Mitinq qanununa dəyişiklik edildi

Kütləvi aksiyaya 3 gün qalmış yox, 3 günə cavab veriləcək



Milli Məclisin dünənki iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə, 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

Müzakirəyə qoşulan Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, mitinqlərin keçirilmə günü və müddətinin müəyyənləşdirilməsi lazımdır. S.Novruzov bildirib ki, bir tərəfə hər hansı hüquq veriləndə, digər tərəfin hüquqları pozulur: "Bir siyasi partiya, siyasi təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətindədirlər. Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina etsinlər və onların toxunulmazlığını təmin etsinlər. Digər tərəfdən isə mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur. Çünki həmin ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nəsə danışmağına qulaq assın”.

Millət vəkili hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna bu məsələ ilə bağlı müddəa əlavə olunmalıdır.

Müzakirələrdən sonra layihəyə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar