir. Qeyri-dinc aksiyalar ümumiyyətlə qadağan olunmalı və onu təşkil edənlər məsuliyyətə cəlb edilməlidir”.
Qurum rəhbərinin fikrincə, bu cür qərarların qəbul edilməsi ölkəmiz üzərinə yeni qərəzli hücumların başlanmasına səbəb ola bilər: "Onsuz da Azərbaycanı istəməyən qüvvələr var. Boş yerə onların əlinə bəhanə vermək lüzumsuzdur. Düzdür, burda motiv pozitivdir, amma sözügedən dəyişiklik beynəlxalq hüquqla bağlı müəyyən mübahisələrə rəvac verə bilər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bildirib ki, mitinqlərin iş gününə salınması vətəndaşların siyasi hüquqları ilə sosial hüquqları arasında ziddiyyət yaradacaq: "Konstitusiyamıza görə, çalışan insanlar ildə bir dəfə aylıq məzuniyyət götürmək hüququna sahibdir. İnsanların bulvarda əylənməsinin, parklarda gəzməsinin qanunla nəzərdə tutulan istirahət hüququna heç bir aidiyyəti yoxdur. Parkda oturmaq sadəcə boş vaxtın dəyərləndirilməsidir. Siyavuş müəllim hüquqşünasdır. O, yaxşı bilməlidir ki, konstitusiyada bəhs edilən istirahət hüququ əmək fəaliyyəti ilə bağlıdır, avara-avara gəzməklə yox”.
Partiya sədri deyib ki, hüquq-mühafizə orqanları şənbə və bazar günləri də işləyirlər və günün hər saatında ictimaiyyətə cari nəzarət edirlər: "Polis bizim kimi həftə sonu gedib evində dincəlmir. Mitinq olsa da, olmasa da, onların işi insanların təhlükəsizliyini qorumaqdır. Hamının işləmək, istirahət etmək, eyni zamanda mitinqə qatılmaq hüququ var. Ancaq aksiyanın iş gününə salınması vətəndaşı məcburi seçim qarşısında qoyacaq. O, ya işə gedəcək, ya da mitinqə. Bu isə qanunvericiliyə ziddir. Konstitusiyada hüquqlar bərabər gücə malikdir”.
İsmayıl